Sürücüləri çaş-baş salan məsələyə aydınlıq gətirildi –VİDEO
Bir həftə əvvəl daxili işlər orqanları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində saxlanılan şəxslərdən biri "Facebook"da videosunu paylaşaraq azadlıqda olduğunu bildirib
Yenixeber.org: O, videomüraciətində Azərbaycana antiradar deyil, qanunla istifadəsinə, satışına icazə verilən radar detektoru gətirdiyini bildirib.
“Azərbaycan qanunvericiliyində radar detektorunu qadağan edən maddə mövcud deyil”, - deyə azadlığa buraxılan şəxs bildirib.
O, radar detektorunu alarkən ona verilən qəbzi, zəmanət kağızını da nümayiş etdirib: “Əgər qadağandırsa, aldığım yerdən bu qəbzi, zəmanət kağızını mənə necə veriblər?”
Daha sonra o, avtomobilinə quraşdırdığı radar detektorunu nümayiş etdirib.
Daxili İşlər Nazirliyinin rəsmi məlumatında isə qeyd olunur ki, respublikanın avtomobil yollarında təhlükəsizliyin daha etibarlı təmin olunması, həmçinin sürət həddini ölçən xüsusi texniki vasitələrin işinə mane olan və istifadəsinə qanunla icazə verilməyən antiradarların satışını təşkil edən şəxslərin müəyyən edilərək ifşa olunması məqsədi ilə daxili işlər orqanları tərəfindən əməliyyat tədbiri həyata keçirilib və 3 nəfər saxlanılıb.
Bəs, bu məsələ qanunla necə tənzimlənir? Antiradar və radar detektoru qanunla qadağandırmı?
Avtomobil eksperti, "Avtostop" layihəsinin rəhbəri Tural Yusifli bildirdi ki, antiradar cihazı bütün dünyada qadağan olunsa da, radar detektorundan istifadəyə icazə verilir.
Onun sözlərinə görə, Azərbaycan qanunvericiliyində radar detektorunun avtomobillərə quraşdırılmasını qadağan edən heç bir maddə yoxdur.
“Antiradar radarın işinə mane olan cihazdır. Antiradar şüa buraxır və nəticədə radar sürəti ölçə bilmir. Radar detektoru isə qadağan deyil. Bu cihaz müəyyən tezlikdə şüa buraxır, televizor, radio, ratsiya və digər texniki avadanlıqlar barədə məlumat verir”, - deyə Tural Yusifli bildirdi.
Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov isə bildirdi ki, antiradarların Azərbaycana gətirilməsinə, satışına heç bir qadağa yoxdur.
“Lakin antiradarların avtomobillərdə quraşdırılması, istifadəsi birmənalı olaraq qadağandır. Antiradarın buraxdığı radiodalğalar radarın işləməsinə mane olur və sürəti ölçə bilmir.
“Yol hərəkəti haqqında” qanunun 74-cü maddəsində göstərilir ki, antiradarların və ölçmə cihazların işinə maneə yaradan digər qurğuların nəqliyyat vasitələrində sürücü tərəfindən istifadəsi qadağandır.
İnzibati Xətalar məcəlləsində 342.9-cu maddədə isə qeyd olunur ki, antiradarın nəqliyyat vasitələrində istifadəsinə görə, həmin qurğu müsadirə olunmaqla 500 manatdan 800 manatadək cərimə tətbiq olunur”, - deyə Ərşad Hüseynov bildirdi.
Ekspertin sözlərinə görə, qanunvericilik radar detektorunun ölkəyə gətirilməsini, satışını, avtomobillərdə quraşdırılmasını qadağan etmir.
“Radar detektorunun sertifikatı, məlumat kitabçası olur. DYP əməkdaşı saxlayanda bunları göstərmək lazımdır. Mübahisə yaranarsa, həmin predmet götürülür, xüsusi zərfə qoyularaq ekspertizaya göndərilir”, - deyə Ərşad Hüseynov qeyd edib.