Uşaq Evləri İdarəsində nöqsanlar
Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət büdcəsinin yerli xərclərindən 2014-2016-cı ildə Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinə (İdarə) ayrılmış vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə Hesabatı müzakirə edərək təsdiq edib.
Xeberinfo.com: Palatadan verilən məlumata görə, idarənin nəzdində 344 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir ki, onlardan da 30-u Yasamal, 18-i Səbail, 23-ü Qaradağ, 34-ü Binəqədi, 37-si Nəsimi, 24-ü Nizami, 28-i Nərimanov, 41-i Sabunçu, 23-ü Xəzər, 3-ü Pirallahı, 48-i Xətai, 35-i Suraxanı rayonlarının ərazisində yerləşir.
Məktəbəqədər təhsil müəssisələrində 2135 vahid proqnoza qarşı 1971 vahid qrup yaradılmışdır ki, bu da məktəbəqədər təhsil müəssisələrinin mövcud potensialının 92,3%-i deməkdir.
2016-cı ildə 40627 uşaq yerinə qarşı məktəbəqədər uşaq müəssisələrinə 37322 uşaq cəlb olunmuş, həmin uşaqlardan yaradılmış qrupların 1624 ədədi və ya 82,4 %-i böyük (3-6 yaş), 347 ədədi və ya 17,6 %-i körpə (2-3 yaş) qruplardan ibarət olmuşdur. Yaradılmış qrupların 1833-ü 5 günlük 12 saatlıq, 35-i 5 günlük 10,5 saatlıq, 1-i 5 günlük 9 saatlıq,17-si 6 günlük 12 saatlıq, 72-si 6 günlük 10 saatlıq, 6-sı 6 günlük 24 saatlıq və 7-si 7 günlük 24 saatlıq iş rejimi ilə fəaliyyət göstərir.
Məktəbəqədər uşaq müəssisələrindən başqa İdarənin nəzdində 3 uşaq evi fəaliyyət göstərir ki, bu müəssisələrdə də 525 uşaq yerinə qarşı 485 uşaq, o cümlədən 1 nömrəli Uşaq Evi üzrə 108 uşaq, 2 nömrəli Uşaq Evi üzrə 274 uşaq və 3 nömrəli Uşaq Evi üzrə 103 uşaq tərbiyə olunur. Onlardan 100 nəfəri 3-6 yaş, 385 nəfəri isə 7-16 yaş arasında olan uşaqlardır.
Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinə dövlət büdcəsinin yerli xərclərindən auditin əhatə etdiyi dövrdə ayrılmış vəsaitlər 2014-cü ildə 98,9% (o cümlədən 2014-cü ilin ikinci yarısında 99,4%), 2015-ci ildə 91,9% və 2016-cı ilin ilk rübündə 61,7% icra edilmiş, icra prosesində dörd halda xərclər smetasında dəqiqləşdirilmə aparılıb.
İdarə tərəfindən büdcə vəsaitlərinə tələbatın hazırlanması prosesində ayrı-ayrı məktəbəqədər təhsil müəssisələrindən və uşaq evlərindən büdcə vəsaitinə olan real tələbat barədə sifarişlər tələb edilməyib, əvvəlki illərdə nəzərdə tutulmuş vəsaitlərin icrası nəzərə alınmamış, bəzi xərclər üzrə tələbatdan artıq təkliflər təqdim edilib, bir sıra xərc istiqamətləri üzrə təklif olunan məbləğlər kifayət qədər əsaslandırılmayıb.
Eyni zamanda, Bakı şəhərinin müvafiq rayonları üzrə, həm də rayon daxili məktəbəqədər uşaq müəssisələri və uşaq evləri üzrə uşaq günlərinin düzgün müəyyənləşdirilməməsi nəticəsində 1 uşaq gününə düşən ərzaq xərci proqnozu və faktiki xərci əhəmiyyətli şəkildə fərqli olmuş, müəssisələrin tələbatı, real faktiki xərci tam öyrənilmədiyindən məktəbəqədər uşaq müəssisələrinə artıq inventar, avadanlıq, eləcə də təsərrüfat malları alınıb.
İdarə tərəfindən satın alınan malların ehtimal olunan qiymətlərinin düzgün müəyyənləşdirilməməsi, funksional fəaliyyətinə aid olmayan alışların həyata keçirilməsi, "Təhsil ocaqlarında, xəstəxanalarda və sosial sahənin digər ictimai müəssisələrində vətəndaşların qida normalarının tətbiq edilməsi" barədə müvafiq qərarın tələblərinə bir sıra hallarda əməl edilməməsi, mərkəzləşdirilmiş qaydada verilən əsas vəsaitlərin uçota qəbul edilməməsi kimi nöqsanlara yol verilib..
Müvafiq normativ-hüquqi aktların bəzi tələblərinə əməl edilməyərək bir sıra hallarda ümumi orta təhsilli və ya kurs qurtarmış şəxslər ali və orta ixtisas təhsili tələb olunan vəzifələrə təyin edilib.
Auditlə əhatə olunan dövrdə sayğacların quraşdırılması, çəkilişi və təmiri ilə əlaqədar vəsait nəzərdə tutulduğu halda 10 məktəbəqədər uşaq müəssisəsində su sayğacları quraşdırılmamış, nəticədə su xərclərinin ödənilməsi zamanı büdcə vəsaitlərinin səmərəsiz istifadəsinə şərait yaradılıb.
Hesablama Palatasının Kollegiyası Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığını nəzərə almaqla müəyyən edilmiş digər nöqsanların qısa müddət ərzində aradan qaldırılması, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib.
İcra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə Qərarın surəti Bakı Şəhər İcra Hakimiyyətinə və Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinə göndərilib.
Auditin nəticələri ilə bağlı Milli Məclisinə məlumat verilib.