“Sülhlə bağlı eyforiyaya qapılmaq təhlükəlidir...” -ŞƏRHLƏR
Yenixeber.org: Azərbaycanla Ermənistan arasında imzalanması gözlənilən sülh müqaviləsində razılaşdırılmayan iki məsələni Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə müsahibəsində açıqladı.
“Onlardan biri bir-birinə qarşı beynəlxalq iddialardan kənarda durmaqdır. Zənnimcə, bu, qarşılıqlı şəkildə qəbul olunan maddədir. Bu yaxınlarda biz vurulmuş zərərin təhlilini başa çatdırdıq, həm də bunu ətraflı etdik. Biz buna 4 il vaxt sərf etdik və orada hər şey sənədlərlə qeyd olunub. Bu, təqribən 150 milyard dollardan çoxdur, yəni, işğal illərində vurulan zərərdir. Ona görə də, zənnimcə, qarşılıqlı iddiaları kənara qoymaq hər iki tərəf üçün qəbulediləndir” – Azərbaycan Prezidenti müsahibədə deyib.
İlham Əliyev, həmçinin bildirib ki, digər maddə başqa ölkələrin nümayəndələrini bizim sərhədimizdə yerləşdirməməklə bağlıdır: “Çünki sözdə Avropa müşahidəçiləri pərdəsi altında bizimlə Ermənistan sərhədində NATO tərəfindən infrastruktur yaradılıb. Axı, bu müşahidəçilərin göndərilməsi məsələsi bizimlə 2022-ci ilin oktyabrında Paşinyan, Avropa Şurasının Prezidenti Şarl Mişel, Fransa prezidenti və mənim aramda keçirilən dördtərəfli görüşdə razılaşdırılıb. O vaxt Fransa hələ bizim tərəfimizdən normallaşdırma prosesindən kənarlaşdırılmamışdı. Belə bir razılıq əldə edildi ki, Avropa İttifaqının nümayəndələrinin iki ay müddətində məhdud kontingenti olacaq”.
Ermənistanın Baş naziri Nikol Paşinyan isə “Armenpress”ə müsahibəsində qeyd edib ki, delimitasiya prosesi başa çatdıqdan sonra orada üçüncü ölkələrin qüvvələrinin olmasına ehtiyac qalmayacaq: “Üçüncü ölkələrin qüvvələrinin Ermənistan-Azərbaycan sərhədinin delimitasiya olunmuş hissələrinə yerləşdirilməməsi ilə bağlı müddəanın genişləndirilməsini təklif edirik. Çünki delimitasiya nəticəsində sərhədin bu hissələrində eskalasiya riski xeyli azalır, hətta, minimuma düşür. Beləliklə, sərhədin tam delimitasiyası başa çatdıqdan sonra Ermənistan-Azərbaycan sərhədinin heç bir hissəsində üçüncü qüvvələrin olmasına ehtiyac qalmayacaq və Ermənistan belə yanaşmanı təklif edir”.
Ermənistan Baş nazirinin bu açıqlaması həm yerli, həm də beynəlxalq ekspertlərin mövqeyində ikitirəlik yaradıb. Bir qism ekspertlər Paşinyanın dediklərini Azərbaycanın tələblərinin yerinə yetirilməsi hesab edir, digər qism isə hesab edir ki, bu, Ermənistanın zaman qazanaraq, manevr etmək cəhdidir. İkincilər düşünür ki, Paşinyan sülhə qədər bu tələbləri yerinə yetirməməsi hətta yeni müharibəyə də səbəb ola bilər.
Fərqli nəticələrə gələn ekspertlərdən hansılar haqlıdır?
Azərbaycan Prezidenti ilə Ermənistan Baş nazirinin “məsafədən polemika”sının məzmunu hansı mətləblərdən xəbər verir? Paşinyan Əliyevin açıqlamalarına həm cavab verir, həm də tələbləri yerinə yetirməkdən yayınır? Yoxsa həmin tələblərin yerinə yetiriləcəyinə, lakin müqaviləni bundan asılı saxlamamağın lazım olduğuna işarə edir?
