"Avtoş"luq edən məmur balası niyə həbs olunmadı?
240 surətlə gedən Yevlax gömrüyünün rəisinin oğlu imiş
"xeberinfo.com":Sosial şəbəkədə ən çox baxılan videoroliklərdən biri də aeroport yolunda 2 avtomobilin sürət yarışına çıxması haqdadır. Videorolikdə “BMW X6" və ”Lada Priora" markalı avtomobillərin sürücülərinin ötüşdürdükləri əks olunur. Bir-birini ötmə yarışında hər iki avtomobilin sürət həddi 240 km/s-dan çox olub.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətinin rəis müavini Ehsan Zahidovla aıqama verib. E.Zahidov deyib ki, söhbət sürət həddinin aşılmasından, yol hərəkəti qaydasının pozulmasından gedirsə, müvafiq tədbir görülür: “Radarlar, videomüşahidə cihazlarımız qeydə alırsa, sözsüz ki, sürücü barədə tədbir görülür”.
Rəis müavini “DİN əməkdaşları xuliqanların kim olduğunu videogörüntülərlə araşdıra bilirlər” sualına belə cavab verib: “Radarlar həmin görüntüləri çəkibsə, yəni onların hərəkəti radarlara düşübsə, adi qaydada digər sürücülər kimi, onlar da dəvət olunur və inzibati qaydada cəzalandırılır”.
E.Zahidov vurğulayıb ki, sürət aşılıbsa və həmin sürət həddinin aşılması, qayda pozuntusu radarlara düşübsə, müvafiq qaydada da tədbir görüləcək.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov isə deyib ki, artıq avtoxuliqanların kimliyi onlara məlumdur: “Axtarışları barədə iş gedir. Sənədləşdirilən kimi ad-soyadlarını sizə deyəcəm. Söz verə bilmirəm ki, bu gün onları tutacam, sənədləşdirib sizə bildirəcəm. Hər halda, nəzarət gücləndirilib, o maşınların axtarışı ilə bağlı iş davam edir”. V.Əsədov deyib ki, web-saytlarda olan məlumatları izləyir, reaksiya verirlər: “Kimsə qaydanı pozub onun görüntülərini KİV vasitəsilə yayırsa, bunun məsuliyyətini də dərk etməlidir. Bundan əvvəl də 3 nəfər belə qayda pozuntusunu videolentə alıb, saytlarda yerləşdirmişdilər. Onların 3-ü də saxlanıldı və sürücülük hüququndan məhrum edildilər”.
Məlumata görə, hüquq-mühafizə orqanları oliqarxların və məmurların qanunları tapdalayan balalarına qarşı yeni həbslər həyata keçirməyə hazırlaşır.