MANAT ƏN RİSKLİ VALYUTALAR SIRASINDA –HESABAT
Moody’s Azərbaycanın bank sektorunun hələ də böyük valyuta riskləri ilə üz-üzə qaldığını bildirir
Yenixeber.org: Ən nüfuzlu beynəlxalq reytinq agentliklərindən biri olan olan Moody’s növbəti hesabatında Azərbaycanın bank sektorunun idarəçiliyində buraxılan səhvlərin mili valyutamıza mənfi perespektivlər vəd etdiyinə işarə vurub. Agentlik bildirib ki, manat neftin dünya bazarındakı qiymətlərindən olduqca güclü şəkildə asılıdır.
Ağentliyin hesabatında qeyd olunur ki, Rusiya rublu və Qazaxıstan tengesindən fərqli olaraq, Azərbaycan manatı hələ də düşdüyü ağır vəziyyətdən çıxa bilməyib və neft qiymətlərindən daha çox asılıdır: “Rus rublu və Qazaxıstan tengesi vəziyyətdən çıxa bildilər. Azərbaycan manatı isə hələ də neftin qiymətindən asılıdır. Manat xarici valyutaya olan yüksək təlabatın və ölkə iqtisadiyyatının stabilliyinə inamsızlığın fonunda daha da zəifləyir”.
Hesabatda Rusiya və Qazaxıstanın bankları və milli valyutalarından fərqli olaraq, Azərbaycan bankları və manatı riskli banklar və valyutalar siyahısına salınıb. Bu siyahıda ölkəmizin bank sektoru Tacikistan, Belorus və Ukrayna ilə eyni sırada durur. Agentlik dollarlaşma səviyyəsinin yüksək olduğunu bildirərək, bu vəziyyətin ölkənin bank sektoru üçün ciddi təhdid yaratdığını qeyd edir və ölkə iqtisadiyyatına inamsızlığın yüksək səviyyədə olduğunu vurğulayır.
Hesabatdakı maraqlı məqamlardan biri Özbəkistanla bağlıdır. Bu ölkənin valyutası MDB ölkələri sırasında ən stabili hesab olunur. Buna isə ölkənin milli valyutası olan Özbəkistan somunun şok effekti yaratmaqla, kəskin şəkildə deyil, mərhələlərlə – kiçik miqyaslarda devalvasiya edilməsilə nail olunub. Nəticədə ölkə bankları Azərbaycan banklarından fərqli olaraq, bu prosesdə nəinki külli miqdarda ziyan etmiş, əksinə, xeyli miqdarda qazanmışlar.
Yeri gəlmişkən qeyd edək ki, bir neçə gün öncə Rusiya Mərkəzi Bankı faiz dərəcələrini aşağı salıb. Azərbaycan Mərkəzi Bankı isə bundan öncə əksinə, dərəcələri yüksəltmişdi. Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina 2 gün əvvəl keçirdiyi mətbuat konfrasında bu məsələyə toxunaraq bildirib ki, onun rəhbərlik etdiyi qurum vaxtında doğru qərarlar verməklə, rublun daha stabil valyutaya çevrilməsinə nail olub: “Perspektivdə üzən məzənnədən imtina üçün heç bir əsas görmürəm. Üzən məzənnəyə keçid rublun volotilliyini(valyutanın kursundakı dəyişkənlik, qeyr-sabitlik-red.) xeyli azaltmışdır. İndi bu göstərici maliyyə bazarındakı digər əsas ölkələrlə eyniləşib. Artıq rublun volatilliyi neft qiymətlərinin volatilliyindən də aşağıdır…”
Ağıllı maliyyə siyasətinin nəticəsi olaraq, rubl neftin qiymətindən asılılığı minimuma endirib və bir çox hallarda “qara qızıl”ın ucuzlaşmasına rəğmən, milli valyuta olaraq dəyər itirmir, əksinə, qazanır.
Xatırladaq ki, hələ 2011-ci ildə rublun üzən məzənnəyə keçidi prosesinə başlanmış və bu iş 2014-cü ilin son rübündə yekunlaşmışdı. Artıq Mərkəzi Bank rublu saxlamaq üçün valyuta bazarına intervensiyalara son qoyaraq, iqtisadiyyatın tam sərbəst şəkildə öz milli valyutasına qiymət verməsinə şərait yaradıb.
Bunun müsbət nəticəsi də hazırda göz qabağındadır. Azərbaycan hökuməti və buyruq qulu olan Mərkəzi Bankın rəhbərliyi isə bu prosesi ləngidərək, 2 şok effektli devalvasiyadan sonra hərəkətə keçib. Vaxtında, yəni neft gəlirlərinin daha yüksək olduğu dönəmdə üzən məzənnəyə keçidin daha ağrısız və effektli olduğunu bildirən müstəqil ekspertlər həmin fürsətin əldən verildiyini iddia edirlər.
Elə Moody’s də bu mövzuya toxunaraq bildirir ki, idarəçiliyin effektivliyi milli valyutanın və deməli həm də ölkə iqtisadiyyatının taleyində mühüm rol oynayır: “Azərbaycanda situasiya ölkə iqtisadiyyatının stabilliyinin təmin olunması üçün aparılan dövlət siyasətinin effektivliyindən asılı olacaq…”
Fikrimizcə, əlavə şərhə ehtiyac yoxdur.
Azpolitika.info