Xaqani Cəfərli deyir ki, üç il öncə dünyada çox böyük əksəriyyət Rusiyanın Ukraynaya müdaxilə ehtimalını ciddi qəbul etmirdi. Ancaq bu müdaxilə baş verdi və 34 aydır davam edən müharibəyə çevrildi. Ona görə də bizim üçün əsas məsələ sülh müqaviləsindən daha çox geosiyasi qeyri-müəyyənliyin bitdiyi zaman bölgədə güc nisbətinin necə olacağıdır: “Cənubi Qafqaz üzərində NATO və Avropa İttifaqının təsirinin güclənməsi, hətta tam nəzarət altına alınması ehtimalı istisna deyil. Ona görə də Ermənistanda bu gün Avropa İttifaqının və ya NATO-nun təmsilçilərinin olması əhəmiyyətli məsələ deyil. Beynəlxalq məhkəmələrdəki iddiaların qarşısının alınmasının ən yaxşı yolu dağıdılan şəhər və kəndlərimizə görə Ermənistana qarşı təzminat davasıdır. Bütün bunlar mənim fikirlərimi təsdiq edir ki, bölgədə dinc yanaşı yaşamaq üçün şərtlər tam mövcud deyil. Belə şərtlər tam mövcud olsa, bu məsələlər iki dövlət və xalq arasında öz həllini tapar”.
REAL Partiyasının sədri Natiq Cəfərli isə saytımıza açıqlamasında bildirib ki, indi tərəflər sülhə daha yaxındır: “Nikol Paşinyan ATƏT-in Minsk qrupunun taleyi ilə bağlı açıqlama verib. O bildirib ki, münaqişə bitibsə, onunla məşğul olan qurumlar ləğv edilməlidir. Bu da Azərbaycanın tələblərindən biridir. Yəni görünən odur ki, müəyyən kommunikasiyalar davam edir. Bu baxımdan da Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının yekunlaşması çox yaxındır”.
N.Cəfərli deyir ki, bütün dünyada hazırda bir gözlənti var ki ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp hakimiyyətə gəldikdən sonra nə baş verəcək? Hazırda Türkiyə ilə Ermənistan arasında da intensiv danışıqlar gedir. Hətta kommunikasiyaların açılması ilə bağlı təkliflər paketi mövcuddur, bu istiqamətdə qarşılıqlı görüşlər olub. Azərbaycanla Türkiyə bütün addımlarını birgə atdığından, Ankara ilə İrəvan arasında olan danışıqlar da Bakının bilgisi daxilində baş verir: “Yaxın Şərqdə də qəliz proseslər gedir. Belə olan halda, ən asan və tez həll oluna bilən məsələ məhz Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsidir. Bu, eyni zamanda paralel olaraq, Türkiyə-Ermənistan münasibətlərinin də normallaşması deməkdir. Çünki Azərbaycanla Ermənistan arasında yaşananlar dünya ictimaiyyətinin yaddaşında problemli münaqişə kimi qalıb”.
Müsahibimizin fikrincə, 2025-ci il yanvarın sonu - fevralın əvvəlində sülhlə bağlı daha konkret bir mənzərə yaranacaq. Ola bilər ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi və Türkiyə-Ermənistan arasındakı münasibətlərin normallaşması ilə bağlı razılaşmalar ABŞ-nin moderatorluğu ilə yaxın aylarda imzalansın. Bu da Trampın “dünyaya müharibə yox, sülh gətirəcəm” mesajının təsdiqi olacaq: “Erməni tərəfi konstitusiyanı tezliklə dəyişdirə bilməz. Ümumiyyətlə, bu, Azərbaycan tərəfindən irəli sürülən haqlı bir tələbdir. Amma bunun da bir proseduru var. Ermənistan Konstitusiyasında həmin müddəaların çıxarılması üçün referendum keçirilməlidir. Referendum üçün isə zaman lazımdır. Ən azından bunun üçün bir il müzakirələr aparılmalıdır. Qanunlar belə tələb edir. Qısa zamanda konstitusiya islahatlarına gedib, referendumla müddəaları aradan qaldırmaq mümkün görünmür. Ona görə də, tərəflərin razılığı ilə keçid dövr üçün çərçivə sazişi imzalamaq mümkündür. Bu sazişdə məhz konstitusiya dəyişikliyini Ermənistanın üzərinə öhdəlik kimi qoymaq olar”.
Digər müsahibimiz, hüquqşünas Fuad Ağayev saytımıza açıqlamasında bildirib ki, bununla bağlı ciddi rəy vermək çətin məsələdir, amma tərəflərin çıxışlarından başa düşülür ki, söhbət təkcə Ermənistanın Azərbaycana qarşı beynəlxalq məhkəmələrdə qaldırılan iddialardan getmir: “Söhbət həm də Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddialardan da gedir. Yəni burada Ermənistan tərəfi nə əvvəllər, nə də indi öz iddialarını geri götürmək fikrində olduqlarını ifadə etməyib. Burada tələblərdən qarşılıqlı imtina olunmalıdır”.(pressklub)
Burla