İrəvan xarici ianələrdən asılıdır- ABŞ-da təqdimat
Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev noyabrın 1-də Qərbi Los-Anceles Ticarət Palatasının dəvətilə Palatanın üzvləri qarşısında Azərbaycana dair təqdimatla çıxış edib
Yenixeber.org: Təqdimatda öncə Azərbaycanın müstəqillik tarixindən danışan Nəsimi Ağayev Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqil dövlətçiliyin möhkəmləndirilməsi yolunda önəmli və ciddi addımların atıldığını, iqtisadiyyatın müxtəlif sahələrində mühüm islahatların aparıldığını vurğulayıb. Nəsimi Ağayev Azərbaycanda iqtisadi inkişafın bu gün sabit şəkildə davam etdyini vurğulayaraq, ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması istiqamətində hökumətin həyata keçirdiyi tədbirlər, qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın şaxələndirilməsi sahəsində atdığı addımlar haqda tədbir iştirakçılarını məlumatlandırıb. Diplomat Azərbaycan iqtisadiyyatına xarici sərmayələrin yatırılmasının önəminə toxunaraq, Azərbaycanla ABŞ arasında iqtisadi və biznes əlaqələrinin inkişafından bəhs edib. O, ölkəmizdə çoxlu sayda ABŞ şirkətlərinin iqtisadiyyatın müxtəlif sahələrində uğurla fəaliyyət göstərdiklərini bildirib. Azərbaycanın təşəbbüsü və iştirakı ilə regionda həyata keçirilən irimiqyaslı nəqliyyat və enerji layihələri barədə məlumat verən baş konsul, bir neçə gün öncə açılışı baş tutmuş Bakı-Tiflis-Qars dəmir yolu xəttinin tarixi və strateji önəmini qeyd edərək, bu dəmir yolunun Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yol olduğunu vurğulayıb.
Təqdimatda N.Ağayev Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasəti haqda da bəhs edərək, bu işğalçılıq nəticəsində bu gün Ermənistanın bölgənin ən zəif dövlətinə çevrildiyini, bütün regional meqa-layihələrdən kənarda qaldığını diqqətə çatdırıb. Baş konsul vurğulayıb ki, məhz bu yarıtmaz siyasətin nəticəsində Ermənistan müstəqilliyini əldə etdikdən sonra 1 milyondan çox əhalisini itirərək, tamamilə xarici yardımlardan asılı vəziyyətə düşüb. N.Ağayev bildirib ki, Azərbaycan torpaqlarını işğaldan azad etməyincə, Ermənistanın regiona inteqrasiya edərək inkişaf etməsi qeyri-mümkündür. Sonda baş konsul iştirakçıların çoxsaylı suallarını cavablandırıb.
Qeyd edək ki, Los-Ancelesdə yüksək nüfuza sahib olan Palata özündə 1200-dən çox tanınmış şirkəti birləşdirir. Palatanın üzvləri qarşısında mütəmadi olaraq Los-Anceles meri, ABŞ konqresmenləri və senatorları və digər Kaliforniya siyasətçiləri çıxış edib.