Yenixeber.org: Həmin məktəb liseylərdə ibtidai sinifi bitirən şagirdlərin 5-ci sinifdə hansı qruplara və hansı meyarlar əsasında yerləşdirilməsi, şagird bölgüsünün necə aparılması ilə bağlı AzNews.az saytının əməkdaşı Təhsil Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Cəsarət Valehova telefonla müraciət edib.

Çünki məktəblərdən qeyri-rəsmi verilən məlumata görə, şagird bölgüsü ilə bağlı Təhsil naziri Ceyhun Bayramovun əmri ilə xüsusi komissiya yaradılıb. Əməkdaşımız onu da öyrənmək istəyib ki, nazirin belə bir əmri varmı və əgər varsa, təşkil olunan komissiyaya kimlər daxildir? Həmin komissiya barədə Təhsil nazirliyinin rəsmi saytında niyə məlumat yoxdur, həmçinin məktəb liseylərdə 5-ci siniflərə qəbulla bağlı aparılan imtahanın nəticələrini valideynlər on-line qaydada niyə öyrənə bilmir?

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov əməkdaşımızın ilk sualından sonra bildirib ki, onun başçılıq etdiyi xidmət ancaq elektron qaydada suallara cavab verir. Əməkdaşımız elektron qaydada sualları hazırlayaraq Təhsil nazirliyinin rəsmi elektron ünvanına göndərib. Lakin Cəsarət Valehovun bu yanaşması olduqca qanunsuzdur və jurnalistlərin operativ məlumat toplamaq hüququnu pozur. Belə ki, “İnformasiya əldə etmək haqqında” qanuna əsasən hər bir vətəndaşın dövlət qurumuna telefonla sorğu vermək hüququ var. Cəsarət Valehov həmin qanuna əməl etsəydi, jurnalisti başçılıq etdiyi xidmətin əməkdaşı ilə əlaqələndirməli, həmin əməkdaş sualları ya şifahi qaydada, əgər lazımdırsa, yazılı formada bu günkü iş günü ərzində cavablandırmalı idi.

Odur ki, Cəsarət Valehovun nəzərinə çatdırmaq istəyirik ki, ya öz işini KİV haqqında müvafiq qanunlara uyğun qursun və AzNews.az kimi mötəbər portalın əməkdaşlarını da “başdan ediləcək” jurnalist kateqoriyasında görməsin.

Ümid edirik, bu tənqidimizdən o dərhal nəticə çıxaracaq və öz işində dönüş edəcək. Mətbuat xidmətinin birbaşa borcu jurnalistlərin suallarını cavablandırmaqdır, onları başından eləmək deyil!