Səlim Müslümov BƏT-in İdarə Heyətinin iclasında çıxış edib
Səlim Müslümov BƏT-in İdarə Heyətinin iclasında çıxış edib
Yenixeber.org: Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Beynəlxalq Əmək Təşkilatının (BƏT) İdarə Heyətinin Cenevrə şəhərində (İsveçrə) keçirilən 332-ci iclasının "Birləşmiş Millətlər Təşkilatının islahatı: BƏT üçün nəticələr" və "Dayanıqlı inkişaf üçün layiqli əməyin təşviqi" mövzuları üzrə üzv dövlətlərin yüksək vəzifəli rəsmilərinin çıxışları üçün nəzərdə tutulmuş hissəsində çıxış edib.
S.Müslümov bildirib ki, müasir dövrdə əmək sferasının gələcəyinə yeni texnologiyaların inkişafı, demoqrafik perspektivlər, əmək münasibətlərin tənzimlənməsi, miqrasiya prosesləri, bacarıqların artırılması və təhsil imkanlarının genişləndirilməsi kontekstində praqmatik baxışın formalaşdırılması dayanıqlı iqtisadi artımı, layiqli iş yerlərinin təmin olunmasını və bütövlükdə insan kapitalının inkişafını təmin edən yeni mexanizmlərin yaradılması üçün əsas şərtlərdən biridir. Bunu nəzərə alan Azərbaycan Hökuməti sosial tərəfdaşlarla birgə BƏT-in çağırışına cavab verərək, "Əməyin gələcəyi" təşəbbüsünə öz dəstəyini ifadə edib.
Nazir vurğulayıb ki, Azərbaycanda innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, əmək məhsuldarlığının artırılması, əhalinin sosial rifahının yüksəldilməsi Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu dövlət siyasətinin strateji hədəflərini təşkil edir: "Son illərdə yüksək inkişaf templərinə görə dünyanın lider dövlətləri arasında olan Azərbaycan Davos Dünya İqtisadi Forumu tərəfindən 2017-ci il üçün hazırlanan Qlobal Rəqabətqabiliyyətlilik hesabatında iqtisadiyyatın rəqabətə davamlılığına görə dünya ölkələri sırasında 35-ci yerdə qərarlaşıb. Son 12 il ərzində ölkənin Ümumi Daxili Məhsulu 3 dəfədən çox artıb, yeni iş yerləri yaradılıb, əhalinin gəlirləri 5,6 dəfə, minimum əmək haqqı 5,2 dəfə, orta aylıq nominal əmək haqqı 4,2 dəfə artıb, işsizlik və yoxsulluğun aşağı səviyyədə saxlanılmasına nail olunub".
İqtisadi nailiyyətlərin Hökumətə əhalinin sosial rifahının yaxşılaşdırılmasına istiqamətləndirilmiş siyasi məqsədlərin reallaşdırılmasına imkan yaratdığını qeyd edən S.Müslümov bildirib ki, yalnız ideya deyil, həm də onun reallaşdırılması üçün zəruri olan ictimai dəstək olmasaydı, bu nailiyyətlər əldə oluna bilməzdi: "Layiqli əməyin təmin edilməsini məhsuldar əməyə nail olunması, sabit və keyfiyyətli iş yerlərinin yaradılması, peşə təhsili sisteminin təkmilləşdirilməsi, işçi qüvvəsinin keyfiyyətinin artırılması, işsizlikdən sığorta və tibbi sığorta sistemlərinin tətbiqi, əməyin mühafizəsi, sosial dialogun gücləndirilməsi tədbirləri vasitəsi ilə reallaşdırırıq".
Nazir ölkəmizdə qeyri-formal məşğulluğun aradan qaldırılması, əmək bazarında kvalifikasiyaların iqtisadiyyatın artan tələbatına uyğunlaşdırılması, gender bərabərliyinin təmin olunması, əhalinin özünüməşğulluğunun inkişafı və s. məsələlərə xüsusi diqqət yetirildiyini qeyd edib. O, aparılan siyasətin ilk növbədə sosial müdafiə tədbirlərində əhatəliliyin, şəffaflığın və ünvanlılığın təminatına, əmək və sosial təminat sahəsində sürətli, rahat və şəffaf dövlət xidmətlərinə geniş çıxış imkanlarının yaradılmasına, sosial xidmətlərin təqdim edilməsində innovativ texnologiyaların tətbiqinə və bu əsasda aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsinə əsaslandığını vurğulayıb. Azərbaycanda 2016-cı ilin sentyabr ayında Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın yaradıldığını diqqətə çatdıran S.Müslümov əmək sferasının mövcud vəziyyətinin və gələcək perspektivlərinin üçtərəflilik (tripartizm) prinsipi əsasında qiymətləndirilməsi ilə bağlı ölkəmizdəki iş praktikasının BƏT tərəfindən ən yaxşı təcrübə nümunəsi kimi qəbul olunaraq region ölkələri üçün tövsiyə edildiyini bildirib.
Nazir qeyd edib ki, BMT-nin 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəliyindən irəli gələn öhdəliklərin icrasının əlaqələndirilməsi məqsədilə Azərbaycanda aidiyyəti dövlət orqanlarının və sosial tərəfdaşların rəhbər şəxsləri səviyyəsində Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması yeni Dayanıqlı İnkişaf Məqsədlərinin ölkəmiz üçün nə dərəcədə əhəmiyyətli olduğunu bir daha sübut edir: "2018-ci il 21 may tarixində Dayanıqlı İnkişaf Məqsədlərinin 8-ci məqsədinin icrasına dair Azərbaycanda keçiriləcək Beynəlxalq Konfransda dünyada əmək bazarının müxtəlif kontekstində Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşdırılmasında region ölkələrinin əldə etdiyi nailiyyətlər müzakirə olunacaq, bu sahədə BƏT və bütövlükdə BMT ilə gələcək əməkdaşlıq prioritetləri müəyyən ediləcəkdir".