Əhməd Məsuda Tacikistandan silah çatdırılır-YENİLƏNDİ
Tacikistanla Pəncşir əyaləti arasında hava körpüsü yaradılıb.
Yenixeber.org: Bunu "Sputnik-Tacikistan" "Herat Times" nəşrinə istinadən yazır. Qeyd olunur ki, müqavimət ordusuna Tacikistandan lazım olan silah, sursat və materiallar vertolyotlar ilə göndərilir.
***
12:45
Əfqanıstan milli müqavimətinin lideri Əhməd Məsud, "Taliban"-ın təmsilçisi Əmirxan Muttaki ilə ölkədəki gərgin vəziyyəti müzakirə etdi.
Bu barədə "Sputnik-Tacikistan"a Məsudun müşavirlərindən biri məlumat verib.
Məlumata görə, "Taliban" Məsuddan silahlarını yerə qoyub danışıqlar masasına əyləşməsini istəyib. Muttaki qeyd edib ki, "Taliban"la müharibə mənasızdır, çünki hərəkat güclü ölkələr tərəfindən dəstəklənir və müasir hərbi texnikaya və silahlara malikdir.
Əhməd Məsud isə, öz növbəsində, müqavimət qüvvələrinin də yaxşı təchiz olunduğunu və ən əsas "güclü döyüş ruhuna sahib olduqlarını" qeyd edib. "Biz Əfqanıstanın azad, müstəqil və firavan qalmasının tərəfdarıyıq ki, bunu dialoq və qarşılıqlı anlaşma yolu ilə əldə etmək olar. Ancaq söhbət gücdən və müharibədən gedirsə, bizi tanıyırsınız. Mən atamın oğluyam və ölkəni qorumaq üçün əlimdən gələni edəcəyəm" – o əlavə edib.
Qeyd edək ki, daha əvvəl "Taliban"ın sözçüsü Zabihullah Mücahid qeyd edib ki, Bağlan əyaləti müqavimət qüvvələrindən tamamilə təmizlənib.
***
11:03
Əfqanıstanda hakimiyyəti ələ keçirmiş "Taliban" qruplaşması Pəncşir vilayətindəki müqavimət qüvvələrini mühasirəyə alıb.
TASS xəbər verir ki, ölkə ərazisində "Taliban"a tabe olmayan Pəncşir bölgəsi mühasirəyə alınıb.
Bildirilib ki, "Taliban" məsələni sülh yolu ilə nizamlanmaya çalışır.
Pəncşirdə Əhməd Məsud və vitse-prezident Əmənulla Salehin müqavimət qüvvələri "Taliban"a qarşı mübarizə üçün toplaşıblar.
Qeyd edək ki, Əfqanıstanda ən mürəkkəb relyefə malik əyalət - 140 mindən çox əhalisi olan Pəncşir, Kabildən çox da uzaqda deyil. Pəncşir, ölkədə taliblərin nəzarətinə keçməyən yeganə əyalətdir. "Taliban", hətta 1990 -cı illərdə Əfqanıstanda ilk dəfə hakimiyyəti ələ keçirilərkən buna nail ola bilməyib. Buna görə, əyalət coğrafi mövqeyi baxımından strateji əhəmiyyətə malikdir.