Vergi məmuru podratçıya “atdı”
Təmiri-tikinti işləri ilə məşğul olan podratçı Nicat Arif oğlu Şeyxəliyev Vergilər Nazirliyinin işçisi Vüqar Namazovdan şikayətçidir.
Xeberinfo.com: Müraciət edən N.Şeyxəliyev deyir ki, vaxtilə idmançı olan, sonradan Vergilər Nazirliyində mühafizə xidmətinə işə götürülən V.Namazovun işlətdiyi idman klubunda təmir işləri ilə məşğul olublar. Onlara işin yekununda ödənilməli olan 12 min 500 manat verilməyib:
"Hüquq mühafizə orqanlarına müraciət etmişəm. Amma pulumu vermədilər. Vüqar Yasamalda "Altes qrup”a aid binada 1000 kvardat metrlik zal götürmüşdü. Bizi oranı təmir üçün dəvət etdi. Həmin zalı iki mərtəbəyə böldük, zal 1800 kvadrat oldu. Orada təmir işləri apardıq. Vüqarın qaynı Tərlanla tikinti materialları almışıq. Ora ümumilikdə 100 min manata qədər pul xərclənib, bizim 12 min 500 manatımızı bu gün də vermirlər. Mənimlə bərabər orada 20-yə yaxın usta işləyib. Orada suvaq, qaynaq, beton-dəmir, qəlib, rəngsaz, santexnik işləri görmüşük. İşin yekununda gördük ki, Vüqar Namazov aldığı materialların pulunu vermir. Bizə də borcunu vermirdi. Gördüm ki, məbləğ böyüyür, işi dayandırdım”.
Podratçının sözlərinə görə bundan sonra zalı təmir etdirən Vergilər Nazirliyinin işçisi deyib ki, Xırdalanda ev satacaq və onların pulunu verəcək:
"Bir müddət də gözlədim, amma pulu vermədi. Ona təklif etdim ki, satacağı evi göstərsin, sataq, pulumuzu götürək. Aparıb evi göstərdi, adam tapıb satdıq. Onun yanında Ceyhun Vəliyev adında bir şəxs vardı, Vüqar deyirdi ki, şərikidir. Həmin evi alqı-satqı edəndə Vüqar Namazov gəlmədi, Ceyhunu göndərdi. Mənzilə görə 20 min manat ödəndi, həmin pulun 12 min 500 manatını götürüb ustalara verməli idim. Lakin Ceyhun dedi ki, pulu götürmə, qoy Vüqar xaricdən gəlsin, sənin pulunu ödəyəcək”.
N.Şıxəliyev deyir ki, C.Vəliyevin təklifi ilə razılaşıb:
"Düşündüm ki, bizi işlədiblərsə, pulumuzu da verərlər. Vüqar 1 həftə sonra xaricdən gəldi, dedi ki, siz mənim üçün işi baha görmüsüz, pulu vermirəm. Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsinə şikayət etdim. Aramızda şifahi razılaşma var. Amma bu günə qədər pulu vermir. Mən bütün aidiyyatı orqanlara müraciət edirəm ki, pulumu Vergilər Nazirliyinin işçisindən alıb versinlər. Bu gün də ustalara borcum qalır. Kredit götürüb onlara Vüqar Namazovun idman zalında gördükləri işə görə ödəmişəm. Çox çıxılmaz vəziyyətdəyəm”.