Eldar Mahmudovun Vergilər Nazirliyindəki şəbəkəsi haqda şok faktlar
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən sonra Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin rəisi Vidadi Məmmədovun vəzifəsindən azad olunması və ardınca Vergilər Nazirliyində aparılan araşdırmalar Eldar Mahmudovun bu qurumun əli ilə ölkədə sahibkarlığın belini qırdığını göstərdi.
Xeberinfo.com: Lakin kiçik “balıqlar” həbs olunsalar da, Eldar Mahmudov kimi Vidadi Məmmədov da həbsdən hələlik qoruna bilib. Evində aparılan axtarış zamanı qiyməti yüz minlərlə dollarla ölçülən ləl-cəvahirat aşkarlansa da, V.Məmmədov müvəqqəti də olsa, azadlıqdadır.
V.Məmmədovun Eldar Mahmudovun kadrı olduğu artıq hamıya aydındır. Belə ki, Vidadi Məmmədov ilə Eldar Mahmudov əvvəl “obxss”də bir yerdə işləyiblər. Eldar Mahmudov nazir olanda öz kadrlarını müxtəlif strukturlara yerləşdirməyə başlayıb. 2007-ci ildə Vidadi Məmmədov Vergilər Nazirliyinə gəlib və 2012-ci ildə Eldar Mahmudovun əli ilə general rütbəsi alıb. Vidadi Məmmədov Vergilər Nazirliyində uzun illərdən bəri MTN şefi olan Eldar Mahmudovun adamı kimi fəaliyyət göstərib. V. Məmmədovun iş adamlarını öz otağına çağıraraq istədiyi rüşvəti ala bilmədiyinə görə qandallatdıra da bilməsi Vergilər Nazirliyinin rəhbərliyi tərəfindən dəfələrlə narahatlıqda qarşılanıb və ona özünü yığışdırması haqda göstərişlər verilsə də, vergi generalının “qoruyucu mələyi” Eldar Mahmudov araya girərək onu hər dəfə xilas edə bilib. Araşdırmalar göstərir ki, V.Məmmədovun həbs olunmasının qarşısında çox ciddi maneələr var. Hətta nazir Fazil Məmmədovun belə onun həbsində maraqlı olduğu, lakin bacara bilmədiyi vurğulanır.
Qeyd olunur ki, V.Məmmədov bu gün də Vergi cinayətlərinin ibtidai araşdırılması departamentini öz nəzarətində saxlayır. Yeni təyin olunanlar isə ya bundan xəbərsizdirlər, ya da köhnə “qurdlar”ın qarşısında çarəsiz. Aldığımız məlumata görə, bu gün V.Məmmədovun nazirlik içərisindəki şəbəkəsinə Nəriman Məcidov rəhbərlik edir. Belə ki, V.Məmmədovun “sağ əli” sayılan Elmir Şirinovun da sərəncama göndərilməsindən sonra nazirlikdə onları təmsil edən Vergi cinayətlərinin ibtidai araşdırılması departamentinin şöbə müdiri vəzifəsində olan Nəriman Məcidov qalıb. V.Məmmədovun yetişdirdiyi kadrlardan olan N.Məcidov bundan öncə də Elmir Şirinova bağlı çalışıb. Nazirlik içərisində onun adı V.Məmmədova bağlı Elmir Şirinov qruplaşmasında çəkilib. Mühim işlər üzrə böyük müstəntiq olaraq, “Qarşılıqlı əlaqələr” maxenasiyasında ad çıxaran Nəriman Məcidov V.Məmmədova ən çox pul qazandıran şəxs ünvanına sahib olub. “Qarşılıqlı əlaqələr” nədir?
