Oqtay Əsədov dolların qalxmasını müharibəyə bağladı
Bu gün Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb.
"Xeberinfo.com": Məlumata görə, Spiker Oqtay Əsədov iki gündən sonra Xocalı soyqrımının ildönümünün qeyd olunacağını dedi və soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anıldı. Spiker dedi ki, Xocalı soyqırımı bəşəriyyətdə baş verən faciələrin ən dəhşətlisidir. O.Əsədov Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə dünyada aparılan kampaniyanın yüksək nəticələr verdiyini, bir sıra ölkələrin parlamentlərin, ABŞ-ın 15 ştatının icra və qanunverici orqanlarının Xocalı soyqırımını soyqırım kimi tanıdığını bildirdi. Əlavə etdi ki, Milli Məclisin 20-dən çox deputatı xaricdə keçirilən Xocalı soyqırımı ilə bağlı tədbirlərdə iştirak edirlər. Spiker Xocalı cinayətlərinin cəzasız qalmayacağına əminliyini ifadə etdi.
Cari məsələlərlə bağlı çıxış edən deputat Elmira Axundova kənd yerlərində elektrik enerjisinin vaxtaşırı kəsilməsindən danışdı. Deputat dedi ki, fevralın 20-21-də Masallıda seçicilərlə görüş keçirərkən bunun şəxsən şahidi olub: “Seçicilər deyir ki, əsas problem tronsfarmator və elektrik dirəklərinin, nazillərinin köhnə olmasıdır”. Onun sözlərinə görə, Masallının 100 kəndində elektrik xətləri və dirəkləri 60-cı illərdən qalıb. E.Axundova dağ rayonlarına qartəmizləyən maşınlar və digər texnikaların alınmasını da təklif etdi.
Fərəc Quliyev Mərkəzi Bankın manatla bağlı atdığı addımın narazılığa səbəb olduğunu deyib ölkə gündəminin əsas mövzusundan danışdı. Yaranmış vəziyyətdən sui-istifadə hallarının olmasından da bəhs edən F.Quliyev müəyyən tədbirlərin görülməsini zəruri saydı: “Hökumət antiböhran proqramını işə salmalıdır”. Deputat monopolistlərə kəmərlərini sıxmağı tövsiyə etməyə çağırdı. Həmçinin Milli Məclisin müvafiq komitəsində müzakirələr aparmağı faydalı saydı.
Vitse-spiker Bahar Muradova çıxışında Xocalı soyqırımı ilə bağlı danışaraq qeyd etdi ki, bu günlər xalqımız üçün ən hüznlü günlərdən biridir. O bildirdii ki, vaxtilə Xocalı hadisələrindən danışarkən hətta daxildə günahkar axtarışına çıxmışdıqsa, artıq erməni faşizminin gerçək mahiyyətini çatdırmaq üçün beynəlxalq miqyasda ciddi işlər aparılır. B.Muradova
İş nə yerə çatıb ki, açıq şəkildə bəyan edirlər ki, Xocalı hadisəsində günahkar keçmiş prezident Ayaz Mütəllibov, AXC-dir. Bunu onunla izah edirlər ki, Xocalıdan əhalinin çıxması üçün dəhliz yaradılmışdı, ancaq əhali ordan çıxarılmadı, çünki AXC ilə Mütəllibov arasında hakimiyyət mübarizəsi gedirdi.
Bu, ordan irəli gəlir ki, bizim bəzi siyasətçilərimiz yaxın hədəfləri uğrunda mübarizə apararkən öz açıqlamalarına diqqət etmirlər. Biz daxildə aparılan mübarizələrdə qurşaqdan aşağı zərbə vurmağa çalışmamalıyıq, çünki bu, sonradan bizim əleyhimizə istifadə olunur. B.Muradova dedi ki, ermənilərə ATƏT-in son toplantısında cavab verilib. Vitse-spiker deputatları günün əsas müzakirə mövzusu olan Xocalı soyqırımından danışmağa, bütün diqqəti ermənilərə yönəltməyə çağırdı.
İqbal Ağazadə isə Mərkəzi Bankın 21 fevral tarixli qərarına münasibət bildirəcəyini bildirdi. Deputat vurğuladı ki, Mərkəzi Bank 50 gün əvvəl verdiyi vədə xilaf çıxaraq manatın kursunun saxlanılacağı barədə özünün yaydığı press-relizin əleyhinə qərar qəbul edib: “Bank əhalini aldadıb və əhaliyə külli miqfarda ziyan vurub. Bu gün nazirliklər süni qiyməti artırırlar deyərək supermarketin üzərinə gedir. Bir gündə 34 faiz qiyməti artıran qurum başqasını nədə günahlandıra bilər? Necə ola bilər ki, vətəndaşın cibinə bu şəkildə girilir? Bahar xanım deyir ki, bu günlərdə Xocalı məsələsindən bəhs etməliyik. Razıyam. Ancaq bu gün ölkə əhalisini sonsuz dərəcədə narahat edən məhz bu məsələdir. Bu gün banklarda 7 milyard pulu olan əhaliyə 3 milyard ziyan vurulub, kompensasiya verilmir. Bu gün idxal məhsullarının böyük əksəriyyəti ərzaq məhsullarıdır. Bahalaşmaya görə vətəndaşa 34 faiz kompensasiya verilməlidir”.
Zahid Oruc dedi ki, Mərkəzi Bankın qərarını millətimizin mənafeyinə uyğun hesab edirəm. “Maksimum bir ay ərzində onlar Bankın qərarını bizim kimi müdafiə edəcəklər. Bunu tədricən etmək dollar milyonçularının xeyrinə idi. Mən bu qərarı açıq mətnlə müdafiə edirəm”.
O.Əsədov isə İ.Ağazadəyə cavab olaraq dedi ki, əhalinin banklardakı kreditlərinin 50 faizdən çoxu dollarla deyildi, həmçinin əhali 4 milyarddan artıq krediti dəyişib.“Müharibə vəziyyətində olan ölkəyik, hər şey ola bilər, müharibədə. Ona görə də bütün ehtiyatları xərcləyə bilmərik. Bu məsələlərdən açıq danışmaq istəmirəm”. Spiker dedi ki, qiymətlərin qalxmasına qarşı dövlət tərəfindən tədbirlər görüləcək.
Siyavuş Novruzov da hökumətin xalqın maraqları naminə addımlar atacağını dedi. S.Novruzov da Xocalı mövzusuna diqqət çəkməyə çağırdı.(musavat.com)