İcra başçısının biznes imperiyasından seçmələr: mülklər, dükanlar, bank hesabları…
Xeberinfo.com: Britaniyanın bütün dünyada tanınan ATKINS şirkəti “Şəhər Bağları” yaşayış kompleksi barədə yazı dərc etmişdik. Belə ki, qaynarinfo.az-ın araşdırmasına görə, bu kompleksdə bir çox Azərbaycan məmurlarının bahalı mülkləri yerləşir. Həmin məlumatda bildirilirdi ki, hazırda paytaxtın Səbayel Rayon İcra Hakimiyyətinin başçısı olan Eldar Əzizov da “Şəhər Bağları”nda mənzil sahibi olanlardan biridir. Bir neçə il əvvəl Gəncədən ölkənin digər böyük şəhəri olan Sumqayıta transfer olan, ordan da qalmaqallı şəkildə Səbayel rayonuna təyinat alan məmur geridə qalan müddət ərzində bir sıra qanundan kənar işlərə imza atıb ki, bunun da nəticəsində ölkənin ən varlı məmurlarından birinə çevrilməyi bacarıb.
Eldar Əzizov həm Gəncədə, həm də Sumqayıtda işlədiyi müddətdə özünə böyük maliyyə kapitalı toplamağı bacarıb. Bununla bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, məmurlar arasında ən yaxşı şəraitdə yaşayan şəxslərdən biri də məhz Sumqayıtın rəhbəridir. Özəl mənbələrin dediyinə görə, Eldar Əzizovun şəhərin mərkəzində bir neçə bahalı mənzili var: “Amma icra başçısı daha çox Nərimanov rayonu ərazisində yerləşən “Şəhər Bağları” yaşayış kompleksindəki mənzilində yaşayır. Britaniyanın bütün dünyada tanınan ATKINS şirkəti tərəfindən inşa olunan “Şəhər Bağları” yaşayış kompleksində ölkənin elit təbəqəsinə aid olan insanlar yaşayır. Onların arasında bəzi nazirlər, icra başçıları, nazir müavinləri, komitə sədrləri və biznesmenlər var. “Şəhər Bağları”nda mənzillərin qiyməti milyonlara bərabərdir. Maraqlıdır, görəsən, Eldar müəllim burdakı mənzilini hansı pulla əldə edib. Axı onun icra başçısı vəzifəsindən aldığı maaş aylıq dolanışığını qarşılamağa güclə bəs edir. Bundan başqa, icra hakiminin paytaxtın Nizami rayonu ərazisində, daha dəqiq desək, Azərsutikinti xəstəxanasının yaxınlığında böyük imarəti var. Deyilənə görə, topdağıtmaz imarətin tikintisində istifadə olunan tikinti materiallarının hamısı xaricdən gətirilib və buranın başa gəlməsinə külli miqdarda vəsait sərf edilib. Eldar Əzizov yay aylarında daha çox bu imarətində qalmağa üstünlük verir. Onun oğlunun da bu ərazidə dəbdəbəli villası var.
Bundan başqa cumhuriyyet.az-a daxil olan məlumata görə, E.Əzizovun Bakının mərkəzi hissələrində bir neçə brend məhsulların satıldığı dükanları fəaliyyət göstərir. Həmin dükanların baha qiymətə aylıq icarəyə verildiyi bildirilir. Bunlar icra başçısının bizə məlum olan sərvətidir. Yayılan məlumata görə, onun xarici ölkələrdən birində mülkləri, offşor zonalardakı banklarda hesabları və biznesi var”. Biz həmişə demişik, bir daha demək istəyirik ki, heç bir məmurun pulunda, sərvətində gözümüz yoxdur. Bizi maraqlandıran həmin məmurların bu qədər maliyyə kapitalını hansı pullarla yığmasıdır. Fikrimizcə, nə Eldar Əzizov, nə də başqa məmurlar aylıq vəzifə maaşı ilə milyonluq mülklərə, bahalı maşınlara, ticarət köşklərinə sahib çıxa bilməzlər. Burdan belə nəticəyə gəlmək olar ki, Sumqayıtın icra başçısı maliyyə sərvətini dövlətin büdcəsinə vurduğu ziyanın hesabına toplayıb. Əgər belədirsə, əlaqədar dövlət qurumları Eldar Əzizovun Gəncədə işlədiyi illərdən indiyə kimi olan fəaliyyətini hərtərəfli araşdırıb onun imza atdığı qanun pozuntularını aşkara çıxarmalıdır.
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc edə bilərik.