Bakıdakı beynəlxalq hospitalda 850 nəfər işləyəcək, helikopterlərin enməsi üçün meydança da yaradılıb
Bakının Nizami rayonu ərazisində açılış mərasimi keçirilən Bona Dea Beynəlxalq Hospitalında ümumilikdə 850 nəfərdən ibarət tibbi heyətin işləyəcəyi nəzərdə tutulur
Yenixeber.org: Prezident İlham Əliyev və birinci xanımMehriban Əliyevanın iştirak etdiyi mərasimdə məlumat verilib ki, onlardan 22 həkim və 30 orta tibb heyəti Avropadan dəvət olunmuş yüksək ixtisaslı mütəxəssislərdir. Bu mütəxəssislər dünyada öz sahələri üzrə məşhur olan tanınmış tibb işçiləridir. Burada çalışan tibb mütəxəssisləri arasında ABŞ, Kanada, Avstraliya, Almaniya, İtaliya, Fransa, Belçika, Niderland, Xorvatiya, Serbiya, Yunanıstan, İspaniyadan olan yüksək peşəkar həkimlər var.
Qeyd olunub ki, bina stasionar və diaqnostik hissələrdən ibarətdir. Stasionar hissə yeddimərtəbəli, diaqnostik hissə isə dördmərtəbəlidir. Hospitalda ürək-damar cərrahiyyəsi, invaziv-kardiologiya, mama-ginekologiya, neonatologiya, pediatriya, təcili tibbi yardım, reanimasiya, süni mayalanma, ümumi cərrahiyyə, ortopediya-travmatologiya, neyrocərrahiyyə, qulaq, burun və boğaz xəstəlikləri, göz xəstəlikləri, urologiya, anesteziologiya, daxili xəstəliklər, qastroenterologiya, nevrologiya, şüa diaqnostikası, tibbi laboratoriyalar, onkologiya, stomatologiya, qan bankı, fizioterapiya-reabilitasiya, mərkəzi sterilizasiya kimi bütün əsas tibbi xidmət sahələri fəaliyyət göstərəcək. Hospitalın 206 çarpayılıqdır. Təcili tibbi yardım şöbəsi isə 12 yerlikdir.
Pediatriya və neonatologiya şöbəsində azyaşlıların müalicəsi üçün hər cür şərait yaradılıb. Burada ümumi pediatriya, genetik konsultasiya, pediatrik nevrologiya, kardiologiya və cərrahiyyə xidmətləri göstəriləcək. Şöbədə, eyni zamanda, qabaqcıl laparoskopik prosedurlar da icra olunacaq.
Hospitalın şüa diaqnostika-radiologiya şöbəsi də ən müasir tibbi avadanlıqla təchiz olunub. Rentgen, MRT, kompüter tomoqrafiya və ultra səs müayinəsi avadanlığının quraşdırıldığı şöbə çoxmetodlu diaqnostik və müdaxiləvi vizualizasiya xidmətlərini təklif edir. Burada xəstələrə rəqəmsal radioqrafiya, rəqəmsal flüoroskopiya və digər xidmətlər də göstəriləcək.
Diqqətə çatdırıldı ki, müəssisənin kliniki laboratoriya şöbəsi bütün xəstələri həftənin və sutkanın istənilən vaxtı hərtərəfli müayinələr və qan bankı xidmətləri ilə təmin edir. Burada müxtəlif laborator müayinələr aparmaq üçün dünyanın aparıcı şirkətlərinin istehsalı olan və ən müasir standartlara cavab verən avadanlıq quraşdırılıb. Bu avadanlıq laborator müayinələri yüksək keyfiyyət və dəqiqliklə, həmçinin qısa müddətdə icra etməyə imkan yaradır. Laboratoriyanın məlumat sistemi xəstəxananın məlumat sistemi ilə əlaqəlidir. Kliniki kimyəvi laboratoriyada tamamilə avtomatlaşdırılmış nəzarət sistemi mövcuddur.
Bildirilib ki, Bona Dea Beynəlxalq Hospitalında helikopterlərin enməsi üçün meydança da yaradılıb.
Hospitalın ən müasir tələblərə cavab verən konfrans zalında müxtəlif toplantılar, iclas, görüş, müşavirə və digər tədbirlər təşkil etmək, həmçinin peşəkar həkimlərin gənc mütəxəssislərə təlimlər keçmələri üçün də hər cür şərait mövcuddur. Ümumi tutumu 145 yerlik olan bu zalda cərrahi əməliyyatları birbaşa izləmək mümkündür.
