Nərimanovda hesabat yığıncağı keçirilib
Bu gün Nərimanov rayonunun sosial-iqtisadi inkişafının 2015-ci ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələr”ə həsr olunmuş Nərimanov Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın iclası keçirilib
"Xeberinfo.com": Tədbirdən öncə rayon rəhbərliyi və rəsmi qonaqlar İcra Hakimiyyətinin inzibati binasının foyesində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyaraq Ulu öndərin əziz və parlaq xatirəsini ehtiramla yad ediblər.
Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək cari il aprel ayının 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının geniş nitq söyləyərək ölkəmizdə sosial-iqtisadi inkişafın bütün sahələrində əldə olunmuş nailiyyətlərdən ətraflı söz açdığını və qarşıda duran vəzifələri diqqətə çatdıraraq, həmin vəzifələrin həlli ilə bağlı öz dəyərli tapşırıq və göstərişlərini verdiyini bildirib.
A.Fərzəliyev tədbir iştirakçılarının diqqətini rayonun sosial-iqtisadi inkişafını təmin edən ayrı-ayrı sahələr üzrə 2015-ci ilin birinci rübündə görülmüş işlərə, həyata keçirilmiş tədbirlərə və qarşıda duran vəzifələrə yönəldərək respublikamızda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində Bakı şəhərinin aparıcı rayonlarından olan Nərimanov rayonunun da hərtərəfli inkişafı üçün böyük işlərin görüldüyünü və bu işlərin hazırda da uğurla davam etdirildiyini nəzərə çatdırıb.
Daha sonra hesabat məruzəsi ilə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Şahmar İbadov diqqəti rayonda sənayenin əsas iqtisadi göstəricilərinə yönəldərək, birinci rübün yekunlarına görə rayon iqtisadiyyatının əsasını təşkil edən sənayenin dinamik inkişafının davam etdirildiyini və bu müddət ərzində xidmətlər də daxil olmaqla 573,1 milyon manatlıq məhsul istehsal olunduğunu, ötən ilin müvafiq dövrünə nisbətən 97,8 faiz artım sürəti əldə edildiyini, istehlakçılara 550,9 milyon manatlıq və ya bütün sənaye məhsulunun 99,9 faizi qədər sənaye məhsulu göndərildiyini, həmçinin istehsal olunmuş sənaye məhsulunun həcmində dövlət sektorunun xüsusi çəkisinin 84,7 faiz təşkil etdiyini söyləyib.
İlk Avropa Oyunlarının keçirilməsinə hazırlıqla əlaqədar ölkə başçısı tərəfindən qarşıya qoyulan vəzifələrin icrası istiqamətində işlərin təxirə salınmadan həyata keçirildiyini xüsusi vurğulayan Ş.İbadov təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq cari ilin mart ayı və aprel ayının birinci ongünlüyü ərzində Nərimanov rayonu ərazisində bu istiqamətdə həyata keçirilən tədbirlərin davam etdirildiyini diqqətə çatdırıb.
Bildirilib ki, yeni inşa olunan Olimpiya Stadionu Nərimanov rayonu ərazisinə düşən hissəsində geniş abadlıq və quruculuq işləri böyük sürətlə və yüksək keyfiyyətlə həyata keçirilir. İlk növbədə artıq şəhərimizin ən gözəl prospektlərindən birinə çevrilən Ziya Bünyadov prospektinin uzunluğu 15 km olan hissəsində yaşayış və qeyri-yaşayış binalarının fasadları və dam örtükləri yenidən qurulub, digər hissələrdə isə hasarlar tikilərək müasir üzlük tavanlarla bəzədilib.
Eyni zamanda diqqətə çatdırılıb ki, “Gənclik” metrostansiyasının ətrafında yerləşən binaların milli memarlıq üslubunda yenidən qurulması və yeni yeraltı piyada keçidlərinin inşa olunması, Ziya Bünyadov prospektinin yenidən qurulması, Olimpiya Stadionunun tikintisi ilə əlaqədar yeni yol qovşaqlarının və yeraltı yol ötürücülərinin salınması, şəhərin baş planına uyğun olaraq digər infrastruktur layihələrin həyata keçirilməsi işləri uğurla yerinə yetirilib və son tamamlama işləri aparılır.
Bakı şəhərinin giriş qapısı sayılan H.Əliyev prospektinin yenidən qurulması layihəsinə uyğun olaraq istismar müddətini keçmiş və sökülmüş 8 ədəd yaşayış binasının yerində müasir milli memarlıq üslubunda 4 ədəd yaşayış binasının tikintisi sürətlə və yüksək keyfiyyətlə davam etdirilir və həmin binaların yaxın müddətdə sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulub.
Yekunda Ş.İbadov vurğulayıb ki, Nərimanov rayonunun sosial–iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması, onlara göstərilən kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi və s. istiqamətində rüb ərzində çox böyük işlər görülüb və bu işlər gələcəkdə də uğurla davam etdiriləcəkdir.
Milli Məclisin deputatı Adil Əliyev və digər çıxış edənlər rayonda geniş vüsət alan abadlıq-quruculuq işləri barədə öz fikirlərini bildirərək, rayon sakinlərinin problemlərinin həlli istiqamətində görülən işlərdən məmnunluq ifadə ediblər. Onlar dövlətimizin başçısının rəhbərliyi altında ölkə həyatının bütün sahələrində əldə edilmiş nailiyyətləri diqqətə çatdırıb və Nərimanov rayonunda hesabat ilində görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliklərini bildiriblər.
Sonda rayonun sosial-iqtisadi və ictimai-mədəni həyatında fərqlənən şəxslərə Rayon İcra Hakimiyyətinin fəxri fərman və hədiyyələri təqdim olunub.
İclasa rayonun rəhbərliyi, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, həmçinin rayon ictimaiyyətinin nümayəndələri qatılıblar.