Daha 2 neftçinin meyiti tapıldı
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) təyyarəsi Xəzər dənizinin Türkmənistan sektorunda tapılmış neftçilərin meyitlərini gətirmək üçün yola düşüb.
Xeberinfo.com: FHN-in məlumatında bildirilir ki, FHN-in Xəzəryanı ölkələrin müvafiq qurumlarına müraciətdən sonra aparılan axtarış-xilasetmə işləri zamanı Xəzər dənizinin Türkmənistan sahillərindən 65-70 km uzaqlıqda 2 kişi cəsədi aşkar edilib və Türkmənistana aid gəminin göyərtəsinə qaldırılaraq Kiyanlı dəniz limanına aparılıb. Cəsədlərə ilkin baxış zamanı birinin geyiminin üzərində “Azneft” sözləri yazıldığı müəyyən edilib.
Məlumat daxil olduqdan sonra FHN-in “BE-200ÇS” amfibiya tipli təyyarəsi istintaq qrupu ilə birgə cəsədlərin tanınması və Azərbaycana gətirilməsi üçün Türkmənistana yola düşüb.
* * *
ANS PRESS-in məlumatına görə, meyitlər Türkmənistan sahilindən 65 km uzaqlıqda bu ölkəyə məxsus kursor gəmisi tərəfindən aşkar olunub. Məlumata görə neftçilərin geyimlərinin üzərində “Azneft” yazısı var, onların kimliyi hələlik məlum deyil. Fövqəladə Hallar Nazirliyindən məlumatı ANS PRESS-ə təsdiq ediblər. Bu haqda daha öncə türkmən mətbuatı yazmışdı.
Sabah tapılan neftçilərin meyitlərini vətənə gətirmək üçün Azərbaycandan Türkmənistana nümayəndələr yola düşəcək.
Daha əvvəl, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən birinin meyiti Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilmişdi.
Meyiti aşkar olunan neftçi Qasımov İman Şura oğlunun cəsədi respublikaya gətirilib və aidiyyatı üzrə təhvil verilib.
Dekabrın 4-də axşam saatlarında “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə yanğın baş verib. SOCAR-dan verilən məlumata görə, yanğına səbəb güclü tufanın saat 17:40 radələrində yataqdakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarması olub.
Rəsmi məlumata görə, hadisə zamanı platformada 63 nəfər olub. Onlardan 8-nin meyiti tapılıb, 33 nəfər təxliyyə olunub, 22 nəfərin taleyi isə hələlik naməlumdur. Onlar itkin düşmüş elan edilib.
Hazırda axtarışları davam etdirilən şəxslər isə bunlardı:
1 Qasımov Mübariz Dilqəm o. 21.01.1958
2 Rzaxanov Edik Rivazin o. 15.01.1983
3 Babazadə Tural Fətəli o. 01.09.1993
4 Quliyev Əzizağa Nöhbala o. 16.09.1953
5 Rəsulov Elşad Balaoğlan o. 24.03.1971
6 Qasımov Bayram Mirzəağa o. 20.03.1978
7 Abdullayev Adil Ələkbər o. 19,02,1953
8 Əbdüləzizov Əbdüləziz İsmayıl oğlu 30.01.1954
9 Şirəliyev İzzət Qəmbər o. 10.05.1973
10 Nəcməddinov Qəmərşah Nəcməddin o. 20.09.1978
11 Niyazov Seyfəddin Abil o. 09.02.1968
12 İskəndərov İnqilab Osman o. 29.11.1957
13 Mayborda Oleq Akimoviç 21.11.1971
14 Əhmədov Çanbaxış Əhməd o. 21.02.1962
15 İbrahimov Xalid Bəşir o. 12.08.1971
16 Həsənov Zaur Vahid o. 24.12.1975
17 Cəriyev Vəli Kiçikağa o. 22.04.1967
18 Hüseynov Bəhlul Sirac o. 25.11.1969
19 Səmədov Xoşbəxt Xanış o. 26.09.1981
20 Xəlilov Zaur Arif o. 15.09.1975
21 Sahmarov Sahib Güloğlan o. 02.08.1973
22 Əliyev Əyyub Xəlil o. 22.07.1973
Bundan əlavə dekabrın 4-də saat 12.30 radələrində “Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə də qəza verib. Güclü tufan nəticəsində dalğalar estakada döşəməsini üstündəki yaşayış budkası ilə birlikdə uçurub dənizə atıb. Bu zaman budkada buxar aqreqatının maşinisti 1971-ci il təvəllüdlü Cavad Xudaverdi oğlu Xudaverdiyev, səyyar aqreqatın matorçuları-1961-ci il təvəllüdlü Bəhmən Nadir oğlu Cəfərov və 1974-cü il təvəllüdlü Rövşən Nadir oğlu Məmmədov olub. Bəhmən Cəfərovun meyiti aşkar olunsa da digərlərinin axtarışları hələ də davam edir.