Ermənistan milli təhlükəsizlik Xidmətinin direktoru Füzulidən meydan oxudu-"Bir qarış da olsun torpaq verilməyəcək..."
Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan ötən Azərbaycanın işğal edilmiş ərazilərinə gəlib və qondarma “dqr prezidenti” ilə birlikdə təmas xəttinin Cəbrayıl-Füzuli istiqamətinə baş çəkib.
Yenixeber.org: Erməni KİV-ləri xəbər verir ki, bu gün Vanetyan Dağlıq Qarabağda sensasion bəyanatla çıxış edərək Araz çayı boyu ərazilərdə ermənilərin məskunlaşdırılacağını, bu ərazilərin qaytarılmasından söhbət belə gedə bilməyəcəyini açıqlayıb.
Artur Vanetsyan Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı bildirib ki, torpaqların Azərbaycana qaytarılacağı haqda deyilənlər “spekulyasiyadır”. Məlumata görə Vanetsyan qondarma “dqr” rəhbərliyi ilə Araz çayı boyu ərazilərin məskunlaşdırılması proqramını müzakirə edib.
Belə ki, həmin ərazilərdə “Araksavan” adlı yaşayış məntəqəsinin salınması, orada kənd təsərrüfatının inkişafı və infrastrukturun yaradılması nəzərdə tutulur. Vanetsyanın bildirdiyinə görə, Araz boyu ərazilərin məskunlaşdırılması təhlükəsizliyin əsas təminatlarından biridir.
“Ayrı-ayrı adamların guya torpaqların qaytarılacağı, bu haqda danışıqların aparılacağı haqda bəyanatlarını bu məskunlaşdırma proqramı təkzib edir. Biz bununla erməni xalqına və dünyaya aydın mesaj veririk ki, heç kim bir qarış da olsun torpaq qaytarmayacaq. Əksinə, bizim ərazilərimizdə həmvətənlərimiz qurub yaradacaq, yaşayacaq”-Artur Vanetsyan bildirib.
Ermənistan xüsusi xidmət orqanlarının rəhbərinin bu bəyanatı Azərbaycana, Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan həmsədr dövlətlərə və nəhayət beynəlxalq ictimaiyyətə meydan oxumaqdır. Çünki Ermənistanın indiki hakimiyyətinin əsas fiqurlarından biri açıq-aydın Dağlıq Qarabağın inzibati ərazisinə daxil olmayan işğal edilmiş ərazilərin-Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının “bir qarışının da” Azərbaycana qaytarılmayacağını bəyan edir.
Hansı ki, bu rayonların qaytarılması məsələsi danışıqlar prosesinin bütün mərhələlərində müzakirə olunub, nizamlama planlarının bütün variantlarına salınıb. Əks halda on illərdir danışıqlar aparmağa mövzu sadəcə olaraq qalmazdı və əgər söhbət ətraf rayonların da qaytarılmasından getmirdisə rəsmi Bakı üçün belə danışıqlarda on illərdir vaxt itirmək məntiqsiz olardı.
İndi isə Ermənistanda çox təhlükəli proseslər gedir və bu proseslər “bir qarış da olsun torpaq qaytarmamaq” prinsipi üzərində qurulub. Hansı ki, keçmiş rejimin tərəfdarları indiyə qədər Nikol Paşinyanı və hökumətini “əraziləri qaytarmağı” nəzərdə tutan gizli plana malik olmaqla ittiham edirdi. Paşinyan özü indiyə qədər “bir qarış da olsun torpaq qaytarmamaq” barədə açıq danışmayıb, amma Dağlıq Qarabağın adından danışa bilməyəcəyi barədə tezisini hər addımda təkrarlamaqla və danışıqların formatını dəyişdirməyə yönəlmiş mənasız cəhdlər etməklə əslində danışıqların aparılmasına mane olub. Vaxtı uzatmağa hesablanmış taktika seçib.
Və belə vəziyyətdə onun hökuməti Ermənistandan Qarabağa üçüncü yolun çəkilməsi proqramını başladıb. Bu yol Araz çayı boyu ərazilərə-Zəngilan, Cəbayıl və Füzuliyə aparacaq. Habelə həmin ərazilərin məskunlaşdırılmasına dair hələ Sərkisyanın rejiminin vaxtında başladılmış proqramı davam etdirməyə başlayıb. İndi isə Ermənistan xüsusi xidmət orqanlarının rəhbəri açıq-aydın bildirir ki, heç Cəbrayılın, Füzulinin də hansısa sülh planı əsasında qaytarılmasından söhbət gedə bilməz. Bu isə Paşinyanın “bir qarış da olsn torpaq qaytarmamaq” mövqeyində olduğunu təsdiqləyir.(virtualaz)