Bakının İrəvana Yeni il “hədiyyələri”
Paşinyanın sıfra yaxınlaşan reytinqi, fiasko olan vədləri və “iki stul” siyasəti, düşmən ölkədə güclənən aprel zərbəsi xofu; Azərbaycan müharibə hazırlığını bitirib...
Yenixeber.org: Başa çatmaqda olan 2019-cu il də əsas problemimiz olan Qarabağ məsələsində ciddi dönüş ili olmadı. Regional, beynəlxalq şərtlər nə dinc nizamlama prosesində mühüm irəliləyişə, nə də Bakının hərbi gücə əl atmasına imkan verdi. Yenə “qızıl fürsəti” gözləməli olduq. Hərçənd bir sıra istiqamətlərdə (Qazax, Naxçıvan) ordumuz əlavə taktiki və strateji üstünlüklər əldə elədi. O cümlədən Ermənistanı işğal altındakı Dağlıq Qarabağla birləşdirən əsas yola nəzarət imkanı qazandıq ki, bu da yeni müharibə variantında çox böyük əhəmiyyət daşıyır.
Bu il həmçinin Azərbaycan qardaş Türkiyə ilə siyasi-hərbi müttəfiqliyini daha da gücləndirdi. İki ölkədə keçirilən birgə hərbi təlimlər, hərbi-texniki sahədə dərinləşən əlaqələr, intensivləşən qarşılıqlı səfərlər, anklav Naxçıvanın Türkiyə tərəfdən təhlükəsizliyinin daha etibarlı səviyyəyə gətirilməsi, yeni və müasir hücum və müdafiə sistemlərinin alınması, yerli hərbi sənayenin inkişafında ciddi uğurlar - bütün bunlar kompleksdə faktiki surətdə Azərbaycanın qalibiyyətli müharibə hazırlığını tam başa çatdırdığının anonsu oldu. Bakıdan 2019-da düşmənə verilən ən güclü mesaj da elə budur - sülhə gəlməzsə, işğalçı mütləq müharibəyə tuş gələcək...
*****
“Dağlıq Qarabağ münaqişəsi hazırda dinamik dəyişikliklər mərhələsindədir. Bu konfliktdə Ermənistanın status-kvonu dəyişdirmək istəməməsi təhlükənin ehtimalını artırmaqdadır”. Bunu Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi, general-leytenant Heydər Piriyev deyib.
“Azərbaycan prezidenti İlham Əliyev açıq bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu deyil və heç vaxt olmayacaq. Azərbaycan bu mövqedən bir addım belə geri çəkilməyəcək. Yəni Azərbaycanın ərazi bütövlüyü məsələsində heç bir güzəşt olmayacaq. Rusiyanın Soçi şəhərində keçirilən ”Valday" Forumundakı çıxışında prezidenti İlham Əliyevin dediyi “Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” fikri bu münaqişənin həllinin necə nəticələnməli olduğunu birmənalı şəkildə göstərir" - general vurğulayıb.
Azərbaycanlı general Ermənistana xəbərdarlıq da edib: “Ermənistan anlamalıdır ki, Azərbaycan ərazisinin hərbi işğalı və status-kvonun saxlanılması münaqişənin həlli deyil və heç vaxt Ermənistanın arzuladığı siyasi nəticəni verməyəcək. 2016-cı il aprel döyüşləri də göstərdi ki, tərəflər arasındakı hərbi balans Azərbaycanın xeyrinə dəyişib. Ermənistan münaqişənin həlli prosesində konstruktiv şəkildə iştirak etməli, beynəlxalq öhdəliklərini yerinə yetirməli və qoşunlarını Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarmalıdır”.
Bunu indi həm də hərbi balansın Azərbaycanın xeyrinə getdikcə daha böyük fərqlə dəyişməsi diktə edir.
*****
“Böyük ehtimalla Azərbaycan tərəfi istədiyini əldə edəcək. Biz buna hazır olmalı və Rusiyanın yeni nəsil qırıcılarını Azərbaycana satmasına təəccüblənməməliyik”.
