Bələdiyyə sədri ilə qarşıdurmaya gedən icra nümayəndəsi işdən getdi
Bir müddət əvvəl Neftçala Bələdiyyəsinin sədri Aydın Aslanovla küçədəki zəncir sədd üstündə qarşıdurmaya gedən Neftçala şəhəri üzrə icra nümayəndəsi Gülqədəm Mirzəzadə öz ərizəsi ilə işdən gedib.
Xeberinfo.com: Virtualaz.org saytının Şirvan bürosunun bir müddət əvvəl verdiyi məlumata görə, Neftçala Bələdiyyəsinin sədri Aydın Aslanovla Neftçala şəhər Kommunal Təsərrüffat İdarəsinin rəisi Firudin Nağıyev arasında inzibati binanın qarşısındakı küçədə yaranmış qarşıdurmaya polis müdaxilə etmişdi.
Neftçala bələdiyyəsinin sədri Aydın Aslanov isə baş verənlərlə bağlı virtualaz.org saytının Şirvan bürosuna danışaraq hadisə barədə saytımızın məlumatını təsdiqləmişdi.
Bələdiyyə sədri bildirmişdi ki, keçmiş “rayispolkom” adlanan inzibati binada Neftçala bələdiyyəsi ilə yanaşı, bir neçə dövlət qurumu, o cümlədən Şəhər icra nümayəndəliyi yerləşir.
«Bələdiyyənin yerləşdiyi binanın qarşısına xeyli müddət əvvəl öz vəsaitimiz hesabına zəncir sədd quraşdırmışıq ki, burada yerləşən qurumlara gələn vətəndaşlara qarşıdakı küçədə avtomaşınlar maneə törətməsin, avtomaşınlar pilləkənlərə dirənib vətəndaşların keçməsinə problem yaratmasın. Bu isə şəhər icra nümayəndəsi Gülqədəm xanıma xoş gəlmir... Digər tərəfdən, sədd quraşdırılmış yer bələdiyyə torpağıdır. Amma əvvəllər 2 dəfə həmin zəncirlər gecə yarısı kimlərsə tərəfindən kəsilərək götürülüb. Buna görə polisə şikayət də etmişik. Hadisə baş verən gün xəbər tutduq ki, “kommunxoz“ müdiri traktorla səddi sökdürür. Mən ona iradımı bildirdikdə dedi ki, əcəb edirəm. Ona görə də, aramızda qarşıdurma yarandı və mülkiyyətimiz oğurlandığından, mən hadisə yerinə polis çağırdım. Amma eşitdiyimə görə, qarşı tərəf də mənə qarşı şikayət verib», - Aydın Aslanov demişdi.
Hadisədən bir neçə gün keşdikdən sonra isə Neftçala bələdiyyəsinin sədri Aydın Aslanov YAP-dan çıxarılmışdı. Bu barədə məlumatı isə virtualaz.org saytının Şirvan bürosuna Yeni Azərbaycan Partiyası Neftçala Rayon Təşkilatının sədri Anar Cəfərov vermişdi.
O bildimişdi ki, Neftçala bələdiyyəsinin sədri Aydın Aslanovun son vaxtlar partiya üzvlüyü ilə bir araya sığmayan hərəkətləri barədə rayon təşkilatının İdarə heyətinə daxil olmuş müraciət müzakirə edilib və yekdilliklə belə bir qərar qəbul olunub.