Nazirlikdən 10 minlə bağlı açıqlama
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) də Azərbaycan ailələrində doğulacaq 2-ci qız uşağına görə 10 min manat veriləcəyi barədə yayılan xəbərə aydınlıq gətirib
"Xeberinfo.com": “Azərbaycan Prezidentinin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsaslanmaqla, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı”nın (2014-2025-ci illər) layihəsi hazırlanıb. Layihə nazirliyin rəsmi saytının (www.mlspp.gov.az) “Qanunvericilik” bölümündə ictimai müzakirəyə çıxarılıb və aidiyyəti dövlət qurumlarının, eləcə də QHT-lərə Dövlət Dəstəyi Şurasının rəy və təklifləri əsasında təkmilləşdirilir.
Lakin bu təkliflər sırasında Dövlət Proqramı layihəsinə ailələrdə ikinci qız uşaqlarının və növbəti qız uşaqlarının adına hesab açılması və həmin hesaba 10 min manat vəsait köçürülməsi ilə bağlı təklifin salınması barədə mətbu orqanlarda qeyd edilənlərin heç bir əsası yoxdur”.
Bu bərədə Modern.az saytına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev məlumat verib.
Nazirlik rəsmisi qeyd edib ki, layihənin Tədbirlər Planı hissəsində Azərbaycanda demoqrafiya və əhali sakinliyinin 2025-ci ilədək dövr üçün inkişaf istiqamətləri sırasında selektiv abortların qarşısının alınması da bir istiqamət kimi əksini tapıb.
“Bununla əlaqədar doğulanlar arasında cins nisbətinin pozulmasının aradan qaldırılmasına dair Tədbirlər Planının hazırlanması və təsdiq edilməsi nəzərdə tutulub. Başqa sözlə, layihədə cins nisbətinin pozulmasının aradan qaldırılması üçün qız uşaqlarının doğulmasına görə ailələrə hansısa ödənişlərin aparılması barədə heç bir qeyd əksini tapmayıb”.
Onun sözlərinə görə, hazırda bu Dövlət Proqramı hələ layihə formasında və ictimai müzakirə mərhələsində olduğuna görə onunla bağlı ayrı-ayrı QHT-lər və ya şəxslər tərəfindən hər hansı təkliflərin səsləndirilməsi təbiidir:
“Onu da bildiririk ki, bu Dövlət Proqramı qəbul edildikdən sonra Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafına dair qəbul edilmiş digər dövlət proqramları ilə əlaqəli şəkildə həyata keçiriləcək”.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov Azərbaycanda qız valideynlərinin mükafatlandırılması üçün yeni sistem tətbiq olunacağını, buna görə də ikinci qız dünyaya gəldikdə onun adına bankda 10 min manatlıq hesab açılacağı ilə bağlı açıqlama vermişdi.