“Aqrolizinq” ASC-i dövlət vəsaitini mənimsəyib
“Aqrolizinq” ASC-nin Şəki regional loqistik bazasının vəzifəli şəxslərinin qanunsuz hərəkətlərinə dair Hesablama Palatasının auditindən sonra müəyyən olunmuş maliyyə pozuntuları ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılma başladılıb
"xeberinfo.com": Məlumata əsasən Hesablama Palatasının apardığı audit zamanı qeyd edilən müəssisənin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək kənd təsərrüfatı üçün nəzərdə tutulmuş texnikanın icarəyə verilməsi, satılması, həmçinin göstərilən xidmətlərə görə yığılan pul vəsaitinin kassaya mədaxil edilməməsi, həmçinin yol verdikləri digər qanun pozuntuları nəticəsində dövlətə külli miqdarda ziyan vurmalarında şübhələr üçün əsaslar olduğundan fakta görə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam etdirilir.
Məlumata görə, filialın rəhbəri Rasim Qurbanov texnikanın fermerlərə lizingə verilməsi və ya lizinq yolu ilə satılması işində süni əngəllər yaradaraq vəziyyətdən şəxsi maraqlarının təminatı məqsədilə yararlanıb. Fermelər öz sahələrinin əkilməsi və biçilməsi zamanı “Aqroservis” filialından vaxtında istifadə edə bilmədiklərini deyirlər. Bu da məhsulun əkilməsi və biçilməsi gecikdiyindən məhsuldarlığın aşağı düşməsinə səbəb olur.
İddialara əsasən Qurbanov qardaşarının son illərdə dövlət büdcəsinə vurduqları ziyan təxminən 5 milyon manat civarındadır. Bu məbləğin çox hissəsi 2006-2008-ci illər ərzində Şəki üçün gübrə satışından əldə olunub. Bildirilir ki, həmin illərdə, yəni yeyinti olan illərdə Cavanşir Qurbanov Şəki “Aqroservis” xidmətinin rəisi olub. Gübrələri ayrı-ayrı vətandaşların adına onların xəbəri olmadan belə rəsmiləşdirib. Cavanşir Qurbanov Şəki ərazi kənd təsərrüfatı idarəsinin rəisi vəzifəsinə təyinat aldıqdan sonra öz yerinə qardaşını yerləşdirib.
Digər bir məlumatda bildirilir ki, təkcə 2012-ci ildə filialda aparılmış yoxlamalar nəticəsində külli-miqdarda vəsait mənimsənilməsinə dair faktlar aşkar olunub. Lakin filial rəhbərinin qardaşı, Şəki ərazi kənd təsərrüfatı idarəsinin rəisi Cavanşir Qurbanovun məsələyə müdaxiləsi Rasim Qurbanovu məsuliyyətdən müvəqqəti də olsa qurtarıb.
Həmçinin məlumatda iddia olunur ki,”Aqrolizinq” ASC-nin rəhbəri Əli Bayramov vaxtaşırı Rasim Qurbanovu yanına çağıraraq işdən azad edəcəyi ilə hədələyib, amma Rasim Qurbanov öz korrupsioner fəaliyyətini davam etdirməsinə baxmayaraq Əli Bayramov sonradan baş verənlərə göz yumub. Kənd təsərrüfatı naziri İsmət Abbasov isə qardaşlara yaranmış borcu ödəmək üçün ötən ilin sonunadək vaxt verib. İsmət Abbasov öz vəzifəsini tərk etsə də, 5 milyon manatlıq yeyinti hələ də havadan asılı qalıb.
Bundan başqa məlumatda göstərilir ki, Qurbanov qardaşları Daşüz kəndində damazlıq fermanı satıblar. “Aqrolizinq” balansında olan texnikaların kirayə verilməsi ilə də qardaşlar hər ay külli miqdarda qanunsuz gəlir əldə ediblər. Məsələn, məlumatda göstərilir ki, qaldırıcı kranın aylıq kirayəsi 5 min manat olub.
Həmçinin məlumatda göstərilir ki, qardaşlar dövlətin kənd təsərrüfatının inkişafı üçün ayırdığı subsidiyalardan külli miqdarda qanunsuz gəlir ediblər. Belə ki, Qurbanov qardaşları hektarlarla torpağı öz qohum -əqrabalarının və işçlərinin adlarına yazdırraraq dövlətin ayırdığı subsidiyaları mənimsəyiblər. Bu siyahıdan kiçik bir hissəni nəzərinizə çatdırırıq:
1.Qurbanov Rasim - 915 ha;
2.Qurbanov Elşad-820 ha;
3.İbrahimov Nurəddin -135 ha;
Bundan əlavə daha bir qazanc mənbəyi - Cavanşir Qurbanov Qaratorpaq Kənd Təsərrüfatı İstehsalı müəssisəsinə öz işçisi Nazim İsmayılovu direktor əvəzi təyin etdirərək dövlətdən 50 min manat subsidiya alaraq mənimsəyib. İstehsal olunan tonlarla toxum satılıb və qazancı şəxsi ciblərə girib.
Əlavə olaraq bildirək ki, hər il 500-600 ton gübrə sənəd üzərində rəsmiləşdirilməklə guya müəssisəyə alınıb. Bu yolla illik dövlətə təxminən 100 min manat ziyan vurulub.
Həmçinin mənbə qeyd edir ki, Cavanşir Qurbanovun polis sistemində işləyən oğlunun “Aqroservis”ə 50-60 min manatlıq gübrə borcu var.