AĞ EVİN ƏSAS FİQURLARININ YENİ MÜZAKİRƏ MÖVZUSU:Venesuela ilə bağlı nə etməli?
Sərdar Turqut,
“Habertürk”ün Vaşinqton təmsilçisi, 04 fevral 2019-cu il
ABŞ-ın paytaxtı dedi-qodu ilə yaşayan bir şəhərdir. Siyasətlə yatıb-qalxan şəhər olduğuna görə, təbii, dedi-qoduların əsası da siyasətdir.
Yenixeber.org: Bu durum Vaşinqtonda işləyən jurnalistlər üçün həm üstünlük, həm də çatışmazlıq yaradır.
Dedi-qodu çox olduğu üçün xəbər çatışmazlığı hiss olunmaz. Bu, təbii ki, bir üstünlükdür. Lakin dedi-qodu çox olduğuna, yayıldığına və yalanlar da əlavə edildiyinə görə, əsli olmayan bir çox xəbər də çıxır. Bu da jurnalistlərin işləməsi üçün çatışmazlıq yaradır.
Bu üzdən, təcrübəsi olmayan, şəhərin oyunçularını tanımayan, qaydalarını bilməyən bir jurnalistin burada həyatda qala bilməsi imkansızdır.
Bu gün sizə yazılarımda adlarını tez-tez çəkdiyim önəmli Vaşinqton oyunçularının hazırda nə etdikləri haqqında yazacam. Düşündüm ki, bu halda, Vaşinqtonun hazırkı durumunu daha yaxşı qavrayar və qərarlarınızı ona görə verərsiniz.
ABŞ Xarici işlər naziri Mayk Pompeonun istefa verəcəyi haqqında şəhərdə xəbər yayılmışdı, mən də bunu yazdım. Bugünlərdə onu ziyarət edən hər bir xarici ölkənin xarici işlər nazirinin ona verdiyi ilk sual “Həqiqətən, istefa verəcəksiniz?” və “Nə üçün?” olurmuş. Pompeo da onu ziyarət edən hər bir xarici işlər nazirinə istefa edəcəyini və bu məsələdə qərarlı olduğunu söyləyirmiş. Onun üçün çətini istefa səbəbini anlatmaq olurmuş. Çünki o, Suriyada işlərin heç də ABŞ-ın istədiyi kimi getmədiyini və əslində, bölgədə iplərin Rusiyanın əlinə verildiyini düşünür. Bunu Trampı əsəbiləşdirmədən söyləyə bilmədiyindən, hər bir qonağına fərqli səbəblər uydururmuş. Ən sevdiyi səbəb də bu imiş: “Karyeramın zirvəsində ikən işi buraxıb, senator olaraq xidmət etməyə davam edəcəm”.
Ağ Ev administrasiyasının rəhbəri Mayk Malveni sabiq rəhbər Con Kellinin, bəlkə utandığına, bəlkə də dövlət ənənələrinə uyğun olmadığını düşündüyünə görə, yayılmasına və müzakirə edilməsinə izin vermədiyi mövzuları artıq rahatca müzakirə edirmiş.
Vaşinqtonda haqqında danışılan bu yeni duruma misal olaraq, Venesuelaya hərbi müdaxilə fikrinin müzakirə edilməsi göstərilir. Ağ Evin sabiq rəhbəri bunun ola bilməyəcəyini söyləyərək, Trampı əngəlləmişdi. Yeni rəhbər xarakteri etibarı ilə eynilə Trampa bənzədiyindən, artıq Ağ Ev tutarsız davranmaqda sərbəst ola bilər.
Malveni vəzifəyə təyin edilib-edilməyəcəyini maraqla gözləyir. Hazırda o, bu vəzifəni müvəqqəti icra edir.
Vaşinqtonda Prezident Trampın Milli təhlükəsizlik üzrə müşaviri Con Boltonu müharibəyə böyük heyranlıq duymasına görə, Stenli Kubrikin “Qəribə məhəbbət doktoru və ya narahat olmağı buraxıb, bombanı sevməyi necə öyrəndim” filmindəki dəli olmuş komandirə bənzədirlər. Bu filmin sonunda həmin komandir təyyarədən atılan bir bombanın üstünə, ata minən kimi, minir və onunla birlikdə partlamağa gedir.
Milli Təhlükəsizlik Şurasının hər toplantısında söhbəti daima vurub-yıxmağa gətirən Bolton, İran məsələsi müzakirə edilərkən də onu bombalamağı təklif etmişdi. Ağ Evin sabiq rəhbəri Con Kelli, “İmperiya ənənələri olan böyük bir ölkəni bombalamaqdan bəhs edə bilməzsiniz” deyərək, onu susdurmuşdu. Ancaq indi önü açıqdır. Bolton İranı bombalamaqdan hələlik vaz keçib, lakin indi də Venesuelanı işğal etməyi planlaşdırır.
ABŞ-ın Türkiyədəki sabiq səfiri Ceyms Cefri, aylardır Vaşinqtonda kimi tapırsa ona özünün Suriya məsələsini həll edəcək bir planının olduğunu anladır. Bu planın “Fəratın şərqində türklərlə kürdləri bir yerdə, sülh içində yaşatmaq” kimi bir maddəsi də var. Sabiq səfir Cefri türklərin kürdlərlə bir yerdə yaşamaq kimi bir probleminin onsuz da olmadığını çox yaxşı bilir. Ancaq planında YPG terrorçuları ilə bağlı nə edəcəyi aydın deyil. Hörmətli Cefri Türkiyəni də yaxşı tanıdığı üçün bu günlərdə son dərəcə qayğılıdır.
ABŞ Maliyyə naziri Stiven Mnuçin də bu günlər bir az qayğılıdır. Yevangelistlərə ən yaxın vəzifəli şəxs olan Mnuçin, İsrailə görə Prezident Ərdoğanı sevmir. Ona qalsa, Türkiyəyə ağır sanksiyalar tətbiq edər. Lakin Tramp onu bütün güc balanslarını nəzərə alaraq hərəkət etməyə yönləndirir. Bu aralar Mnuçin Boltonla birlikdə Venesuela məsələsinə ilişib. Onun bu ölkə ilə bağlı oyunlar quraraq, bir az stress atdığı da söylənə bilər.Tərcümə: Strateq.az