Bu sözləri “Revyu” proqramının efirində siyasi elmlər namizədi, Cənubi Qafqazın geosiyasəti üzrə erməni mütəxəssis Anjela Əlibəyova (Elibeqova) deyib. Dağlıq Qarabağ münaqişəsinin həllinin mümkün ssenariləri barədə danışan Əlibəyova 2020-ci ildə Azərbaycanda seçkilərin gözlənildiyini və çox şeyin Bakıdakı siyasi proseslərdən asılı olacağını qeyd edib: “Azərbaycan münaqişəni hərbi yolla həll etməyə çalışır, ancaq bu, təkcə Bakının deyil, həm də üçüncü tərəflərin mövqeyindən asılıdır. Hazırda Azərbaycan aprel döyüşlərindən sonra olduğu kimi, diplomatik alibi təmin etmək məqsədilə ATƏT-in Minsk Qrupu həmsədrləri ilə fəal danışıqlar aparır. O zaman Azərbaycan genişmiqyaslı hücum təşkil etdi və heç bir beynəlxalq təşkilat rəsmi Bakıya qarşı çıxış etmədi”.
Bu arada Ermənistan baş naziri Nikol Paşinyanın reytinqinin il sonu ən aşağı həddə düşdüyü məlum olub. “Yeni Müsavat” xəbər verir ki, bu barədə “168 am” erməni nəşri yazıb. Nəşr öz qaynaqlarına istinadən bildirir ki, sosioloji layihənin nəticələrinə görə, erməni cəmiyyəti 2020-ci ildə Nikol Paşinyanı öz lideri kimi görmək istəmir. “Son nəticələr göstərir ki, Nikolun reytinqi 19%-dən 5%-ə düşüb” - qəzet qeyd edib.
Xatırladaq ki, ictimai rəyi öyrənən GALLUP təşkilatı bugünlərdə Ermənistan hökumətinə məhz Paşinyanın arzuladığı sorğunun nəticələrini təqdim edib. Yəni erməni baş nazirə guya cəmiyyətin onun dəstəklədiyi görüntüsü yaradılır. Halbuki reallıqda Paşinyanın reytinqi sıfra doğru gedir. Erməni nəşri bunu toplumun Paşinyana Yeni il “hədiyyəsi” adlandırıb.
*****
Bu “hədiyyə” əslində Bakınındır. Və təkcə bu deyil. Məsələ ondadır ki, məhz işğalçı ölkəyə qarşı ələlxüsus 2019-cu ildə aparılan sərt blokada və təcrid siyasəti, Ermənistanın bütün iri layihələrdən kənarda saxlanılması, beynəlxalq arenada, Qarabağla bağlı təbliğat savaşında ona ard-arda edilən diplomatik zərbələr düşmən ölkənin özünü demokratik sayan yeni rəhbərliyini də “naqolay” duruma saldı. Nikol Paşinyanın Qərbdə - ABŞ və Avropada maliyyə və siyasi dəstək almaq şanslarını sıfırladı. Hətta Rusiya da ona gözlədiyi dəstəyi vermədi. O səbəbə ki, İrəvanın məkrli “iki stul” siyasəti də Bakının səyləri nəticəsində fiasko oldu.
Üstəlik, Azərbaycanın verdiyi unikal fürsəti tam yanlış qiymətləndirdiyi üçün yeni hökumət Ermənistanda heç bir ciddi islahat həyata keçirə, verdiyi iqtisadi vədləri tuta bilmədi. Nəticədə Paşinyanın daxili dayaqları ilsonu heç vaxt olmadığı qədər sarsıldı. İşğalçı ölkədə müharibə təlaşı, Bakıdan yeni aprel zərbəsi almaq xofu xeyli artdı.
Yeni 2020-ci ildə bu xof və təlaşın Azərbaycanın xeyrinə maddiləşməsi üçün bütün əsaslar var. Qarabağ konflikti ətrafında situasiya təzə ildə gerçəkdən də dəyişə bilər...(müsavat)