DTX -ya yeni səlahiyyətlər verildi
Yenixeber.org: Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən aparılan təhqiqat və ibtidai istintaq zamanı götürülmüş əşyaların, pulların və digər qiymətlilərin məhkəmənin qərarınadək uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi proseduru müəyyənləşib
Bu, DTX-nin qərarı ilə təsdiqlənən “Götürülmüş əşyaların, pulların və digər qiymətlilərin məhkəmənin qərarınadək Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi barədə Təlimat”da əksini tapıb.
Təlimata əsasən aşağıdakı əmlak uçota götürülür və saxlanılır:
– tarixi, elmi, bədii və mədəniyyət baxımından xüsusi əhəmiyyət kəsb edən qiymətli əşyalar və sənədlər;
– Azərbaycan və digər dövlətlərin orden və medalları;
– milli və xarici valyutada olan pul vəsaitləri, bank kartları;
– dövlət daxili uduş istiqrazları, lotereya biletləri, əmanət kitabçaları, sertifikatlar, səhmlər, veksellər, çeklər və digər qiymətli kağızlar;
– qiymətli metallar-istənilən şəkildə, vəziyyətdə, o cümlədən külçə və affinaj olunmuş (saflaşdırılmış, təmizlənmiş halda), habelə xammalda, xəlitələrdə, yarımfabrikatlarda, sənaye məhsullarında, kimyəvi birləşmələrdə, zərgərlik və digər məişət tullantılarında, sikkələrdə, qırıntılarda, istehsal və məişət tullantılarında olan qızıl, gümüş, platin və platin qrupu metallar (palladium, iridium, rodium və ritenum) ;
– qiymətli daşlar-işlənilmiş şəkildə olan almazlar, zümrüdlər, yaqutlar, sapfirlər, aleksandritlər;
– qiymətli metallardan və qiymətli daşlardan və qiymətli metallardan və onların əlvan metallarla ərintilərindən, qiymətli daşlardan xüsusi emal edilmiş qiymətli və ya yarımqiymətli və bəzək daşları ilə bəzədilmiş və ya bəzədilməmiş bədii estetik, məişət məqsədləri üçün istifadə edilən, bədii-incəsənət tərtibatına malik olan zərgərlik və məişət əşyaları;
– korpusu qiymətli metaldan olan bütün sistemlərdən olan saatlar;
– dini ibadət (ayin) əşyaları;
– mülki dövriyyəsi məhdudlaşdırılmış və mülki dövriyyədən çıxarılmış əşyalar;
– adları çəkilməyən digər qiymətlilər.
DTX tərəfindən təhqiqat və ibtidai istintaq zamanı götürülmüş əşyalar, pullar və digər qiymətlilər törədilmiş cinayət işinə aidiyyətindən, xüsusiyyətlərindən qiymətindən asılı olaraq, cinayət işinin içində, saxlama kameralarında, həmin orqanların maliyyə xidmətlərində, müvəkkil banklarda və ya təhqiqat, ibtidai istintaq orqanlarının müəyyən etdiyi yerlərdə saxlanılır. DTX tərəfindən təhqiqat və ibtidai istintaq zamanı götürülmüş əşyalar, pullar və digər qiymətlilər törədilmiş cinayət işinə aidiyyətindən, xüsusiyyətlərindən qiymətindən asılı olaraq, cinayət işinin içində, saxlama kameralarında, həmin orqanların maliyyə xidmətlərində, müvəkkil banklarda və ya təhqiqat, ibtidai istintaq orqanlarının müəyyən etdiyi yerlərdə saxlanılır.
Götürülmüş və üzərinə həbs qoyulmuş silah, döyüş sursatı, partlayıcı maddələr müvəqqəti saxlanılması üçün Maddi-texniki qurumunun (MTQ) silah-sursat anbarına təhvil verilir. İstintaq hərəkətləri zamanı götürülmüş qiymətli metallar (qızıl, gümüş, platin və platin mənşəli digər metallar) və daşlar (almaz və sair), mirvari, onlardan hazırlanan zərgərlik əşyaları və ya onların qırıntıları, habelə qiymətli metaldan sikkələr müvafiq baxışın keçirilməsindən dərhal sonra, lakin götürmə hərəkəti edildiyi andan 7 gündən gec olmayaraq müvəqqəti saxlanılması üçün İstintaq qurumu (İQ) tərəfindən qablaşdırılmış və möhürlənmiş halda müvəkkil bankın saxlama kamerasına təhvil verilir. İstintaq zamanı götürülmüş tədavüldə olmayan külçə, şlix, təbii halda tapılan saf mədən, qırıntı, yarımfabrikat, istehsalat və ya laboratoriya təyinatlı məmulat şəkilində qiymətli metallar və digər təbii qiymətli daşlar müvafiq baxış keçirildikdən sonra, xüsusi təhqiqata ehtiyac olmadığı təqdirdə məhsul saxlanca təhvil verilir. İstintaq hərəkətləri zamanı götürülmüş milli və ya xarici valyuta ilə nağd pullar, baxış keçirildikdən dərhal sonra, lakin götürüldüyü andan 7 gündən gec olmayan müddətdə müvəqqəti saxlanması üçün DTX-nin Maliyyə qurumu ( MQ) vasitəsi ilə müvəkkil banka xüsusi açılmış depozit hesabına və ya saxlama kamerasına təhvil verilir.
