Ərdoğan qiyamçıların əlindən necə xilas oldu?
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hərbi çevrilişə cəhd edən hərbçilərin gəlişindən cəmi yarım saat əvvəl Marmarisdə qaldığı oteli tərk edib.
Xeberinfo.com: Virtualaz.org xəbər verir ki, Ərdoğanın qiyamçıların əlindən son anda xilas olmasının sensasion təfərrüatlarını Al Jazeera telekanalı yayıb.
Məlumata görə qiyamın təşkilatçıları Ərdoğanın qaldığı otelə onu həbs etmək, yaxud öldürmək üçün 3 vertolyotla hərbçilər göndəriblər. Xüsusi təyinatlılar vertolyotlardan otelə kəndirlə eniblər. Ərdoğanı həbs etmək əməliyyatına vertolyotlardan 25-ə yaxın xüsusi təyinatlı endirilib. Lakin onlar oteldə Ərdoğanın mühafizəçiləri və çevik polis qüvvələri ilə qeyri-bərabər döyüşə girməli olublar.
Ərdoğan özü isə həmin vaxt oteldə deyildi və qiyamçıların gəlişindən cəmi yarım saat əvvəl oteli tərk etməyə imkan tapmışdı. “Reuters” agentliyinə məlumat verən mənbə deyib ki, Ərdoğan ölümdən “sayılı dəqiqələr hesabına” qaça bilib.
Türkiyə prezidentinin Gulfstream IV biznes-jeti Marmaris ətrafındakı Dalaman aerportundan yerli vaxtla saat 20.40-da havaya qalxıb. Lakin havada onun təyyarəsini qiyamçıların F-16 qırıcıları haqlayıb. “Onlar Ərdoğanın təyyarəsinin və təyyarəni müşaiyət edən iki F-16 qırıcısının radarlarını kilidləyiblər”-adının açıqlanmamasını istəyən keçmiş türk zabiti bildirib.
Mənbə deyib ki, məlum olmayan səbəblərdən qiyamçılar Ərdoğanın təyyarəsini vurmayıblar və təyyarənin İstanbul Atatürk hava limanına enməsinə imkan veriblər.
“Reuters” çevriliş cəhdinin bəzi başqa detallarını da yayıb. Məlumata görə hava qüvvələrinin Ərdoğana sadiq qırıcıları Ankaranın qərbindəki aviabazadan qalxaraq qiyamçıların nəzarətinə keçmiş Akıncı aviabzasına zərbə endiriblər. Lakin qiyamçıların qırıcıları həmin vaxt artıq havada idi və İncirlikdəki NATO bazasından qaldırılmış yanacaqdolduran təyyarənin hesabına uzun müddət havada qala biliblər.
Bu məlumatlar da təsdiq edir ki, qiyamçıların Ərdoğanı neytrallaşdırmaq üçün bütün imkanları olub. Lakin onlar bunu nədən etməyiblər, məlum deyil.