Füzulidə - qabaqlayıcı tədbirlər və maarifləndirmə işləri gücləndirilib
Füzulidə koronavirus infeksiyasının qarşısının alınması üçün qabaqlayıcı tədbirlər və maarifləndirmə işləri gücləndirilib
Yenixeber.org: Füzuli rayonunda Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq, koronavirus (COVID -19) infeksiyasının geniş yayılmasının qarşısının alınması, xüsusi karantin rejiminin tələblərinə əməl olunması məqsədilə ardıcıl və sistemli şəkildə qabaqlayıcı tədbirlər və maarifləndirmə işləri aparılır.
Koronavirus infeksiyasına yoluxmanın qarşısını almaq, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması məqsədilə sosial izolyasiyanın gücləndirilməsi, habelə fərdi izahetmə-xəbərdarlıq işlərinin aparılması üçün Rayon İcra Hakimiyyəti başçısı Aparatının, inzibati ərazi nümayəndəliklərin, bələdiyyələrin əməkdaşlarından, yerli könüllülərdən və ictimaiyyət fəallarından təşkil olunan mobil qrupların fəaliyyəti gücləndirilib.
Mobil qruplar tərəfindən rayonun şəhər, qəsəbə və kəndlərində maarifləndirmə-xəbərdarlıq işləri aparılaraq, vətəndaşlardan xüsusi karantin rejiminin qaydalarına əməl etmələri, zərurət olmadıqda evdən çıxmamaları, yalnız təxirəsalınmaz tibbi yardıma ehtiyac olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, əhaliyə xidmət göstərən obyektlərə gedildikdə, məişət tullantıları atıldıqda evdən çıxmaları, ciddi zərurət olmadan şəxsi avtomobillərdən istifadə etməmələri, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini gözləmələri tövsiyə edilir.
Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşları və yerli könüllülər tərəfindən rayonun ayrı-ayrı yaşayış məntəqələrində tənha yaşayan, yaşı 65-dən yuxarı olan, o cümlədən aztəminatlı ailələrin siyahısı hazırlanıb, onlara ərzaq bağlamalarının və tibbi ləvazimatların paylanması təşkil edilir.
Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev də mütəmadi olaraq yaşayış məntəqələrində olaraq xüsusi karantin rejiminin tələblərinə riayət olunmasının monitorinqi aparır, insanlara karantin rejiminin tələblərinə ciddi riayət etmələrini, özlərinin və ailələrinin sağlamlığı üçün milli həmrəylik nümayiş etdirərək evda qalmalarını tövsiyyə edir.
Bundan başqa rayonun bütün yaşayış məntəqələrində koronovirus infeksiyasına qarşı gündəlik dizenfeksiya işləri aparılır, virusdan müdafiə olunmaq qaydalarını özündə əks etdirən xüsusi elanlar hər bir ailəyə çatdırılır, xüsusi səs gücləndiricilər vasitəsilə insanlara zərurət olmadıqca çölə çıxmamaları, şəxsi gigiyena qaydalarına ciddi riayət etmələri və evda qalmaları izah edilir.
Rayon Qərargahı ərazidə koronovirus infeksiyasına qarşı mübarizə tədbirlərini gündəlik olmaqla, ciddi nəzarət altında davam etdirir.