Mayın 4-də dövlət qurumlarının eləcə də bir sıra iş və xidmət sahələrinin fəaliyyətinin bərpa olunması ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi (BNA) sərnişindaşımada sıxlığın qarşısını almaq üçün əlavə tədbirlər görüb.

Yenixeber.org: Bu barədə Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayev məlumat verib. O bildirib ki, həmin gündən etibarən ictimai nəqliyyat istifadəçilərinin sayında da artım gözlənilir:

"Ümumilikdə bildirim ki, BNA tərəfindən bütün mümkün hallarda sərnişindaşımaların təşkili üçün əvvəlcədən hazır fəaliyyət planları var. Dəqiq hesablamalar əsasında hazırlanan bu planların icrası bizə bütün mərhələlərdə sərnişin sayı ilə bağlı ehtimallarımızın doğru olduğunu göstərdi. Onu da qeyd edim ki, artıq bir neçə gündür ki, gündəlik daşınan sərnişin sayı 800 mindən artıqdır. Məhz əvvəlcədən hazırlanan planların icrası bizə imkan verir ki, artan dinamikanı düzgün idarə edək. Həftənin bazar ertəsi günü sərnişindaşımada artan tələbatın ödənilməsi xüsusən də səhər və axşam saatlarında sərnişin axınının idarə olunması məqsədilə də qabaqlayıcı tədbirlər həyata keçirilir".

M.Ağayev qeyd edib ki, ilk növbədə ekspres xətlər üzrə avtobusların sayı artırılıb:

"Ekspres xətlərə əlavə ilkin olaraq 6 ədəd 18 metrlik avtobuslar cəlb ediləcək. Bundan əlavə, səhər və axşam pik saatlarında sərnişin axını olan istiqamətlərdə ehtiyat avtobusların buraxılması da nəzərdə tutulub. Həmçinin, Bakı Nəqliyyat Agentliyi tərəfindən daşıyıcılara da xəbərdarlıq edilib ki, onlar da müntəzəm xətlər üzrə avtobus sayını maksimum dərəcədə artırsınlar və avtobuslararası intervala nəzarəti xüsusi ilə diqqətdə saxlasınlar. Verilən tapşırıqların icrasına nəzarət məqsədilə BNA əməkdaşları mobil qruplar halında xidmət edəcəklər. Bildirmək istərdim ki, mövcud vəziyyətdə sərnişindaşıma prosesinin həyati əhəmiyyət kəsb edir. Bunu nəzərə alaraq üzərimizə düşən missiyanın laiqincə yerinə yetirmək üçün bütün səy və qüvvələrimizi səfərbər etmişik. Bununla artıq neçənci dəfədir ki, şəhər nəqliyyatının böhranlı vəziyyətlə dayanığlığını sübut olunub. Bir aydır artıq şəhərdə sərnişindaşımalar məhz avtobuslarla icra olunur. Bu, olduqca böyük məsuliyyətdir. Dövlət başçısının diqqət və qayğısı, vətən və xalq qarşısında olan məsuliyyətimiz bizə işimizin öhtəsindən gəlməyə imkan verir".