Baş nazirin müavini Derek Hoqanı qəbul edib
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov ABŞ-ın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqanı və səfirliyin hərbi attaşesi Kristofer Monohanı qəbul edib.
"Xeberinfo.com": Dövlət Komitəsindən verilən məlumata görə, Birləşmiş Ştatların Avropa Komandanlığının ABŞ-ın Azərbaycandakı səfirliyinin nəzdindəki Hərbi Əməkdaşlıq Şöbəsi vasitəsilə indiyədək həyata keçirilən və gələcəkdə keçirilməsi nəzərdə tutulan humanitar layihələr və gələcək planlarla əlaqədar keçirilən görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş insanların problemləri, onların həyat şəraitinin yaxşılaşdırılmasına dair müzakirələr aparılıb.
Qeyd olunub ki, Azərbaycanda bütün beynəlxalq humanitar və inkişaf təşkilatlarının səmərəli fəaliyyəti üçün hərtərəfli və şəffaf şərait yaradılmasının, bu təşkilatlar tərəfindən həyata keçirilən layihələrin Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası tərəfindən əlaqələndirilməsinin nəticəsidir ki, bütün layihələr daha çox ehtiyac duyulan prioritet sahələrə istiqamətləndirilir. Bunun nəticəsidir ki, ABŞ-ın Azərbaycanda fəaliyyət göstərən beynəlxalq humanitar və inkişaf təşkilatları da ötən müddət ərzində digər sahələrlə yanaşı, əsas diqqəti qaçqın və məcburi köçkünlərə səhiyyə xidmətinə, təhsil müəssisələrinin əsaslı təmirinə, məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları ictimai binaların təmirinə, mikrokreditlərin paylanmasına və digər bu kimi sahələrə yönəldib.
Dünyada baş verən münaqişələr nəticəsində qaçqın və məcburi köçkünlərin sayının artdığını, Azərbaycan dövlətinin iqtisadi inkişafının yüksəlməsi nəticəsində bu təbəqədən olan vətəndaşlarının problemlərinin, həllini öz üzərinə götürdüyünü, bütün bunlara baxmayaraq hələ də ağır şəraitdə yaşayan soydaşlarımızın olduğunu, bütün bunlara görə beynəlxalq humanitar təşkilatlar tərəfindən həyata keçirilən bütün layihələrin bizim üçün prioritet əhəmiyyət kəsb etdiyini vurğulayan Baş nazirin müavini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma ocaqlarından didərgin salınmış soydaşlarımıza istər ABŞ-ın ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar və inkişaf təşkilatlarının, istərsə də Birləşmiş Ştatların Bakıdakı səfirliyinin göstərdiyi humanitar yardımlara, həyata keçirdikləri humanitar və inkişaf layihələrinə görə təşəkkürünü bildirib və bu sahədəki əməkdaşlığın böyük önəm daşıdığını diqqətə çatdırıb.
Görüşdə Ə.Həsənov ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psakinin ölkəmiz haqqında qərəzli və heç bir reallığa söykənməyən fikirləri ilə bağlı narazılığını da bildirib.
ABŞ-ın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə, azərbaycanlı qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına, onların doğma ocaqlarına qaytarılmasına hər zaman xüsusi diqqət verdiyini deyən D.Hoqan Azərbaycanda gedən sürətli iqtisadi inkişafı, Azərbaycan dövlətinin qısa müddətdə beynəlxalq aləmdə böyük nüfuz sahibi olmasını, qaçqınların və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndirib, eyni zamanda, əvvəlki layihələr kimi, bundan sonra həyata keçiriləcək layihələrin də prioritet sahələrə uyğun şəkildə reallaşacağına əminliyini bildirib.
Görüşdə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində soydaşlarımızın problemlərinin həlli ilə bağlı qarşıda duran vəzifələr, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.