SEVGİLİLƏR GÜNÜ, YOXSA?..
SEVGİLİLƏR GÜNÜ, YOXSA?..
Yenixeber.org: Fevral ayındayıq. Neçə illərdir ki, bu ayın ortalarına doğru gəldikcə gənclər arasında eyni dialoqların şahidi oluruq. Çevrəmizdə fərqli canlanma hakim olur. “Segililər Günü” yaxınlaşır. Hamı bayram əhval-ruhiyyəsində bu günü qeyd etməyə hazırdır. Mağazalarda vitrinləri bəzəyən ürək şəkilli hədiyyə növləri, habelə, küçələrdə satılan ürək formalı şarlar və gül dəstələri yeniyetmələrdən tutmuş, ömrünün kamillik dövrünü keçən hər kəsdə ayrı bir maraq oyadır. Nəzərə alaq ki, sözügedən hədiyyəələr fevraldan başqa qalan 11 ay ərzində də satılır. Ancaq məhz bu tarixdə - fevral ayının 14-də bütün alış-veriş mərkəzləri alış-veriş etmək üçün əlləşib-vuruşan insanlarla dolu olur. Əksəriyyət bir-birindən geri qalmamaq üçün pullarını israf edərək “sevgilərini” sevdiklərinə göstərməyə çalışırlar.
Bəs bu bayramın yaranma tarixi hansı mənbəyə əsaslanır? Sevgililər gününün başlanğıc tarixi qədim Roma imperatorluğuna qədər uzanır. 14 fevral günü bütün Roma xalqı üçün önəmli bir gün idi. Çünki bu gündə Roma “tanrılarının” kraliçası olan Junoya duyulan hörmətdən dolayı tətil olardı. Juno həm də Roma xalqı tərəfindən qadınlıq və evlilik “tanrısı” olaraq da bilinirdi. 15 mart tarixində isə Luperkalia bayramı başlayırdı.
Bu bayram xalqın gəncləri üçün böyük önəm daşıyırdı. Hansı gənc oğlanın hansısa gənc qızla bir yerdə olacağı Luperkalia bayramında bəlli olurdu.
Romalı gənc qızlar adlarını kiçik kağız parçasına yazıb bir qabın içərisinə atırdılar. Oğlanlar isə oradan adlardan birini götürərdilər. Beləliklə də, bu bayramı adı kağızda yazılan həmin qızla birlikdə keçirərdilər. Bayramı bərabər keçirən gənclərdən bir çoxları sonradan ailə qurardılar.
Roma imperatoru II Kladius Romanı öz qanunları ilə idarə edən zalım bir hökmdar idi. Ordusu üçün savaşan əsgər tapmaq onun ən böyük problemi idi. İmperatora görə, buna səbəb romalı kişilərin sevdiklərini və ailələrini tərk etməmək istəkləri idi.
Buna görə də o, Romadakı bütün evlilikləri aradan qaldırdı. Valentin də o zaman Romada yaşayan bir rahib idi. Özü kimi rahib olan Marius ilə birlikdə, imperatorun qadağasına baxmayaraq, gəncləri evləndirməyə gizlincə davam edirdilər. Bir müddət sonra bu xəbər imperatora çatır. Gəncləri evləndirdiyinə görə, Valentin həbs eedilir və sonra öldürülür. Miladdan sonra 269-cu il fevralın 14-də Valentinin dəfni olur. Bu ərəfədə bütpərəstlər Romada fevral ayında öz “tanrı”ları üçün qeyd olunan Lperkalia bayramını keçirirdilər.
Xristian kilsəsinin ilk qurulduğu dövrlərdə xidmət edən rahiblər, bu mərasimlərdən, xüsusilə də evlənməmiş gənclərin bütpərəstlərlə birlikdə xatırlanmasından rahatsız olduqları üçün bir çıxış yolu tapdılar. Luperkalianın başladığı günü “Valentin günü” olaraq bayram etməyə başladılar.
Ölkəmizdə bu günün qeyd olunmasının dini baxımdan heç bir əsası yoxdur. “Sevgililər günü” bayramını qeyd edib-etməməsi, yaxud necə qeyd etməsi ilə maraqlandığım insanların bu tarixə yanaşma tərzləri kimi düşüncələri də müxtəlif oldu. Belə ki, əksəriyyəti “bəli, bayramın keçirilməsinin tərəfdarıyam. Ən azından il ərzindəki 365 günün birində sevildiyinin sənə xatırlanması çox xoşdur” deyə bcavab verdi. Bəziləri isə “nə Valentin, nə sevgi? Ölkəmizdə bu günün qeyd olunması sadəcə ticarət xatirinə keçirilən oyundur” deyib həmin gündə nə qədər çox pul xərclənib qazanıldığını vurğuladı.
Əslində bir tərəfdən bu fikirlə razılaşmamaq mümkün deyil. Çünki bayram edənlər siyahısında ən başda gülsatanlar, kosmetika sektoru, şirniyyat dükanları, restoranlar və s. “obyektlər” dayanır.
Təəssüflə bir nüansı da qeyd etməliyəm. “14 Fevral” insanların düşüncəsinə elə yeridilib ki, çoxu bu tarixin vazkeçilməz olduğunu, məhz bugünkü gündə sevgisini göstərməli olduğunu düşünür. Əksəriyyəti isə, az öncə qeyd etdiyim kimi 365 gündən cəmi 1-ində sevimli olduğunu duyması ilə kifayətlənir.
Sevgi Allah tərəfindən insana bəxş edilən ən ülvi hissdir. Gəlin bu günlərdə qarşımıza çıxan, bilərəkdən bircə gün üçün hazırlanmış, oyunun bir parçası olan, gözəl sevgi sözlərinə, qiymətləri ikiqat artıran gül satıcılarına aldanmayaq. Kimlərəsə özünü reklam xarakterli deyil, həqiqi hisslərlə sevək.
P.S. HƏR BİRİNİZƏ YAŞADIĞINIZ HƏR İLİN HƏR GÜNÜ, HƏR SAATINDA ONUN ÜÇÜN SEVİMLİ, DƏYƏRLİ, GƏRƏKLİ OLDUĞUNUZU SİZƏ HİSS ETDİRƏN, QƏLBİ SİZİN ÜÇÜN SEVGİ İLƏ DÖYÜNƏN İNSANIN MƏHƏBBƏTİNİN CAZİBƏSİNDƏ OLMAĞINIZI DİLƏYİRƏM.
Mənzər Qurbanova