Yenixeber.org: Bu sözləri Azərbaycan Respublikasının Almaniyadakı fəxri konsulu Otto Hauzer Almaniya Federal kanslerinin Bakıya səfərini şərh edərkən bildirib.
Fəxri konsulun fikrincə, bu səfər hər iki ölkəni bir-birinə daha da yaxınlaşdırdı. Bu, iqtisadi əməkdaşlığın gələcək inkişafı üçün yaxşı əsasdır. Bu səfər zamanı Azərbaycanın Almaniya və bütün Avropa İttifaqı üçün önəmi dəyərləndirildi.
Otto Hauzer hesab edir ki, bu səfərdən sonra peşə təhsili sahəsində əməkdaşlığın davam etdirilməsi üçün imkan yaranıb. Kanslerin Prezident İlham Əliyevlə danışıqları bu sahədə yeni təşəbbüslərə yol açıb. İndi Almaniya hökuməti fəxri konsul Otto Hauzer və Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevlə birgə bu layihəni irəlilətmək istəyir.
“Sumqayıt şəhərində peşə məktəbi inşa olunduqdan sonra müəllimlər hazırlanması prosesinə start verilməlidir”, - deyə fəxri konsul qeyd edib. Onun sözlərinə görə, bu təlimin Almaniyada keçirilməsi mümkündür.
İkili peşə təhsili Azərbaycan iqtisadiyyatı üçün çox vacib olmaqla yanaşı, Almaniyadan sənaye məhsullarının gətirilməsi üçün də böyük əhəmiyyət kəsb edir. Otto Hauzer hazırda Sumqayıtda avtomobil sektorunda belə bir sənaye istehsalının yaradılması üzərində iş aparır. “Bunun üçün bu sahə üzrə yaxşı yetişdirilmiş yerli mütəxəssislərə böyük ehtiyac var”, - deyə fəxri konsul şərhində bildirib.