"4 min nəfər ölkədən çıxa bilməz"
2015-ci ilin 9 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə icra işlərinin sayı 53% artaraq 350 mini ötüb.
Xeberinfo.com: Məlumata görə, bunu Azərbaycanın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov deyib. Onun sözlərinə görə, görülmüş tədbirlər nəticəsində 160 mindən çox işin icrası təmin olunub, hüquqi və fiziki şəxslərə ödənilən vəsaitin həcmi 124 milyon manat təşkil edib, könüllü icra olunan işlərin sayı artıb.
O bildirib ki, qərarların icrasına maneçilik törədən və icradan qərəzli şəkildə yayınan 3 250 nəfər inzibati məsuliyyətə cəlb olunub, o cümlədən 1 800 nəfər inzibati qaydada həbs edilib, habelə 242 nəfər barəsində cinayət işi başlanıb, 4 mindən çox borclunun ölkədən getmək hüququ məhdudlaşdırılıb: “Nazirliyin İstintaq idarəsində ədalət mühakiməsi əleyhinə, o cümlədən məhkəmə qərarlarının icra olunmaması ilə bağlı cari ildə 360-dan çox cinayət işinin istintaqı tamamlanmış, bir çox məhkəmə qərarlarının icrasına istintaq zamanı nail olunub.
Cari ildə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi üzrə tədbirlər davam etdirilərək inzibati nəzarət qaydasında 44 mindən çox bələdiyyə aktı yoxlanılıb, aşkar edilmiş cinayət xarakterli pozuntularla bağlı 40 fakt üzrə materiallar prokurorluğa göndərilib, qanunsuz ayrılan 606 hektardan çox torpaq sahəsi geri qaytarılıb”.
Nazir bildirib ki, ekspertiza sahəsində elm və texnikanın son nailiyyətləri tətbiq olunmaqla 9 ayda 21.000-dək iş üzrə tədqiqatlar aparılaraq ekspert rəyləri verilib. Ekspertlər qarşısında qoyulan 500 minə yaxın sual cavablandırılıb ki, bu da ötən illə müqayisədə 2,5 dəfə çoxdur: “2015-ci ilin 9 ayı ərzində notariat orqanlarında aparılan əməliyyatların sayı 2.5 milyona çatıb ki, bunun da 90 faizdən çoxu ölkədə geniş tətbiq olunan xüsusi notariat institutunun payına düşür. Həmçinin qeydiyyat orqanlarında 245 mindən çox vətəndaşlıq vəziyyəti aktı rəsmiləşdirilmiş, doğumun sayı 124 mini, nikahın sayı isə 50 mini ötüb. Bütövlükdə dövlət büdcəsinə 27 milyon manat rüsum ödənilib”.
O, qeyd edib ki, nazirlik tərəfindən apostil verilməsi üçün sənədlərin qəbulu ilə bağlı xidmətlər ölkə başçısının 11 fevral 2014-cü il tarixli fərmanı ilə “ASAN xidmət” mərkəzləri tərəfindən də həyata keçirilir: “Azərbaycan Prezidentinin bilavasitə təşəbbüsü ilə yaradılaraq milli brendə çevrilmiş, əhalinin böyük rəğbətini qazanmış və ötən dövrdə 6 milyon insanın faydalandığı “ASAN xidmət” çərçivəsində 1 milyon yarım əməliyyat məhz ədliyyə orqanları tərəfindən həyata keçirilib. Vətəndaş məmnunluğunun artırılması üçün yaradılmış bu müsbət təcrübə digər ədliyyə orqanlarında geniş təşviq olunur”.