Nərimanovda Tələbə-Gənclər Təşkilatının fəal üzvləri ilə görüş - FOTOLAR
Bugün Nərimanov Rayon Gənclər və İdman İdarəsində rayonda yerləşən Azərbaycan Turizm və Menecment Universitetinin Tələbə-Gənclər Təşkilatının fəal üzvləri ilə görüş keçirilib.
Xeberinfo.com: Görüşdə Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov İdarəninin fəaliyyəti, tələbə-gənclər təşkilatlarının sıx əməkdaşlığı haqqında geniş məlumat vermiş və qeyd etdi ki, gənclər hər bir dövlətin gələcəyini, inkişafını istiqamətləndirən cəmiyyətin aparıcı qüvvəsidir. Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olmuşdur. Bu siyasətin banisi isə xalqımızın Ümummilli Lideri Heydər Əliyevdir. Gənclərə göstərdiyi diqqət və qayğının bariz nümunəsi olaraq, Ulu Öndərimiz 1993-cü ildə ikinci dəfə Respublikaya hakimiyyətə gəldikdən sonra gördüyü ilkin və mühüm işlərdən biri gənclərin ilk dövlət təşkilatının - Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılması olmuşdur. Onun bizlərə olan tövsiyyələri xalqımızın milli ideologiyasının və hələ neçə illər gənc nəslin formalaşdırılmasında müstəsna rolu olacaqdır. Respublikamızada ilk dəfə 1996-cı ildə keçirilən I Forumda, daha sonra 1999-cu ildə keçirilən II Forumda Ulu Öndərin şəxsi iştirakı və geniş məzmunlu çixişindan sonra Dövlət Gənclər Siyasəti xeyli inkişaf etmiş, gənclərə diqqət və qayğı artmışdır. 2003-cü ildə keçirilən III, 2005-ci ildə IV, 2008-ci ildə - V, 2011-ci ildə - VI və 2014-cü ildə keçırılən VII forumlarından sonra isə bu inkişaf daha da sürətlənmişdir.
Ümummilli Liderimizin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev bu gün bütün sahələrdə olduğu kimi, gənclər siyasətinin uğurla davam etdirilməsinə xüsusi diqqət göstərir. Dövlətin gənclər siyasəti cənab İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələdə daha da inkşaf edir. Dövlətimiz üçün çox böyük önəm daşıyan bu siyasətin tərkib hissəsi kimi Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 2011-ci il dekabrın 19-da “Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması haqqında” 542 nömrəli Fərman imzalamışdır.
Bu gün Azərbaycanda gəncliyin potensialına böyük önəm verilməsi, onların qayğı və problemlərinin həll olunması, istək və arzularının reallaşması üçün hər cür əlverişli şərait vardır.
Son illər ölkəmizdə bütün sahələrdə olduğu kimi, müasir idman infrastrukturunun yaradılması istiqamətində də genişmiqyaslı tədbirlər həyata keçirilir, yeni-yeni idman obyektləri tikilib istifadəyə verilir. Dünyanın qabaqcıl idman ölkələrindən biri olan Azərbaycan hazırda beynəlxalq Olimpiya hərəkatının fəal üzvlərindən biridir. İdmanın bütün sahələrinin inkişaf etdirilməsi Azərbaycan Prezidentinin daim diqqət mərkəzindədir. Paytaxt Bakıda və regionlarda inşa edilən, ən müasir avadanlıqla təchiz olunan Olimpiya İdman komplekslərinin sayı artıq 40-ı ötmüşdür. Mövcud idman komplekslərinin əsaslı şəkildə yenidən qurulması isə beynəlxalq yarışların keçirilməsi üçün ölkəmizin imkanlarını daha da artırır.AvropaOlimpiya Komitəsi tərəfindən ilk dəfə qitənin ən böyük idman tədbirinin - ilk Avropa Oyunlarının təşkili hüququnun Azərbaycana verilməsi müstəqillik tariximizin ən qürurverici hadisələrindən olmuşdur. Bu Oyunlar ölkəmizin potensialını, gücünü dünyaya, Avropa ictimaiyyətinə nümayiş etdirdi. Qısa müddət ərzində böyük hazırlıq işlərinin öhdəsindən layiqincə gələn Azərbaycan bu tarixi hadisə ilə növbəti Avropa Oyunlarının standartlarını müəyyənləşdirdi və çox yüksək səviyyəli təşkilatçılıq imkanlarına malik olduğunu bütün dünyaya sübut etdi. Bununla da Azərbaycan Avropanın yeni idman tarixini yazdı.
İdmanın inkişafına göstərilən yüksək dövlət qayğısı nəticəsində Azərbaycan idmançıları dünyanın mötəbər yarışlarında və Olimpiya Oyunlarında ölkəmizi ləyaqətlə təmsil edir, uğurlarını ildən-ilə daha da artırırlar.
Sonra çıxış edən Azərbaycan Turizm və Menecment Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri İlqar Quliyev İdarə tərəfindən yaradılan şəraitə və tələbə-gənclər təşkilatları ilə yaranmış sıx əməkdaşlığa görə öz minntədarlığını bildirdi, fəal gəncləri və fakultə sədrləri təqdim etdi və qeyd etdi ki, bu gün bütün sahələrdə inkişafın təməli olan sabitliyin, əmin – amanlığın yaranmasının, müasir dövlətçiliyimizin memarı, Ümummilli liderimiz Heydər Əliyev olmuşdur. Onun bizlərə olan tövsiyyələri xalqımızın milli ideologiyasının və hələ neçə illər gənc nəslin formalaşdırılmasında müstəsna rolu olacaqdır.
Sonra İdarə rəisi Nəcəf Novruzov bir daha qeyd etdi ki, dövlətimiz və şəxsən Cənab Prezidentimiz tərəfindən gənclərə diqqət və qayğı göstərilir. Buna misal olaraq, Cənab Prezidentimizin şəxsi təşəbbüsü ilə yaradılmış Gənclər Fondu gənclərimizin minlərlə fərdi layihəsini həyata keçirmiş, hər il gənclər mükafatının verilməsi, gənclər üçün güzəştli ipotekaların verilməsi, dövlət hesabına təhsil, son günlərdə imzalanmış, hətta ödənişli əsaslarla təhsil alan tələbə gənclərin də faydalanacağı təqaüd haqqında sərəncamı qeyd etmək olar.
N.Novruzov vurğuladı ki, Azərbaycanda müasir gənclər hərəkatının inkişafı üçün dövlət səviyyəsində kifayət qədər işlər görülüb, gənclərin qeyri-hökumət təşkilatlarının yaradılması, fəaliyyətlərinin təşkili üçün sağlam mühit yaradılıb və hüquqi baza təkmilləşdirilmişdir. Bu gün Azərbaycan gəncliyinin önündə böyük qapılar, yollar açılıb. Gəncliyə göstərilən dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir və bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir. Dövlətimizin bütün sahələrdə həyata keçirdiyi uğurlu və məqsədyönlü siyasət nəticəsində Azərbaycan gəncliyi xoşbəxt və firavan gələcəyə doğru addımlamaqdadır.
Sonda İdarə rəisi gəncləri maraqlandıran sualları cavablandırıb, Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən keçirilən tədbirlərdə yaxından iştirakına, Tələbə-Gənclər Təşkilatının formalaşmasında xidmətlərinə və təhsilində fərqləndiyinə görə 5 nəfər Təşkilatın fəal üzvləri Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov tərəfindən "Fəxri Fərmanlar" ilə təltif edilmiş və gənclərlə xatirə şəkili çəkdirildi.