Eldar Mahmudovun qohumları sərhəddə saxlanılıb?
Hələ də azadlıqda olan Eldar Mahmudovun yaxın günlərdə qandallanacağı gözlənilir
Xeberinfo.com: Dekabrın 17-də sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun tutduğu postdan uzaqlaşdırılmasının 2 ayı tamam olur. Eldar Mahmudov hazırda Bilgəhdə, məhz onun qanunsuzluqları üzündən ləğv olunan nazirliyin sanatoriyasında qalmaqda davam edir. Eldar Mahmudovu həmin sanatoriyaya işdən qovulandan az sonra yerləşdiriblər.
Dəbdəbəni sevən, general lompaslarında poz verməyi xoşlayan E.Mahmudovu Badamdardakı dəbdəbəli villasından çıxarıb dindirməyə aparmaq istəyiblər, amma ürək krizi keçirməsi üzündən apara bilməyiblər. Hazırda müalicə olunan E.Mahmudovun yaxın günlərdə həbsə alınacağı xəbəri də var.
Sabiq nazir və komandası dövlət təhlükəsizliyini zərbə altında qoymaqdan tutmuş, quldurluq, soyğunçuluq, iş adamlarına qarşı qanunsuz tələb etmə kimi ağır ittihamlarla üz-üzədir. Bu gün Eldar Mahmudov ev dustağıdır. Ləğv olunmuş nazirliyin bir qrup yüksək rütbəli əməkdaşları, general-mayor Teymur Quliyev, Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev, MTN-in Monitorinq Mərkəzinin əməkdaşı Natəvan Mürvətova, idarə rəsi Sübair Qurbanov, general-mayor Akif Çovdarov və digərləri həbsdədirlər.
Bu adamları uzun müddətdən bəri Azərbaycanda iş adamlarına qarşı xüsusi qurğular qurmaqla cinayətlər törədiblər. Onlar bu yolla milyonlara sahib olublar, ölkənin iqtisadi sahədə dirçəlməsini təmin etməli orta sahibkarlığın başına açılan oyunların əsas iştirakçılarına çevrilmişdilər. İş o yerə çatmışdı ki, MTN dövlətə qarşı təhlükələri önləmək, qarşısını almaq əvəzinə özü təhlükə mənbəyinə çevrilmişdi.
Dekabrın 14-də prezident MTN-in əsasında Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin yaradılması haqda fərman imzalayıb.
Prezidentin imzaladığı sərəncamlara əsasən, Milli Təhlükəsizlik Nazirliyinin əsasında yaradılan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsinə Mədət Quliyev, Xarici Kəşfiyyat Xidmətinin rəisi vəzifəsinə isə Orxan Sultanov təyin ediliblər.
MTN-in İstintaq Təcridxanası ləğv olunur?
Faktiki olaraq bu fərman MTN-i arxivlik etdi. Bəs Eldar Mahmudovun şəxsi divanxanasına çevrilmiş, qanunda nəzərdə tutulmayan, on illərlə fəaliyyət göstərmiş MTN-in İstintaq Təcridxanasının aqibəti necə olacaq?
Bu məsələ illərdir ki, müzakirə mövzusudur. Mərhum vəkil İsaxan Aşurov başda olmaqla, bir çox tanınmışlar, zaman-zaman bu məsələni qaldırıb çözülməsini istəmişdilər. Hətta 2009-cu ildə BMT İnsan Haqları Komitəsi “Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanası ya ləğv edilməli, ya da Ədliyyə Nazirliyinə verilməlidir” tövsiyəsi ilə Azərbaycan hökumətinə müraciət də etmişdi.
10 aya yaxın MTN-in təcridxanasında saxlanan keçmiş müdafiə naziri Rəhim Qazıyev demişdi ki, təcridxanada işgəncə otaqları var: “Mühafizəçilərdən biri mənə bir otaq göstərdi. Həmin otağın bütün divarlarına yumşaq materiallar çəkilmişdi. Orada nə qədər çağırsan, səsin eşidilməz. Nəzarətçi dedi ki, bu, işgəncə otağıdır”.
BMT-dəki müzakirələrdə iştirak etmiş hüquq müdafiəçisi Sahib Məmmədov mətbuata açıqlamasında demişdi ki, oxşar tövsiyələr onların hazırladığı alternativ hesabatda da öz əksini tapıb. “Azərbaycandakı cəzaçəkmə yerləri 6 nazirliyin tabeçiliyindədir. Söhbət təkcə istintaq təcridxanalarından yox, həm də bütün cəzaçəkmə yerlərindən gedir. Biz də təklif edirdik ki, bütün bunların hamısı bir nazirliyin tabeçiliyinə verilsin”.
Hüquq müdafiəçisi demişdi ki, bütün cəzaçəkmə yerləri və təcridxanalar bir nazirliyin tabeçiliyinə verilərsə, cəmiyyətin onlara nəzarət etmək imkanı daha effektli ola bilər. BMT-dəki müzakirələr zamanı MTN-in nümayəndəsi də bildirmişdi ki, hökumət bu məsələyə gələcəkdə baxmağa hazırdır. Amma son ana qədər, qurum ləğv olunana kimi MTN təcridxanası ləğv edilmədi, qanunsuz fəaliyyət göstərən təcridxanada qanunsuz olaraq yüzlərlə şəxs sənədsiz-sübutsuz saxlanılıb mal-mülkü əlindən alındı.
Artıq MTN yoxdur, onun qanundankənar istintaq təcridxanası, oradakı işgəncə otaqları isə qalır.
Bu gün reputasiyası yerlə bir olan MTN iki müstəqil xidmətə ayrılıb. Eldar Mahmudov və onun general bandası MTN-in adını sözün həqiqi mənasında batırmışdılar. Bunda onların yardımçısı həmin qanundan kənar təcridxanada mühüm rol almışdı. Bu baxımdan məsələyə yenidən baxılması da zəruridir...
Eldar Mahmudovun qohumlarına “stop” qoyulub
Ötən saylarımızdan birində Eldar Mahmudovun əsas “işverən”i hesab olunan “Akula” ləqəbli Akif Mustafayevin ölkədən qaçması haqda məlumat vermişdik. Redaksiyamıza daxil olan məlumatda bildirilirdi ki, A.Mustafayev oktyabrın 17-də E.Mahmudovun işdən çıxarılması haqda məlumatı alandan sonra ölkədən qaçmaq üçün hazırlıqlara başlayıb. Oktyabrın 18-də isə ölkədən qaçmağa müvəffəq olub. A.Mustafayev hazırda İnterpol xətti ilə axtarışdadır. “Akula”nın təcrübəsini Eldar Mahmudovun ətrafında olan, kef-damaq məclislərində yanında olmuş qohum-tanışlarının təkrar etməməsi üçün onların ölkədən çıxışına “stop” qoyulub. Redaksiyamıza daxil olan məlumata görə, bir neçə gün əvvəl E.Mahmudovun qohumlarından biri “Qırmızı körpü” sərhəd-keçid məntəqəsi vasitəsilə ölkəni tərk etmək istəyib. Lakin ona deyiblər ki, adı qarşısında “stop” var və geri dönməlidir. Vaxtilə ictimai fəallara “stop” qoyduran E.Mahmudovun özünün ətrafı bu gün həmin vəziyyətlə üz-üzədir.
Musavat.com