Vergilər Nazirliyindəki mənbəmiz bildirir ki, bu Vidadi Məmmədovun “kəşf”idir. Məsələn, A şirkətinin qanunsuz fəaliyyətlə məşğul olması bilinib və şirkət haqqında cinayət işi açılıb. Nəriman Məcidov və digər müstəntiqlər həmin şirkətlə iş görən firmaları da araşdırır və istintaqa cəlb edirmiş. Yəni, istintaqın ana sütununa toxunmadan, hətta qanuni əməkdaşlıq edilən şirkətlər də çağrılaraq, onlardan “adınız bu şirkətlə hallanır” hədə-qorxusu ilə pullar tələb olunurmuş. Beləcə, A şirkəti ilə bağlı cinayət işindən ayrı pul alınır, onunla əməkdaşlıq edən şirkətlər isə ayrıca soyulurmuş. Bu tip şirkətlərdən ən az 20 min manat alınmadığı təqdirdə, işi cinayət işinə birləşdirilir və sahibkarın başına daha betər müsibətlər gətirilib. “Qarşılıqlı əlaqələr”dən alınan pullar isə “ümumi katyol”dan gizlədilib və Vidadi Məmmədov-Elmir Şirinov-Nəriman Məcidov üçlüyü arasında bölüşdürülüb.
Mənbə qeyd edir ki, Nəriman Məcidov bu gün də Vidadi Məmmədova bağlıdır və nazirlikdə baş verən ən kiçik dəyişiklikdən belə “xaç atası”nı məlumatlandırır. V.Məmmədov işdən azad olunduğu gün nazirlik işçilərinin yaddaş kartları və bilgisayarları yığışdırılsa da, Nəriman Məcidov lazımi məlumatları ələ keçirə bilib və nəzarət zəiflədikdən sonra götürülən bilgilər V.Məmmədova ötürülüb. Elə həmin dosyelərə görə də, Eldar Mahmudovun Vergilər Nazirliyindəki “Akif Çovdarov”una kimsə toxuna bilmir. Hətta departament rəisinin müavini Vüqar müəllim (soyadını dəqiqləşdirə bilmədik) Nəriman Məcidovun qeyri-qanuni fəaliyyəti ilə bağlı məlumat sahibi olsa da, istintaqçı olmadığından heç bir şəkildə bu oyunları çözə bilmir. Ortaya çıxardıqları üçün isə N.Məcidovun cavabı “Yuxarılar nə deyib, onu etmişik” olduğundan şəbəkənin başı işdən uzaqlaşdırılsa da, heyət fəaliyyətini davam etdirir.
O da bildirilir ki, vergilər nazirinin haqqında mətbuata sızdırılan məlumatlarda da bu qrupun rolu böyükdür. Belə ki, özlərinin də iştirak etdikləri cinayətləri qəsdən nazirlə əlaqələndirərək mətbuata ötürərüb, “yuxarılar”ı şantaj edirlər. Vergilər Nazirliyi N.Məcidovun işdən sonrakı fəaliyyətini araşdırarsa, bunun bir iddia olmadığını görəcəkdir. Nəriman Məcidovun həm Elmir Şirinov, həm də Vidadi Məmmədovla münasibətlərini öyrənmək üçün “İçəri Şəhər” metrosu yaxınlığında yerləşən “Monolit” binasının müşahidə kameralarını izləmələri kifayətdir. Bu səbəbdən də nazirlikdə “paket” sistemi minimuma endirilsə də, Nəriman Məcidov hələ də aylıq 3 min manat “paket” alan şəxslər arasındadır. Nəriman Məcidovun hansı sahibkarlardan nə qədər rüşvət alması, kimlər şərləməsinə dair siyahı artıq hazırdır. Vidadi Məmmədovun “qarşılıqlı əlaqələr” cinayətində bir nömrəli suçlu olan N.Məcidovla bağlı ölkə rəhbərliyinə təqdim olunmaq üçün açıq şikayət məktubu yaxın günlərdə həm Prezident Adminstrasiyasına, həm də KİV-ə təqdim ediləcək.
Azadliq.info