"MTN işi" nazirlikdə kiml
Eldar Mahmudov və dəstəsinin bu qurumdakı uzantıları ilə bağlı yeni təfərrüatlar
Xeberinfo.com: Bir neçə gün əvvəl saytımızda Səhiyyə Nazirliyi Əczaçılıq və Tibb Sənaye Birliyinin keçmiş baş dirketoru (ad və soyad bizə bəlli olsa da, hələlik adını açıqlamırıq) baş prokurorun birinci müavini Rüstəm Usubova müraciətini dərc etmişdik. Baş direktor bildirirdi ki, o, MTN-in hazırda həbsdə olan generalı Akif Çovdarovun hədə-qorxusu ilə tutduğu vəzifədən azad edilib. Səbəb isə onun Akif Çovdarova haqq vermək istəməməsi olub:
“Bu vəzifədə işlədiyim beş-altı ay olardı ki, özünü MTN-in işçisi kimi təqdim edən Azər adlı şəxs məni MTN-ə dəvət etdi. Mən bu haqda Elsevər Ağayevə məlumat verdim. O, mənə göstəriş verərək ”get də” dedi. “Axı orda mənim nə işim var?” söylədim. O, mənə “yəqin pul istəyirlər, apar ver, yoxsa sənin işin ağır olar” dedi.
Sən demə, Elsevər Ağayevin bu işdən xəbəri varmış və özü bu işi “Dərman Vasitələrinin Analitik Ekspertizası Mərkəzi” MMC-nin direktoru Əbülfəz Abdullazadə ilə birgə qurubmuş. Doğrudan da MTN-ə Akif Çovdarovun yanına gedəndə mənim qarşımda haqq vermək məsələsi qoyuldu. Etiraz edəndə Azər, o cümlədən Akif Çovdarov mənə “səninlə işləyə bilmərik” dedilər. Sonra Akif Çovdarov mənə “sən bizimlə əməkdaşlıq edə bilməzsən”, “mənim aylıq ”rasxodum” 450 min manatdan çoxdur”. Məhz buna görə də Akif Çovdarovun göstərişilə işdən azad olundum. O, mənə dedi ki, səhiyyə nazirinin müavini Elsevər Ağayevlə “Dərman Vasitələrinin Analitik Ekspertizası Mərkəzi” MMC-nin direktoru Əbülfəz Abdullazadə bizə “donos” verənlərdir”.
Həmçinin yazmışdıq ki, artıq bu şəxs Baş Prokurorluğa çağıralaraq ifadəsi alınıb.
Araşdırmalarımız nəticəsində bəlli olub ki, şikayətçinin hüquqi nümayəndəsi tanınmış hüquqşünas Əyyub Kərimdir.
Hüquqşünas bizimlə söhbətində yazdıqlarımızı təsdiqləyib: “Doğrudan da hüquqlarını müdafiə etdiyim şəxs, müəyyən səbəblərdən hələlik adını açıqlamıram, baş prokurorun birinci müavini Rüstəm Usubova müraciət edib. Müraciətdən sonra isə mənim iştirakımla onun ifadəsi alınıb. Təfərrüatları açıqlaya bilmərəm, çünki istintaq sirrini yaymamaq barədə iltizam vermişəm.
Hüquqlarını müdafiə etdiyim şəxs artıq Səhiyyə Nazirliyinə də çağırılıb. Lakin mən ona ora getməməyi tövsiyyə etmişəm. Çünki Səhiyyə Nazirliyində ondan izahat istənilməsi istintaq sirrinin yayılmasına səbəb ola bilər. Lakin böyük ehtimalla Səhiyyə Nazirliyində yüksək vəzifə tutanların bəziləri istintaqa çağırılacaq”.
Əyyub Kərim bir maraqlı faktı da diqqətimizə çatdırıb: “Hmin müraciətdə adı hallanan ”Dərman Vasitələrinin Analitik Ekspertizası Mərkəzi” MMC-nin direktoru Əbülfəz Abdullazadə özünü Prezident Administrasiyasının şöbə müdiri Fatma Abdullazadənin qohumu kimi təqdim edir. Həmçinin o, hüquqlarını müdafiə etdiyim şəxsə deyib ki, MTN-in “yubiley medalı” ilə təltif olunuö. Əbülfəz Abdullazadə MTN işçisi olmayıb. Akif Çovdarov hüquqlarını müdafiə etdiyim şəxsə deyib ki, o, MTN-ə donos verəndir. Mən oxuduqlarımdan, eşitdiklərimdən belə bilirəm ki, donos verənə adətən pul mükafatı verirlər. Bu şəxsə hansı xidmətlərinə medal veriblər, anlaşılan deyil”.
Azadliq.info