Hospitalın əməliyyat bloku da texniki təminatına görə mövcud olan bütün dünya standartlarına tam cavab verir. Tibb müəssisəsində 10 əməliyyatxana, 2 angioqrafiya otağı yaradılıb. Ümumilikdə burada fəaliyyət göstərən Cərrahiyyə Xidmətlər Klinikasında laparoskopik prosedurlar, açıq cərrahiyyə və digər cərrahi əməliyyatlar aparılacaq.
Beynəlxalq hospitalın ürək-damar cərrahiyyəsi şöbəsi ən müasir qeyri-invaziv və invaziv diaqnostik avadanlıqla təchiz edilib. Burada açıq ürək cərrahiyyəsini yerinə yetirmək mümkündür. Bundan başqa, şöbədə ürək çatışmazlığı, anadangəlmə ürək xəstəliyi cərrahiyyəsi və digər əməliyyatlar yerinə yetirilir. Əməliyyatxanada quraşdırılan avadanlıq bu sahədə dünyanın aparıcı şirkətlərinin məhsullarıdır. Hospitalda ümumilikdə 70-dən artıq tibbi avadanlıq inteqrasiya olunub ki, bu da vahid mərkəzdən idarəetmənin təmin edilməsinə şərait yaradır.
Tibb müəssisəsinin ümumi reanimasiyası 28, neonatoloji reanimasiyası 10, kardioloji reanimasiyası isə 8 çarpayılıqdır. Xəstələrin rahatlığı üçün reanimasiya otaqları bir-birindən ayrı təşkil olunub. Bu şöbədə də tibbin son nailiyyətlərinə əsaslanan avadanlıq quraşdırılıb. Bir sözlə, hospitalın bütün şöbələrində quraşdırılan son model tibb avadanlığı və qurğuları xəstələrə yüksək səviyyədə tibbi xidmət göstərməyə imkan verir, onların müayinə və müalicəsini, profilaktik işləri müasir tələblər səviyyəsində qurmaq üçün geniş şərait yaradır. Xəstəxanada ən müasir səviyyədə prenatal diaqnostik avadanlıq var. Hospital Avropanın məşhur tibbi və paramedikal heyəti ilə işləyir, aparıcı tibb institutları ilə əməkdaşlıq edir. Burada fəaliyyət göstərən aptekdə bütün dərmanlar elektron-reseptdən istifadə edilərək, həkimin cavabdehliyi altında təyin olunur, qapalı və nəzarət edilən avtomatlaşdırılmış paylanma kabinetlərində paylaşdırılır.
Xəstəxanadakı tibbi avadanlıq ABŞ, Almaniya, Yaponiya, İtaliya, Fransa, İngiltərə, İsveç, Belçika və İspaniyanın aparıcı şirkətlərinin istehsalıdır. Onların arasında “Getinge Group”, “MAQUET”, “Siemens”, “Drager”, “Hill-Room”, “Olympus”, “Aesculap”, “Karl Storz”, “Sirona”, “Agoko”, “Abbott”, “BioMerieux”, “B-Braun”, “Swisslog”, “ZEISS” və s. müasir tibbi avadanlığın istehsalı üzrə ixtisaslaşan tanınmış şirkətlərin məhsulları var. Bu avadanlıq müayinəni dəqiqliklə yerinə yetirməyə, eyni zamanda, müalicə işini yüksək səviyyədə qurmağa imkan yaradır.
Tibb ocağında texnoloji yeniliklər tətbiq olunub. Burada yaradılan pnevmo-poçtla müxtəlif şöbələrə, o cümlədən qəbul və laboratoriya şöbələrinə analiz nümunələri, xəstələr üçün isə dərmanlar göndərmək mümkündür. Hospital tibbi xidmətlər üzrə dünyada ən nüfuzlu keyfiyyət və təhlükəsizlik standartları olan JCI standartlarına uyğun layihələndirilib və qurulub. Tibbi heyətin və xəstələrin qidalanması üçün müəssisənin mətbəxində müasir avadanlıq quraşdırılıb, yeməkxanada lazımi şərait yaradılıb.
Diqqətə çatdırılıb ki, hospitalın binasının ümumi sahəsi 40 min kvadratmetrə yaxındır. Havalandırma, yanğından mühafizə və videomüşahidə sistemləri binanın bütün ərazisini əhatə edir. Tibb ocağı fasiləsiz elektrik enerjisi ilə təmin olunur. Binada 2500 kilovoltlıq UPS dəstəyi, 7000 kilovoltlıq transformator quraşdırılıb.