Oqtay Əsədov Səudiyyə Ərəbistanına təşəkkür etdi
Milli Məclisin sədri Səudiyyə Ərəbistanına təşəkkür edib.
Yenixeber.org:Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Səudiyyə Ərəbistanının Şura Məclisinin parlamentlərarası dostluq komitəsinin sədri Fayez bin Abdulla Əl-Şəhrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Parlamentin Mətbuat xidmətindən verilən məlumata görə, O.Əsədov belə səfərlərin münasibətlərin dərinləşməsinə xidmət etdiyini deyib.
O qeyd edib ki, Səudiyyə Ərəbistanı bütün dünya müsəlmanlarının görüşdüyü bir məkandır: “Xalqımızın qəlbində bu məkanın xüsusi yeri vardır. Müstəqil Azərbaycan Səudiyyə Ərəbistanı ilə qarşılıqlı əlaqələrin inkişafına həmişə böyük önəm vermişdir. Prezident İlham Əliyevin bu ölkəyə səfərləri zamanı aparılan danışıqlar əməkdaşlığımızın inkişafında yeni səhifə açmışdır. Bu günədək ölkələrimiz arasında 20 hüquqi sənəd imzalanmış, 11-i üzərində iş davam etdirilir. İqtisadi sahədə əlaqələrimiz inkişaf etməkdədir. Azərbaycanda Səudiyyə Ərəbistanı investisiyalı 16 müəssisə fəaliyyət göstərir. Onların fəaliyyət dairəsi, əsasən bank, sığorta, sənaye, xidmət və ticarət sahələrini əhatə edir. Azərbaycandakı münbit biznes mühiti ölkəmizi biznes yatırımları üçün cəlbedici edir. Parlamentlər səviyyəsində münasibətlərimiz də yüksələn xətlə inkişaf etməkdədir”.
Spiker bu ölkəyə səfərini və orada keçirdiyi görüşləri məmnunluqla xatırlayıb: “Biz Azərbaycan parlamentinin 100 illiyinə həsr olunmuş təntənəli iclasda Səudiyyə Ərəbistanı Şura Məclisinin sədri Abdulla bin Məhəmməd bin İbrahim Əl-Şeyxin iştirakını yüksək dəyərləndiririk. Hər iki ölkənin parlamentlərində dostluq qruplarının fəaliyyət göstərməsi ümumi məqsədlərə xidmət edir”.
O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində dəyişməz ədalətli mövqeyinə, bu günədək işğalçı Ermənistanla diplomatik münasibətlər qurmadığına görə qarşı tərəfə minnətdarlığını bildirib.
Səudiyyə Ərəbistanı parlamentinin gələcəkdə Xocalı soyqırımı ilə bağlı məsələyə münasibət bildirəcəyinə ümidvar olduğunu söyləyib.
Səudiyyə Ərəbistanının Şura Məclisinin Azərbaycanla parlamentlərarası dostluq komitəsinin sədri Fayez bin Abdulla Əl-Şəhri Bakıya səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını qeyd edib. O, Milli Məclis Sədrinin və onun başçılıq etdiyi nümayəndə heyətinin beynəlxalq təşkilatlardakı iştirakını yüksək dəyərləndirib: “Deputatların qarşılıqlı səfərləri, parlament spikerləri səviyyəsində görüşlərin keçirilməsi əlaqələrimizin daha da möhkəmlənməsinə yaxşı zəmin yaradır”.
Qonaq ölkəsinin müstəqil Azərbaycanla siyasi, iqtisadi, mədəni sahələrdə münasibətlərin daha da dərinləşməsində maraqlı olduğunu söyləyib. O, bölgənin ən ağrılı problemlərindən olan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində Azərbaycanın ərazi bütövlüyü prinsipi əsasında həllinə tərəfdar olduqlarını bir daha bəyan edib.
Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Səudiyyə Ərəbistanı ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Fəttah Heydərov, Səudiyyə Ərəbistanının ölkəmizdəki səfiri Haməd Abdullah Səud bin Xudeyr və digər rəsmi şəxslər iştirak ediblər.