Sabiq nazirin yerinə kim təyin olunacaq?
Milli təhlükəsizlik naziri postuna daha bir iddialının adı bəlli oldu; Cahangir Hacıyev Bakı Fond Birjasının rəhbərliyindən uzaqlaşdırıldı
Xeberinfo.com: “Azadlıq”a daxil olan məlumata görə, fövqəladə hallar nazirinin birinci müavini, general-leytenant Rafael Mirzəyev də milli təhlükəsizlik naziri postuna iddialıdır. Bildirilir ki, onun bu vəzifəyə təyinatı “yuxarılar”da da müzakirə mövzusudur. Lakin hələlik yekdil qərar əldə əldə olunmayıb. Qeyd edək ki, milli təhlükəsizlik naziri postuna sərhəd qoşunlarının komandanı Elçin Quliyev, daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazov və milli təhlükəsizlik nazirinin birinci müavini Mədət Quliyevin də adı hallanır.
Vəkil Akif Çovdarovun göstərişi ilə 6 saat MTN-də saxlanılıb
Eldar Mahmudovun milli təhlükəsizlik naziri olduğu 2004-2011-ci illərdə bir sıra hakimlərin onun və müavini Akif Çovdarovun diktəsi ilə qərarlar qəbul etdiyi üzə çıxır. Konkret olaraq, Respublika Prokurorluğunun “MTN işi” ilə bağlı açıqlamasında 58 sahibkarın şikayətini qeyd etmək mümkündür. Bu sahibkarların əksəriyyəti haqqında məhkəmə hökmlərini hakimlər Eldar Ismayılov, Faiq Qəniyev və Novruz Kərimov çıxarıb. Yaxud jurnalist Pərviz Həşimov barədə məhkəmə hökmünü Bakı Ağır Cinayətlər Məhkəməsində Novruz Kərimovun rəhbərlik etdiyi heyət qəbul etmişdi. Novruz Kərimov baş redaktor Əvəz Zeynallı haqda hökm çıxaran məhkəmə heyətində də var idi. N.Kərimov vaxtilə MTN-də müstəntiq vəzifəsində çalışıb. Yaxud Faiq Qəniyev 2010-cu ilin aprelin 1-də vəkil Elçin Sadıqovu MTN-nə çağıraraq haqqın.az saytının baş redaktoru Eynulla Fətullayevin işi ilə bağlı dindirmək istəsə də, vəkil bundan imtina etmişdi. Buna görə vəkili 6 saat MTN-də saxlamışdılar. E.Sadıqov səbəbini öyrənmək istədikdə, göstərişin Akif Çovdarovdan gəldiyini bildirmişdilər.
Bu araşdırmayla bağlı Meydan TV vəkil Elçin Sadıqovla əlaqə saxlayıb.
Vəkil bildirib ki, 1 aprel 2010-cu il tarixdə, həmin vaxt MTN-də müstəntiq işləyən Faiq Qəniyev ona zəng edərək icraatında olan cinayət işi ilə bağlı nazirliyə ifadə verməyə çağırıb: “Mən ora gedəndə məlum oldu ki, bu çağırış icraatında olan cinayət işi ilə bağlı yox, vəkili olduğum Eynulla Fətullayevin Akif Çovdarovun cinayətləri barədə mətbuatdakı yazılarına görədir. Nazirlikdə Qəniyev mənə dedi ki, əslində, heç bir cinayət işi yoxdur, sadəcə, Çovdarovun göstərişi ilə bağlı çağırmışam. Akif Çovdarov demişdi ki, Eynulla Fətullayevə onun barəsində yazmamağı çatdırım. Qəniyev dedi ki, Çovdarovun göstərişi ilə səni mətbuatdakı yazılara görə dindirməliyəm. Mən cavab verdim ki, vəkil apardığı iş haqda dindirilə bilməz və ona bu barədə sual verilməməlidir. Ona görə də imtina edirəm. Təxminən 6 saat məni gözlətdi, sonra Akif Çovdarova ifadə verməməyimlə bağlı məruzə etdi. Nəhayət, axşam saatlarında ifadə vermədiyimi bir daha qətiləşdirəndən sonra evə buraxdı. Buna baxmayaraq, Çovdarov barədə yazılar dayanmadı. Bir məqamı da xatırlayım, Çovdarov hazırda mühacirətdə olan jurnalist Aqil Xəlilin işində başqa bir vəkil vasitəsilə mənə hədə-qorxu gəlmişdi”.
Cahangir Hacıyev daha bir postunu itirdi
Eldar Mahmudovun qudası Cahangir Hacıyev barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə əlaqədar Bakı Fond Birjasının (BFB) Müşahidə Şurasına yeni sədr seçiləcək. Bu barədə APA-nın sorğusuna cavab olaraq BFB-dən məlumat verilib.
“Bakı Fond Birjasının Müşahidə Şurasının sədrinin seçilməsi birjanın səhmdarlarının ümumi yığıncağının səlahiyyətində olan bir məsələdir. Hal-hazırda bu məsələ ilə bağlı müzakirələr aparılır”, – deyə məlumatda vurğulanıb.
Hazırda Cahangir Hacıyevin səlahiyyətlərini Araz Əliyev icra edir.
BFB-nin Müşahidə Şurasının sədri, Beynəlxalq Bankın Idarə Heyətinin sabiq rəhbəri Cahangir Hacıyev 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Cahangir Hacıyev barəsində Nərimanov rayon Məhkəməsində azadlıqdan məhrumetmə qərarı seçilib.
Cahangir Hacıyev Cinayət Məcəlləsinin 178.3.2 (Dələduzluq ? külli miqdarda ziyan vurmaqla törədildikdə) və 179.1 (Mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) maddələri ilə ittiham olunur.
Cahangir Hacıyevi kimlər “satıb”?
Cahangir Hacıyev anasının “qırx” mərasimindən bir gün sonra həbs olunub. Bu məlumatı isə arqument.az saytı yayıb.
Məlumatda deyilir ki, dekabrın 3-də Hacıyevin anasının “qırx” mərasimi keçirilib. Bundan bir gün sonra, axşam saatlarında DIN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Eks-bankirin həbsinin Beynəlxalq Bankdakı problemli kreditlərlə bağlı daha əvvəl istintaqa cəlb edilən şəxslərin onun əleyhinə verilən ifadələr əsasında həyata keçirildiyi deyilir. Bu sırada bankın sabiq məsul vəzifəli əməkdaşları – Beynəlxalq Bankın Mərkəzi filialının direktoru olmuş Ilqar Abdullayev və Beynəlxalq Bankın Nəqliyyat filialının direktoru vəzifəsində işləmiş Kənan Orucovun adları çəkilir.