Generalla intihar edən "MTN" polkovnikini nə birləşdirirmiş?
Ehtiram Xəlilovun İlqar Əliyevin yüksəlməsində müstəsna rolu olduğu üzə çıxıb
Xeberinfo.com: Bir müddət əvvəl mətbuatda Dövlət Gömrük Komitəsinin (DGK) Aksiz Gömrük İdarəsinin rəisi Ehtiram Xəlilovla bağlı maraqlı məlumat yayılmışdı. General-mayorun bir müddət Sumqayıt Gömrük İdarəsinə rəhbərlik etməsindən sonra görəvindən alınması, ardından başqa bir vəzifəyə keçirilməsi çaşqınlıq yaratmışdı.
İlkin olaraq belə anlaşılırdı ki, Ehtiram Xəlilovun işdən çıxarılması Gömrük Komitəsindəki daxili qruplaşmalar arasındakı mübarizənin nəticəsidir. Lakin onun Aksiz Gömrük İdarəsinə rəis təyin olunması bu fikirləri təkzib etməyə başladı. Maraqlıdır, Xəlilov Gömrük Komitəsinin ən gəlirli idarəsinin rəisliyindən niyə çıxarıldı və ona niyə mühüm postlardan biri etibar olundu?
Aktual.az-ın məsələ ilə bağlı apardığı araşdırma bəzi ilginc məqamları ortaya çıxarıb.
Ehtiram Xəlilovun Göyçay rayonunda ələ keçirdiyi, daha doğrusu, hazırda ixtiyarında olduğu nəhəng obyekti var. Rayonun Çərəkə kəndində bir neçə hektar ərazidə yerləşən məkanda göl belə mövcuddur. Araşdırma zamanı bəlli olub ki, gömrük generalının obyekti kimi təqdim olunan həmin məkanın adı «Əpəkə» Turizm Mərkəzidir. 1975-ci ildən fəaliyyətə başlayan Çərəkə Gölü İstirahət Zonası təbii gölün ətrafında yerləşən və hektarlarla əraziyə malikdir. Bəzi bilgilərə görə, sözügedən istirahət mərkəzi başqa şəxsə məxsus olub. Həmin şəxs müəmmalı şəkildə həbs olunub və sonra da general imkanlarından istifadə edərək, obyekti ələ keçirib. Faktiki olaraq istirahət mərkəzinin Xəlilovun qudası tərəfindən idarə edildiyi iddia olunur.
Ən ilginc məqam isə «Çərəkə Gölü»nün əsas sahibinin, hazırda onun kim tərəfindən işlədildiyi, habelə Ehtiram Xəlilovun niyə işdən çıxarılıb, başqa vəzifəyə keçirildiyi ilə bağlıdır.
«Çərəkə Gölü» İstirahət Mərkəzi sovet dövründən fəaliyyət göstərib. Lakin 90-cı illərin əvvəllərində Mustafa Əliyev adlı kolxoz sədri tərəfindən özəlləşdirilib. Göyçayda nüfuzlu kolxoz sədrlərindən biri olan Əliyevin, maddi imkanları da yetərli qədər böyük olub. Sonradan bu istirahət mərkəzi çox imkanlı şəxslərin diqqətini çəkməyə başlayır və nəticədə narazılıqlar yaranır.
Məlumatlarda vurğulanır ki, Mustafa Əliyev işin çətinə düşəcəyini, sonradan başının ağrıyacağını təxmin edərək, gölü satmaq qərarına gəlir və ona kənar birinə də vermək istəmir. Bu zaman Ehtiram Xəlilov obyektə müştəri düşür. İlk mərhələdə qiymət məsələsində anlaşa bilməyən tərəflər sonradan razılığa gəlirlər.
Xəlilov bu alqı-satqının nəticəsi olaraq iki şeyə vəd verir:
Birincisi, obyektin işlədilməsi Əliyevlər ailəsinin ixtiyarına buraxılır.
İkincisi isə Mustafa Əliyevin oğlanlarından birinə dövlət qurumlarında şərait yaradılır.
Həmin vaxt Mustafa Əliyevin oğlu İlqar Əliyev MTN-də bölmə rəisi kimi çılışdığından bütün imkanlar onun yüksəldilməsinə sərf olunur. Gömrük generalı nüfuzundan istifadə edərək Eldar Mahmudovdan ona şərait yaradılmasını istəyir. Və İlqar Əliyev qısa müddətdə şöbə rəisinin müavini, şöbə rəisi, nəhayət, idarə rəisinin müavini təyinatları alır.
Bu həmin İlqar Əliyevdir ki, MTN olayı zamanı həbs olunmuşdu. Bir müddət həbsxanada qalaraq, orada intihar etmişdi.
Ehtiram Xəlilov verdiyi birinci vədinə indi də sadiq qalıb. «Çərəkə Gölü» İstirahət Mərkəzi hazırda onun qudası tərəfindən deyil, məhz İlqar Əliyevin qardaşı tərəfindən idarə olunur. Elə gömrük generalının Sumqayıt Gömrük İdarəsindən işdən çıxarılmasının əsl səbəbi də məhz bu amillər olur. DGK rəhbərliyi dövlətə xəyanətdə ittiham olunan İlqar Əliyevin yüksəlməsində xidməti olması, habelə onunla biznes ortaqlığı həddinə qədər cəsarət etməsi yuxarı dairələrin diqqətindən yayınmır. Lakin araya bəzi nüfuzlu vasitəçilərin girməsindən sonra Xəlilov başqa işə keçirilir.
Yazıdakı iddialarla bağlı adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Azadliq.info