İstintaq hərəkətləri zamanı götürülmüş çeklər, istiqraz vərəqələri və lotereya biletləri, əmanət kitabçaları sertifikatlar, akkreditivlər, bankın çekləri və çek kitabçaları, müvəkkil bank tərəfindən yuxarıda qeyd olunan istiqraz vərəqələrinin, sertifikatlarının və digər qiymətli kağızların qəbulu barədə verilmiş şəhadətnamələri baxış keçirildikdən sonra daxil olduğu vaxtdan 7 gün müddətinə MQ vasitəsi ilə zərflərə qoyulub idarənin rəisi və baş mühasibi tərəfindən imzalanmış müşayiət məktubu ilə müvəqqəti saxlanılması üçün müvəkkil banka təhvil verilir. Bu zaman həmin əşyaların zərflərə qoyulması 3 nəfər əməkdaşın şahidliyi ilə həyata keçirilir və həmin şahidlər bunu imzaları ilə zərfin üzərində təsdiq edirlər. İstintaq hərəkətləri zamanı götürülmüş milli və ya xarici valyuta ilə nağd pul, həmçinin digər qiymətli kağızlar cinayət təqibi üzrə icraatın materialında o halda saxlanılır ki, onların fərdi əlamətləri cinayət təqibi üzrə əhəmiyyət kəsb edir. Cinayət təqibi üzrə icraat başa çatanadək cinayət prosesini həyata keçirən orqan maddi sübut kimi sayılmış tez xarab olan əşyaları, məişətdə gündəlik tələbat əşyalarını qulluğa ehtiyacı olan ev heyvanlarının, quşları və digər heyvanları verilmiş mülki iddianın və ya əmlak tələbinin təmin edilməsi üçün üzərinə həbs qoyulmamış avtomobil və digər nəqliyyat vasitələrini mülkiyyətçiyə və ya qanuni sahibinə qaytarır. Xüsusi saxlanma şəraiti tələb edən tez xarab olan və sair ərzaq malları götürülüb, baxış keçirildikdən və malların keyfiyyəti üzrə dövlət inspeksiya orqanları və ya sanitar nəzarəti orqanları tərəfindən onların keyfiyyəti yoxlanıldıqdan sonra dərhal müvafiq qərar qəbul edilməklə satışı təşkil edilir.
Əşya, pul və digər qiymətlilər məhkəmənin hökmü və ya cinayət təqibini həyata keçirən orqanın qərarı ilə şəxs barədə cinayət təqibinə bəraətverici əsaslarla xitam verildikdə, məhkəmənin yekun qərarında bu əşyaların mülkiyyətçisinə və ya qanuni sahibinə qaytarılması nəzərdə tutulduqda mülkiyyətçisinə və ya qanuni sahibinə qaytarılır. Götürülmüş əşya, pul və digər qiymətlilər sahibinə və yaxud onun vəkalət verdiyi şəxsə bəraət alma və ya işin xitam olunmasından sonra 20 gün müddətində əmlakın təhvil verilməsi barədə qəbz təqdim edilməklə, kassa məxaric orderi əsasında qaytarılır. Qəbz itirilmiş olarsa, əmlak vətəndaşın müraciət ərizəsinə əsasən qaytarılır. Bu zaman pulun və digər qiymətli kağızların məbləği, əmlakın adı, xüsusiyyətləri və təhvil verilmə tarixi ərizədə göstərilməlidir. Əmlakın sahibinə qaytarılması o halda həyata keçirilir ki, məhkəmənin hökmü barədə bildiriş təqdim ediləndən sonra 10 il ərzində o, ərizə ilə DTX-yə müraciət etmiş olsun. Əgər iddia müddəti ərzində qiymətli əşya sahibi və ya vəkalətnamə ilə başqa şəxs həmin qiymətli əşyanın qaytarılması üçün müraciət etməzlərsə, əşyaların qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətinə keçməsi üçün zəruri tədbirlər görülür.
Əşya, pul və digər qiymətlilər aşağıdakı hallarda dövlət mülkiyyətinə keçirilir:
– həmin əşya və pulların müsadirə edilməsi barədə məhkəmə hökmü qanuni qüvvəyə mindikdə;
– əşya və pul sahibi 10 il ərzində tələb etmədiyi halda;
– əşya, pul və digər qiymətlilərin sahibini tapmaq mümkün olmadıqda (sahibsiz əmlak). (apa)