Sürücülərə şad xəbər- Bal sistemi ləğv edilir
Yol hərəkəti qaydalarının pozuntusuna görə bal sistemi ləğv edilir
"xeberinfo.com": Azərbaycanda yol hərəkəti qaydalarının pozuntusuna görə bal sisteminin ləğvi nəzərdə tutulur.
Bunu açıqlamasında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis polkovniki Kamran Əliyev deyib. K.Əliyev bildirib ki, bu barədə məsələ daxili işlər naziri Ramil Usubovun imzası ilə Azərbaycan Prezidenti Administrasiyasına təqdim olunan təkliflər zərfində qeyd olunub.
Onun sözlərinə görə, təkliflər əsas etibarilə yol polisinin vətəndaşlarla ünsiyyətinin minimuma endirilməsi, vətəndaş məmnunluğunun təmin olunması ilə bağlıdır.
K.Əliyev qeyd edib ki, bal sisteminin ləğvi sürücü tərəfindən əvvəllər törədilmiş müvafiq inzibati xətalarla bağlı araşdırma aparmaq zərurətini aradan qaldıracaq: "Ancaq sürücülər də elə başa düşməsinlər ki, elə bu bal sistemi ləğv edilirsə, biz necə istəsək, maşını sürə bilərik, nə qədər istəsək, qaydaları poza bilərik, bu ancaq cərimə ilə nəticələnəcək və qayda pozuntusuna görə bizim sürücülük hüququmuz məhdudlaşdırıla bilməz. Xeyr. Bəzi ağır qəzalara səbəb ola biləcək qayda pozuntularına görə, yəni onların il ərzində təkrar və yaxud üçüncü dəfə törədilməsinə görə sürücülərin sürücülük hüququnun məhdudlaşdırılması nəzərdə tutulur. Yəni sürücülük hüququnun məhdudlaşdırılması qanunvericilikdə yenə qalır. Sadəcə bu, bal ilə hesablanmayacaq, ancaq müəyyən ciddi qayda pozuntularının təkrar və ya il ərzində üçüncü dəfə törədilməsi ilə bağlı olması nəzərdə tutulur".
BDYPİ rəsmisinin sözlərinə görə, təkliflərdə hətta qeyri-avtomatik rejimdə müəyyən olunan bir çox qayda pozuntularının da avtomatik rejimə keçirilməsi nəzərdə tutulur ki, bu da yollarda vətəndaşın həm yol patrul inspektoru ilə, həm də inzibati materialların baxılmasında yol polisi əməkdaşı ilə təmasının minimuma endirilməsi məqsədini daşıyır:
"Təkliflərdən biri budur ki, qanunvericiliyə müəyyən dəyişikliyin edilməsi ilə əlaqədar qayda pozuntularının, demək olar, əksəriyyəti elektron sənəd formasında təqdim olunacaq. Yəni indiyə qədər avtomatik rejimdə qeydə alınan qayda pozuntuları, misal üçün, bir çox müşahidə kameraları vasitəsilə qayda pozuntusu qeydə alınanda, o inzibati materialın baxılması üçün vətəndaş polisə dəvət edirdisə, artıq müşahidə kameraları vasitəsilə qeydə alınan qayda pozuntularının özü də avtomatikləşdirilir və elektron sənəd formasında protokol tərtib edilərək nəqliyyat vasitəsinin istifadəçisinin ünvanına göndəriləcək".
K.Əliyev qeyd edib ki, təklif olunan yeniliklərdən biri də odur ki, əvvəllər sənəd formasında protokol, görüntü göndərilirdisə və alınandan sonra on gün müddət verilirdi ki, vəsadət qaldırılsın və sonra qərar çıxsın, artıq təklifdə bu, elektron protokolla birgə, kağız daşıyıcıda o inzibati xəta üzrə qərar da həmin vətəndaşa göndəriləcək və qərarın qanuni qüvvəyə minməsinin 10 gün müddətində vətəndaşa imkan veriləcək ki, o, vəsadət qaldıra bilsin:
"Əgər vətəndaş vəsadət qaldırmasa, qərarla razılaşmış hesab olunur və gedib istədiyi bankda, poçtda bu cərimə məbləğini ödəyə biləcək. Yəni bu, inzibati xətalara baxma işinin həm də təkmilləşdirilməsi və sadələşdirilməsidir ki, vətəndaşlar artıq əziyyət çəkməsinlər, dövlət orqanlarına getməsinlər, orada vaxt itirməsinlər. Yəni bu təkmilləşdirmə, sadələşdirmə vətəndaşın qayda pozuntusuna görə daha rahat ödəniş etməsinə şərait yaradılması ilə bağlıdır".
Qeyd edək ki, Prezident İlham Əliyev "ASAN xidmət" mərkəzlərində həyata keçirilən xidmət növlərinin və elektron xidmətlərin genişləndirilməsi və "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Prezidentinin 2012-ci il 5 sentyabr tarixli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
Fərmanda qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara dair işlərə baxılma qaydası və nəqliyyat vasitələrinin dövlət qeydiyyatının aparılması qaydası ilə bağlı şəffaf və operativ mexanizmin tətbiq edilməsi barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etməlidir.