FAZİL MƏMMƏDOVLA “İDXAL MAFİYASI” ARASINDA SAVAŞ GENİŞLƏNİR
Azərbaycan Vergilər Nazirliyi “Neptun” və “Grand” marketlər şəbəkələrində yoxlamalara başlayıb. Yoxlamalar bu gün səhər saatlarında başlayıb.
Xeberinfo.com: “Report”un əməkdaşlarının “Neptun” marketlər şəbəkəsinin Nəcəfqulu Rəfiyev küç.,25A ünvanında yerləşən “Neptun Xətai” (“Xətai” m/st. yaxınlığında) və Rəsul Rza küçəsi,29/42 (“H.Aslanov” m/st. yaxınlığında) ünvanında yerləşən “Neptun Həzi Aslanov” marketlərində, həmçinin “H.Aslanov” metrosu yaxınlığında yerləşən “Grand” marketində apardığı müşahidələr faktı təsdiq edib.“Neptun Xətai”də yoxlamalara mülki geyimli 4 vergi əməkdaşı cəlb edilib. Onlardan ikisi kassa əməliyyatlarını yoxlayır, digər ikisi isə market daxilində müşahidələr aparırlar.
“Neptun Həzi Aslanov”da da səhər saatlarında müştərilər vergi işçilərinin kassa aparatlarında yoxlama apardıqlarını müşahidə ediblər.
Vergilər Nazirliyindən məsələ ilə bağlı şərh verilməyib.
Xatırladaq ki, ötən gün “Rahat”, “Bizim”, “Fresko”, “Səbət”, “Makromart”, “Araz”, “Neptun”, “Bolmart”, “Favorit” kimi iri market şəbəkələrinin rəhbərləri iqtisadiyyat naziri Şahin Mustafayevə müraciət ediblər. Sahibkarlar hazırda tətbiq edilən vergi dərəcələri və digər ödəmələrin qiymətlərin stabil saxlanmasına imkan vermədiyini, devalvasiya nəticəsində əhalinin alıcılıq qabiliyyətinin aşağı düşdüyünü bildiriblər.
Sahibkarların müraciətində deyilir ki, sosial əhəmiyyətli gündəlik tələbat mallarının, xüsusən yerli istehsal olan kənd təsərrüfatı məhsullarının, habelə uşaq qidalarının istehsalı və bütün satış zəncirinə ƏDV tətbiqi aradan qaldırılsın. Sahibkarlar xahiş edir ki, iqtisadiyyat naziri bu problemin həll edilməsi üçün qanunvericilikdə düzəliş təşəbbüsü ilə çıxış etsin.
İqtisadiyyat Nazirliyindən bildirilib ki, qeyd olunan yoxlamalarda Nazirliyin əməkdaşları iştirak etmirlər.
Qeyd edək ki, məlumatlara görə, iri ticarət mərkəzlərinin çətin vəziyyətə düşməsinin səbəbi onların satdıqları malların qaimələrini təqdim edə bilməməsidir. Məsələ burasındadır ki, son vaxtlar Vergilər Nazirliyinin əməkdaşları iri ticarət mərkəzlərindən aldıqları malların qaimələrini tələb edirlər.
Ancaq monopolistlər ticarət mərkəzlərinə satdıqları mala görə qaimə vermirlər. “Azadlıq.info”nun məlumatıma görə, Vergilər Nazirliyi bununla “idxal mafiyası”nın, həmçinin gömrüyün dövriyyəsini bilmək istəyir. Ancaq “idxal mafiyası” da öz dövriyyəsini gizlətməkdə israrlı olduğundan, ticarət mərkəzlərinə satdıqları mallara görə qaimə vermirlər.
Vergilər Nazirliyi də qaiməsi olmayan həmin malların satışına qadağa qoyur. Bu da ona səbəb olur ki, iri supermarketlər ya bir çox ərzaq malları satmamalı, ya da qaiməsiz sataraq böyük cərimələr verməlidirlər. Hər iki hal bu supermarketləri iflasa aparır. Son vaxtlar iri market şəbəkələrinin bəzi filiallarını bağlaması da bununla bağlanır.
Bu üzdən də onlar problemi həlli üçün iri ticarət mərkəzlərinin İqtisadiyyat Nazirliyinə müraciət etmişdilər. Nazir Şahin Mustafayev sahibkarları dərhal qəbul edib və onların problemlərini dinləyib, həllinə çalışaçağına söz verib.
Ancaq bu görüşdən bir gün sonra Vergilər Nazirliyi “Neptun” və “Grand” marketlər şəbəkələrində yoxlamalara başlaması nazir Fazil Məmmədovun geri çəkilmək niyyətində olmadığını göstərdi.
Qeyd edək ki iri marketlər şəbəkələri də məmur-oliqarxların nəzarətindədir. Hansıl ki, onların bziləri “idxal mafiyası”na bağlı şəxslərdir. Elə onların malları qaiməsiz satanlardan deyil, vergidən şikayət etmələrinin də öz təşəbbüsləri olduqları şübhə doğurur.
Ehtimal ki, daha üst bir qüvvə bunlarə bir yerə yığaraq, vergidən İqtisadiyyat Nazirliyinə şikayət etdirməklə, əslində ölkə rəhbərliyinin diqqətini cəlb etməyə çalışıb. Bununla əslində Fazil Məmmədovu küncə sıxışdırmaq, geri çəkilməyə vadar etmək istəyiblər. Lakin Fazil Məmmədovun bu gün verdiyi qərar, onun belə bir niyyətinin olmadığını göstərdi.
Neftin qiymətinin düçməsindən sonra üzərinə büdcəni doldurmaq vəzifəsi yüklənən Fazil Məmmədov vergi əməkdaşlarına sahibkarlardan nə qədər bacarırlar almağı tapşırıb. Xüsusilə oliqarxlara bağlı biznes strukturlarından illər ərzində gizlətdikləri vergiləri də almaq tələb olunur. Məsələn, Vergilər Nazirliyinin əməkdaşlarının “Bizim market”lər şəbəkəsinin ötən illər ərzində vergidən gizlətdiklərini araşdırıb, büdcəyə 20 milyon manat ödəməyi tələb etdiyinə dair məlumat yayılmışdı. Digər market və biznes obyektlərinə də analoji tələıblər irəli sürülür. Bəlkə də bu üzdən də nazirlikdə bəzi əsas vəziflərə oliqarxlarla “alış-verişi” olmayan yeni və gənc kadrlar gətrilib.
Yəni, bu və digər faktlar Fazil Məmmədovla oliqarxlar, xüsusən də “idxal mafiyası” arasında mübarizənin şiddətlənəcəyini göstərir. Hansı tərəfin qalib gələcəyini zaman göstərəcək. Ancaq bunun ərzaq məhsullarının qiymətlərinin yenidən qalxmasına səbəb olacağı da istisna deyil. Yəni, zərbə yenə də xalqa dəyə bilər!
Azpolitika.info