Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də Ümumdünya Antidopinq Agentliyinin prezidenti Kreyq Ridinın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Yenixeber.org: Dövlət başçısı Ümumdünya Antidopinq Agentliyinin Təsisçilər Şurasının və İcraiyyə Komitəsinin iclaslarının Azərbaycanda keçirilməsindən məmnunluğunu bildirib və bu tədbirlərdə dünyanın müxtəlif ölkələrindən xeyli sayda qonağın iştirak etməsinin önəmini qeyd edib.
Prezident İlham Əliyev tədbir iştirakçılarının Azərbaycana gəlişinin ölkəmizi daha da yaxından tanıması və uğurlu əməkdaşlığın perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyib.
Ölkəmizə səfərinin onun üçün çox xoş olduğunu bildirən Ümumdünya Antidopinq Agentliyinin prezidenti Kreyq Ridi Azərbaycan tərəfinin bu tədbirlərin təşkilinə böyük dəstək göstərdiyinə görə təşəkkürünü ifadə edib. O, tədbirlərdə müxtəlif ölkələrin nümayəndələrinin və ictimai xadimlərin iştirakının əhəmiyyətini vurğulayıb.
Kreyq Ridi azərbaycanlı həmkarları ilə dopinq əleyhinə mübarizə sahəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi apardıqlarını deyərək, Azərbaycanda Milli Antidopinq Agentliyinin yaradılmasını dopinq əleyhinə mübarizə işində irəliyə doğru çox mühüm addım kimi dəyərləndirib. O qeyd edib ki, Azərbaycanın mühüm idman dövləti və güclü antidopinq təşkilatına malik olduğu nəzərə alınaraq bütün bu işlər mühüm əhəmiyyət kəsb edir.
Dövlət başçısı Azərbaycan Milli Antidopinq Agentliyinin yaradılması işində Kreyq Ridinın rəhbərlik etdiyi Ümumdünya Antidopinq Agentliyinin dəstəyinə görə minnətdarlığını bildirib. Prezident İlham Əliyev Azərbaycanda iki il bundan öncə belə bir qurumun yaradılmasının idmanın, Olimpiya hərəkatının inkişafında mühüm addım olduğunu vurğulayıb və eyni zamanda, bunu idman sahəsində beynəlxalq əməkdaşlığa töhfə kimi dəyərləndirib. Dövlət başçısı ölkəmizdə Milli Antidopinq Agentliyinin beynəlxalq standartlara uyğun şəkildə fəaliyyət göstərdiyini və tam akkreditə olunduğunu deyib. Azərbaycanda idmanın inkişafına böyük önəm verildiyini deyən Prezident İlham Əliyev bildirib ki, ölkəmizdə keçirilən mühüm beynəlxalq idman yarışları - Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və digər tədbirlər və eləcə də keçirilməsi nəzərdə tutulan 15-ci Avropa Olimpiya Gənclər Festivalı Azərbaycanın bu sahədə əməkdaşlıq siyasətini və imkanlarını nümayiş etdirir. Dövlət başçısı ölkəmizin idman sahəsində böyük nailiyyətlər əldə etməsini, o cümlədən idmançılarımızın Rio Olimpiadasında 18 medal qazanaraq medalların sayına görə 14-cü yeri tutduğunu vurğulayıb. Prezident İlham Əliyev Azərbaycanın antidopinq məsələləri ilə bağlı Ümumdünya Antidopinq Agentliyi ilə bundan sonra da sıx əməkdaşlıq edəcəyinə əminlıyini ifadə edib.
*** 10:38
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də Ümumdünya Antidopinq Agentliyinin prezidenti Kreyq Ridinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.