“Məşğulluq haqqında” qanun layihəsinəƏLAVƏLƏR VAR
Azərbaycan Milli Məclisinin bu gün keçirilən plenar iclasında yeni hazırlanan “Məşğulluq haqqında” qanun layihəsi ilk oxunuşda müzakirəyə çıxarılıb
Yenixeber.org: Qanun layihəsi 5 fəsil, 34 maddən ibarətdir.
Yeni sənəddə işaxtaran və işsiz şəxslərin müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınması qaydası tamamilə yenidən müəyyən edilib. Qeydiyyata alınma prosedurunun elektron qeydiyyat üzərində həyata keçirilməsi nəzərdə tutulur.İlk dəfə olaraq işaxtaran və işsiz şəxslərə əvvəlcə vakansiya bankından münasib işin onlar tərəfindən seçilməsi hüququ verilir. Onlar bu hüquqdan istifadə etmədikdə isə sistem tərəfindən bu edilir. Münasib iş təklifi üzrə müddət isə 11 gündən 5 günə endirilir.
Layihədə aktiv məşğulluq tədbirlərindən biri hesab olunan və hazırda tətbiqinə önəm verilən özünə məşğulluğa dair yeni maddə daxil edilib. Çünki hazırda qanunda bu tədbiri tənzimləyən müvafiq maddə yoxdur. Yeni maddə ilə özünə məşğulluq tədbirlərinin mərhələləri və müddətləri monitorinq, əmlakların qaytarılması və s. prosedurlar müəyyən edilib. Layihəyə əsasən, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub digər məşğulluğu olmayan şəxslər də, müvafiq şəxslərin ümumi sayının 50 faizindən çox olmamaq şərtilə, özünəməşğulluğa cəlb edilirlər.
İşsiz şəxslərin özünəməşğulluğunun təşkili zamanı ünvanlı dövlət sosial yardımı alan şəxslərə, əlillərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, bir ildən artıq işsiz kimi qeydiyyatda olanlara, pensiya yaşına iki ildən az qalan şəxslərə, cəzaçəkmə yerlərindən azad edilmiş işsiz şəxslərə üstünlük verilir.
Layihədə işaxtaran və işsiz şəxslərin sosial təminatlarına əlavələr edilib, peşə hazırlığı dövründə işsiz şəxsə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi minimum aylıq əməkhaqqı məbləğində təqaüd veriləcəyi nəzərdə tutulub. O qeyd edib ki, bu məbləğ hazırki məbləğdən (75 manat) 1.7 dəfə çoxdur.
Qanun layihəsi müzakirədən sonra səsverməyə çıxarılaraq ilk oxunuşda qəbul olunub.