GENERAL İNTİM VİDEO İLƏ ŞANTAJ OLUNUB! –ŞOK TƏFƏRRÜAT
Yenixeber.org: Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) reket “jurnalist”lərə qarşı əməliyyatının yeni təfərrüatları məlum olub. Bu iş üzrə hazırda 6 reket “jurnalist”, o cümlədən “Bizim dövr” qəzetinin (həmçinin eyni adlı saytın) redaktoru Surxay Əliyev və “Gündəlik Bakı” qəzetinin (həmçinin eyni adlı saytın) baş redaktoru Habil Vəliyev və onların istifadə etdikləri 2 qadın istintaqa cəlb olunub. Qadınlar istintaqla aktiv şəkildə əməkdaşlıq etdiklərindən onların barəsində həbs-qətimkan qərarı verilməyib.
DTX-nin açıqlamasına görə, həmin şəxslər gizli videoçəkilişlər aparmaqla və digər qeyri-qanuni yollarla şantajla məşğul olub, hədə-qorxu yolu ilə şantaj olunan şəxslərdən pul qoparıblar. Belə şəxslər sırasında yüksək vəzifəli məmurlar və onların övladları da olub.
Yada salaq ki, DTX rəisi Mədət Quliyev reket “jurnalist”lərə qarşı keçirilən əməliyyatlardan danışarkən demişdi ki, onlar qeyri-qanuni fəaliyyətlə məşğul olublar: “Bu, qalmaqallı məsələdir. Müəyyən vəzifəli adamlar, onların övladları ilə bağlı qeyri-qanuni videoçəkilişlər aparıblar və bununla əlaqədar pul tələb ediblər. Məsələ ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanıb. Bunlara hüquqi qiymət veriləcək”.
Qeyd edək ki, DTX-nın sözügedən şəbəkəyə qarşı əməliyyatından artıq 3 aydan çox vaxt keçib. Habil Vəliyev ötən il dekabrın 7-də, Surxay Əliyev isə ondan bir neçə gün əvvəl saxlanılmışdı. Bu həbslərin üzərindən keçən 3 aydan artıq müddətdə isə Habil Vəliyev, Surxay Əliyev və başqalarının ittiham olunduqları cinayət əməllərinin detalları barədə ictimaiyyətə heç bir məlumat verilməyib. Yəni bu cinayət işi üzrə zərərçəkənlərin kimliyi sirr olaraq qalır.
“AzPolitika.info”ya mötəbər mənbədən daxil olan məlumata görə, Habil Vəliyev, Surxay Əliyev və digərlərinin cinayət işində əsas zərərçəkənlərdən biri yüksək vəzifəli generaldır. Daha doğrusu, Habil Vəliyevlə Surxay Əliyev məhz bu generalın DTX-ya müraciəti əsasında bir neçə günlük əməliyyat hazırlığından sonra saxlanılıblar. Məlumata görə, Habil Vəliyevin əlində dövlət xidmətinin rəisi vəzifəsində çalışan (Bəlli səbəblərdən adını çəkmək istəmədiyimiz-red.) bu generalın oğlunun intim videogörüntüləri olub. Ehtimala görə, bu görüntülər vaxtilə H.Vəliyevə MTN-in Antiterror Mərkəzindəki dostları tərəfindən ötürülüb. H.Vəliyev əlindəki bu görüntü ilə generalı şantaj edib, onu internetdə yaymamaq müqabilində ondan 70 min manat (!) pul alıb.Lakin bir müddətdən sonra əlində həmin videogörüntü ilə Surxay Əliyev ortaya çıxıb və onu internetdə yayacağı ilə hədələyərək, generaldan 50 min manat tələb edib. Bundan sonra general məcburiyyət qarşısında qalaraq DTX-ya müraciət edib. Bu müraciət əsasında əvvəl Surxay Əliyev, ardınca isə Habil Əliyev DTX tərəfindən həbs olunublar.İstintaq zamanı bu dəstənin digər çoxsaylı cinayət əməlləri də ifşa olunub və hazırda da istintaq hərəkətləri davam etdirilir.
İllərdir MTN-in Antiterror Mərkəzinin himayəsi altında kriminal fəaliyyətlə məşğul olan sözügedən dəstənin qurbanlarının sayı isə yüzlərlə ölçülür. İstintaqın neçə nəfəri rəsmən zərərçəkən kimi tanıdığı isə məlum deyil. Bu həbslərin səbəbkarı olan generalın və onun oğlunun rəsmən zərərçəkən kimi tanınıb-tanınmadıqları da sirr olaraq qalır.