Putinin Ermənistan səfəri və ya Moskva ilə Yerevan arasında ÜÇ PROBLEM - GƏLİŞMƏ
Oktyabrın 1-də Yerevanda Avrasiya Ali İqtisadi Şurasının iclası keçiriləcək.
Yenixeber.org: İclasda Ermənistan baş nazir Nikol Paşinyan, Rusiya prezidenti Vladimir Putin, Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan prezidenti Sooranbay Jeenbekov qatılacaq.
Paralel olaraq, Avrasiya Ali İqtisadi Şurasının geniş tərkibli iclasında müşahidəçi statusuna malik Moldovanın prezidenti İqor Dodon, İran lideri Həsən Ruhani və Sinqapurun baş naziri Li Syan Lun da dəvət olunmuş qonaq kimi iştirak edəcək.
Yerevanda keçiriləcək iclas ilk növbədə səfəri ətrafında çoxlu müzakirələrin getdiyi Rusiya lideri Vladimir Putinlə bağlıdır. Belə ki, sonuncu dəfə 2016-cı ilin oktybarında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammiti üçün bu ölkəyə gələn Putin, inqilabi proseslər və Nikol Paşinyanın baş nazir seçilməsindən sonra ilk dəfə bu ölkəyə gələcək.
Məhz Nikol Paşinyan hökuməti Putinin vaxtı ilə sıx dostluq etdiyi eks-prezident Robert Koçaryanı həbs etdi. Bu Moskva və Yerevan arasında ciddi böhrana yol açmışdı. Kremlin həbsdə olan Robert Koçaryanı ad günü münasibətilə təbrik etməsi və ona “səbr və dözüm” arzulaması narazılığın açıq müstəviyə keçməsindən xəbər verir.
Putinin Yerevan səfəri zamanı həbs olan Robert Koçaryanı da ziyarət etmək üçün israr etməsi və əgər buna icazə alınmazsa, səfərini ləğv edəcəyi də erməni mediasının son aylarda yazdığı xəbərlər arasında idi. Yalnız səfər gününə 6 gün qalmış Kremlin mətbuat katibi Dmitri Peskov səfərin baş tutacağını anons etmişdi.
İnformasiya axınındakı mənfi çalar Yerevanla Moskva arasında mövcud olan gərginlikdən xəbər verirdi. Putinin səfərinin Avrasiya İttifaqının iclası ilə yelkunlaşması, cəmi bir neçə saatlıq davam etməsi də bu gərginliyin təzahürlərindən biridir. Belə ki, Putinin Yerevan səfəri Avrasiya Ali Şurasının iclası, baş nazir Nikol Paşinyan və İran lideri Həsən Ruhani ilə qısa görüşləri ilə yekunlaşacaq. Faktiki olaraq, bu qısa səfər Putinin Ermənistana rəsmi səfər etmədiyi anlamına gəlir.
Bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini Vladimir Cabarov da təsdiqləmişdi.
“Anlamaq lazımdır ki, bu Ermənistana rəsmi səfər deyil, Avrasiya İqtisadi Birliyinin sammitində iştirakdır”-deyə senator verib.
Məsələnin başqa tərəfi, Rusiyanın Ermənistana satdığı qazın qiymətini bahalaşdırması ilə bağlı idi. 2019-cu il yanvarın 1-dən Moskva Yerevana satdığı təbii qazın qiymətini 150 dollardan 165 dollara qədər qaldırmışdı. Son verilən xəbərlərdə 2020-ci il yanvarın 1-dən təbii qazın daha 30 % bahalaşacağı ilə bağlıdır. Paşinyan hökuməti bunun baş verəcəyi halda, ölkədə ciddi sosial narazılığın yaranacağını yaxşı anlayır. Və ona görə hər vəchlə Moskva ilə bu məsələdə dil tapmağa çalışır. Ola bilsin ki, qazın qiyməti ilə bağlı məsələ əsas müzakirə mövzularından biri olsun.
“Hələlik danışıqlar gedir və qazın qiyməti ilə bağlı yekun qərarı gözləmək lazımdır” – deyə Rusiyanın maliyyə naziri Anton Siluanov açıqlama verib.
Amma Koçaryan və qazın qiyməti ilə bağlı fikir ayrılıqları Moskva və Yerevan arasında tək problem deyil. Ermənistandan Rusiyaya məhsulların daşındığı və Gürcüstandan keçən yeganə yol – Yuxarı Lars gömrük keçid məntəqəsində yük maşınlarının saatlarla növbə gözləməsi də ciddi problemlərdən biri sayılır. Son 1 həftədə 500-dən artıq yük maşınının bu yolda yığılması ciddi narazılıq doğurub.
Ümumilikdə, Yerevanla Moskva arasında istər iqtisadi, istərsə də siyasi səviyyədə ciddi fikir ayrılıqları var. Putinin qısa Yerevan səfəri isə çətin ki bu zidiyyətləri aradan qaldıra bilsin. (Modern)