Prezident yeni təyin olunmuş səfirlərlə görüşdü -Foto
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 29-da Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyrin etimadnaməsini qəbul edib.
Yenixeber.org: Səfir Haməd bin Abdullah bin Səud bin Xudeyr fəxri qarovul dəstəsinin qarşısından keçib.
Haməd bin Abdullah bin Səud bin Xudeyr etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini qeyd edən dövlətimizin başçısı əməkdaşlığın yüksək səviyyədə olduğunu, güclü siyasi əlaqələrin qurulduğunu bildirərək ölkələrimizin bir-birini beynəlxalq təşkilatlarda dəstəkləməsinin bunun parlaq təzahürü olduğunu deyi. Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycanın haqlı və ədalətli mövqeyini ardıcıl surətdə dəstəkləməsinin yüksək qiymətləndirildiyini vurğulayıb. Dövlətimizin başçısı ölkələrimizin iqtisadi, ticarət, investisiya sahələrində əməkdaşlığın daha da genişləndirilməsinə qarşılıqlı maraq göstərdiklərini və bu istiqamətdə birgə fəaliyyət həyata keçirdiklərini bildirib. Prezident İlham Əliyev Səudiyyə Ərəbistanından ölkəmizə gələn turistlərin sayının sürətlə artmasını əlaqələrimizin gözəl nümunəsi kimi dəyərləndirib. Dövlətimizin başçısı əməkdaşlığımızın geniş gündəliyə malik olduğunu qeyd edərək Haməd bin Abdullah bin Səud bin Xudeyrin səfir kimi fəaliyyəti dövründə qardaşlıq münasibətlərimizin daha da inkişaf etdirilməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyr xoş sözlərə görə minnətdarlığını bildirərək İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun salamlarını dövlətimizin başçısına çatdırıb. O vurğulayıb ki, Kral Salman bin Əbdüləziz Al Səud Azərbaycanla əlaqələrin inkişafına xüsusi əhəmiyyət verir.
Səfir Haməd bin Abdullah bin Səud bin Xudeyr Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında əlaqələrin yüksək səviyyədə olduğunu qeyd etdi, iqtisadi-ticari, investisiya, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu dedi. O, ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun salamlarına görə təşəkkür edib, onun da salamlarını Səudiyyə Ərəbistanının Kralına çatdırmağı xahiş edib.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 29-da Braziliya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruzun etimadnaməsini qəbul edib.
Səfir Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz fəxri qarovul dəstəsinin qarşısından keçib.
Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Przidenti İlham Əliyev səfirlə söhbət edib.
Dövlətimizin başçısı Azərbaycanın Braziliya ilə əlaqələrə böyük önəm verdiyini qeyd edərək ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu bildirib. Siyasi sahədə əlaqələrin qarşılıqlı anlaşmaya əsaslanaraq tarazlı şəkildə inkişaf etdiyini bildirən Prezident İlham Əliyev ticari-iqtisadi əlaqələrin və kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi üçün qarşılıqlı fəaliyyətin artırılmasının zəruriliyini qeyd edib. İki ölkə arasında aviasiya sahəsində əməkdaşlığa toxunan dövlətimizin başçısı, həmçinin mədəniyyət və turizm sahələrində də əlaqələrin inkişafı üçün geniş potensialın olduğunu bildirib.
Prezident İlham Əliyev Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruza səfir kimi Azərbaycanda fəaliyyəti dövründə uğurlar arzulayıb.
Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz Braziliyanın dövlət başçısının salamlarını Prezident İlham Əliyevə çatdırdı və Azərbaycanda fəaliyyətə başlamasından böyük məmnunluq hissi keçirdiyini qeyd edib.
Səfir ölkələrimiz arasında siyasi məsləhətləşmələrin aparıldığını qeyd edərək iqtisadi, ticarət və digər sahələrdə iki ölkənin mövcud potensialından istifadə edilməsi üçün səylərin artırılmasının zəruriliyini bildirib. O, ümidvar olduğunu dedi ki, iqtisadi məsələlər üzrə ikitərəfli işçi qrupunun keçirilməsi nəzərdə tutulan növbəti iclası bu istiqamətdə əməkdaşlığın inkişafına töhfə verəcək.
Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz ölkələrimiz arasında dostluğun və əməkdaşlığın inkişaf etdirilməsi üçün səylə çalışacağını bildirib.
Prezident İlham Əliyev Braziliya dövlətinin başçısının salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarının çatdırılmasını xahiş edib.