Vətən müharibəsində yaralananların sayı açıqlandı
Aprelin 14-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının yaradılmasının 30-cu ildönümünə həsr olunmuş tədbirdə iştirak ediblər.
Yenixeber.org: Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Nazir Vətən müharibəsində hərbi həkimlərimizin və tibb personalının göstərdiyi fədakarlıqların Ali Baş Komandan tərəfindən yüksək qiymətləndirildiyini xüsusi vurğulayıb.
Dövlətimizin diqqət və qayğısı nəticəsində Vətən müharibəsi dövründə sağlamlığını itirmiş 259 nəfərin xarici ölkələrə müayinə və müalicəyə göndərildiyini, onların böyük əksəriyyətinin müalicəsini başa vuraraq Vətənə qayıtdıqlarını diqqətə çatdırıb.
Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanının tələblərinə əsasən 1997-ci il avqustun 2-nə kimi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş 17995 şəhadətnamə elektron informasiya alt sisteminə yerləşdirilib.
General-polkovnik Z.Həsənov Vətən müharibəsi zamanı yaralıların döyüş meydanından təxliyə olunması, 11110 nəfərə tibbi yardımın göstərilməsi və tezliklə sağalması üçün əllərindən gələni edən tibb işçilərinə təşəkkürünü bildirib.
Tədbir Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin kollektivinin təqdim etdiyi konsert proqramı ilə başa çatıb.