"Milli Məclis proseslərin ardınca sürünməyə üstünlük verirdi"-"Seçkini baykot etmək məğlubiyyəti qəbul etmək deməkdir"
Azərbaycan Təkamül Partiyasının sədri Teyyub Qənioğlu ölkə gündəmi ilə bağlı yenixeber.org-un suallarını cavablandırıb:
Teyyub bəy, dünən Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisinin buraxılmasının Azərbaycan Konstitusiyasına uyğun olması barədə qərar qəbul edib və beləliklə də, növbədənkənar seçkilərin keçirilməsinin qanuni əsasları olduğunu təsbit edib. Milli Məclisə növbədən kənar seçkilərin keçirilməsi ilə bağlı Təkamül Partiyasının mövqeyi necədir?
Bilirsiniz ki, uzun müddət idi ki, cəmiyyətdə, xüsusilə də, müxalifət düşərgəsində, Milli Məclisin passivliyi, millət vəkillərinin mütləq əksəriyyətinin “öz yerində olmamaları”, bu və digər səbələrdən bütövlükdə Milli Məclisin öz səlahiyyətini artıq həyata keçirə bilməməsi, ona görə də növbədənkənar seçkilərin keçirlməsinin məqsədəuyğunluğu barədə diskussiyalar gedirdi. Həqiqətən də, Milli Məclis, qanunverici orqan kimi, ölkəmizdə az-çox uğurla həyata keçirilən islahatların önündə olmaqdansa, bu istiqamətdə sapmaların aradan qaldırılmasına yardım və kömək etməkdənsə proseslərin ardınca sürünməyə üstünlük verirdi. Reallığı nəzərə alan parlament çöxluğu-YAP üzvü olan millət vəkilləri-nəhayət bu təşəbbüslə çıxış etdi və Milli Məclisə yeni seçkilərin keçirilməsi reallığa çevrildi. Biz, Azərbaycan Təkamül Partiyası (ATP) olaraq, Konstitusiya Məhkəməsinin qeyd edilən qərarını alqışlayırıq.
Teyyub bəy, Təkamül Partiyası Milli Məclisə növbədənkənar seçkilərdə iştirak edəcəkdirmi?
Müxtəlif səviyyəli seçkilərdə, o cümlədən Milli Məclisə seçkilərdə, iştirak etmək, fikrimizcə, hər bir siyasi partiyanın başlıca vəzifələrindən biridir. Seçkilərdə iştirak partiyalara imkan verir ki, öz mövqeyərini, platformalarını canlı olaraq vətəndaşların-seçicilərin- nəzərinə çatdırsınlar. ATP Mərkəzi Şurasının Siyasi Bürosunda Milli Məclisə seçkilərdə iştirakla bağlı ilkin müzakirələr aparılıb və biz konstruktiv müxalifət partiyası olaraq seçkilərdə iştirak edəcəyik. Seçkilərdə iştirak müxtəlif formalarda ola bilər. Biz seçkilərdə həm müstəqil, həm də, digər münasib partiyalarla blok şəklində iştirak edə bilərik. Bu barədə bəzi partiyalarla müzakirələr aparmaq fikrindəyik. Müzakirələrin yekunu olaraq seçkilərdə hansı formada iştirakın daha məqbul olması barədə qərarı ATP-nın Mərkəzi Şurası qəbul edəcəkdir. Təki xalqımız və dövlətimiz-dövlətçiliyimiz üçün xeyirli, uğurlu olsun.
Teyyub bəy, bəzi müxalifət partiyaları seçkilərdə iştirak üçün müəyyən tələblər irəli sürürlər, əks halda onu baykot edəcəklərini söyləyirlər. Sizin buna münasibətiniz necədir?
Seçkilərdə iştirak edib-etməmək, bunun üçün müxtəlif tələblər, təkliflər və s. irəli sürmək hər bir partiyanın daxili işidir. Biz ATP olaraq istənilən halda seçkilərdə iştirakın tərfdarıyıq. Ancaq müşahidələr göstərir ki, seçkini baykot etmək haqda düşünənlər uzun müddətdir ki, Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsində israr edənlərdir. Təbii, onları “başa düşmək” olar-təbliğat-təşviqat üçün zaman azdır, qış fəslidir, soyuqdur və s. Amma bu seçkilərdə iştirak etmək istəyənlərin hamısı üçün eynidir axı! Seçkini baykot etmək bəri başdan məğlubiyyəti qəbul etmək deməkdir. Ona görə də, ATP olaraq, seçkinin nə vaxt, hansə şəraitdə keçirilməsindən asılı olmayaraq baykotun tərəfdarı deyilik. Biz zamanından asılı olmayaraq, seçkinin azad, şəffaf, demokratik şəraitdə keçirilməsinin tərəfdarıyıq.