İrəvanın yalanı - Rusiya işğalçıya müasir qırıcılar vermir
Rusiyalı hərbi və siyasi ekspertlərdən Ermənistanı pərt edən açıqlamalar; düşmən ölkənin hərbi-hava qüvvələri 7 ildir yenilənmir; Azərbaycan isə ABŞ-la da hərbi-texniki əməkdaşlığı genişləndirməyə hazırlaşır- hərbi nazirimizdən mühüm anons...
Yenixeber.org: Ötən həftə Ermənistanın müdafiə naziri əvəzi David Tonoyan Azərbaycana da dəxli olan maraqlı bir açıqlama vermişdi. Tonoyan demişdi ki, İrəvan Rusiyadan 100 milyon dollar kredit çərçivəsində Su-30SM supermüasir və çoxfunksiyalı qırıcı təyyarələr almağa hazırlaşır. Onu da bildirmişdi ki, guya Moskva ilə bu yöndə anlaşma yekunlaşmaq üzrədir. Kredit isə ən aşağı - 3%-lə və 15 ilə nəzərdə tutulur.
Bu da maraqlıdır ki, açıqlama İrəvanda bir qrup rusiyalı jurnalistlərlə söhbət zamanı səslənmişdi. Üstəgəl, D.Tonoyan daha bir intriqalı cümlə işlətmişdi. Demişdi ki, Ermənistanın Rusiya ilə hansısa ortaq tədbirinə hazırlıq gedir. Söhbət hansı tədbirdən - iki ölkə rəhbərlərindən birinin o biri ölkəyə qonaq getməsindən, yoxsa ortaq təlimlərdən gedir - bunu o dəqiqləşdirməmişdi.
*****
“Yeni Müsavat” bu bəyanatın ölkədə parlament seçkiləri öncəsinə təsadüf etməsinə artıq diqqət yönəldib. Yəni açıqlamadan təbliğat “qoxusu” gəlir. Ən azı, ona görə ki, 8 may “məxməri inqilabı”ndan sonra Ermənistanın xarici siyasət kursu tam bilinmədiyi halda, Rusiya qərbyönlü Paşinyan hökumətinin mövqeyini gücləndirəcək addıma getməz.
Öz növbəsində azərbaycanlı hərbi ekspert Şair Ramaldanov qəzetimizə müsahibəsində erməni rəsmisinin söylədiyinə şübhə ilə yanaşaraq, bunu 9 dekabr parlament seçkiləri ilə bağlı daxili auditoriyaya ünvanlı bəyanat saydığını demişdi. Çünki onun sözlərinə görə, belə bir anlaşmanın olmasına dair ortada yetərli dəlil-sübut, sənəd yoxdur. Sitat: “Bu gün öz əsgərini yetərincə alt paltarları ilə belə, təmin edə bilməyən bir dövlətin bu təyyarələri almağa imkanı ola bilərmi? Belə bəyanatları biz onlardan çox eşitmişik. Deyirlər ki, təyyarələrin alınması ilə bağlı son mərhələdəyik. Amma açıqlanmır. Əgər məhsul varsa, pul verilir və o alınır. Kredit varsa, bu barədə də məlumat verilir. Bütün bunları nəzərə alsaq, çox da inandırıcı gəlmir”.
Xatırladaq ki, İrəvan 2010-cu ildən Rusiyadan bu müasir maşınları almağa çalışır. Lakin onun öz hərbi aviaparkını müasirləşdirmək üçün maliyyə resursu kasaddır. 2012-ci ildə tərəflər hətta anlaşma da imzalamışdı. Ancaq Su-30-lar İrəvana yenə gəlib çıxmadı.
O vaxtdan hərbi analitiklərə görə, Ermənistanın hərbi-hava qüvvələri yenilənmir. Azərbaycandan fərqli olaraq, işğalçı ölkənin aviasiya qırıcıları, ümumiyyətlə, yoxdur. Bakının öhdəsində isə nəinki MiQ-29-lar var, üstəlik, son illərdə Azərbaycan çoxlu sayda düşmənin “qorxulu röyası”olan pilotsuz uçan aparatlar əldə edib. Bunun hesabına döyüş aviasiyamız hərbi ekspertlərin də təsdiqlədiyi kimi, düşmən üzərində böyük üstünlüyə malikdir. Düzdür, MiQ-29 Ermənistan ərazisində də var - ancaq onlar Erebunidəki Rusiya aviabazasına məxsusdur...
*****
Rusiyalı hərbi ekspert Pavel Felqenqauer tam istisna eləmir ki, bu dəfə Rusiya İrəvana hansısa sayda təyyarə verə bilər. “Lakin istənilən halda, əgər hətta bu, baş versə, bu, kiçik həcmdə ola bilər. Çünki 100 milyona bu təyyarələrdən çox ala bilməzsən. Bu, hələ ondan asılı olacaq ki, satış Rusiya daxili qiymətə olacaq, yoxsa dünya bazarı qiymətinə. Yəqin ki, 4 ”BU" təyyarəsi olacaq ki, onlardan da ən azı, ikisi döyüş yox, təlim-döyüş təyyarəsi olacaq. Yəni nəzəri cəhətcə 4-6 təyyarə ola bilər".
“Yeni Müsavat”ın məlumatına görə, bu barədə o, “Moskva-Baku” portalına müsahibəsində deyib.
Lakin digər tanınmış rusiyalı ekspertlər bu mövzuda portala daha skeptik danışıblar. Məsələn, politoloq Aleksandr Perenciyevə görə, Tonoyan, yumşaq desək, şişirdir, Ermənistana heç bir döyüş təyyarəsi verilməyəcək.
“Tələsməyin. İrəvan bənzər bəyanatları əvvəllər də verib. Ortada yeni heç nə yoxdur. Bəzən Ermənistan öz arzusunu reallıq kimi qələmə verir. Erməni nazirin son açıqlamasını Moskvaya təzyiq eləmək cəhdi də adlandırmaq olar”, - deyə o qeyd edib.
“Ola bilsin, həm də Bakıya ünvanı hansısa psixoloji təsirli oyun gedir. Yəni ki, baxın, biz artıq yeni, müasir döyüş təyyarələri alırıq. Bunu həmçinin Rusiya-Azərbaycan əlaqələrində disbalans yaratmaq və iki ölkəni bir-birinə qarşı qoymağa hesablanmış cəhd də adlandırmaq olar” - politoloq ehtimalı edib və əlavə edib ki, həm təyyarələrin sayı, həm də onların verilmə forması üzrə informasiya dəqiq deyil.
Kremlə yaxın şəxslərdən olan politoloq Sergey Markov da Tonoyanın nikbinliyini bölüşmür. “Tonoyan arzusunu gerçək kimi qələmə verməyə çalışır. Fikrimcə, danışıqlar davam edir. Ancaq silahların birbaşa tədarükü hələlik dayandırılacaq, nədən ki, tamamilə aydındır ki, baş nazir əvəzi Nikol Paşinyan Rusiyaya münasibətdə getdikcə daha neqativ mövqe tutur”, - deyə Markov bildirib.
*****
Azərbaycan isə özünün üstün maliyyə imkanları hesabına ordusunun müasir silahlar, o cümlədən modern hava sistemləri ilə təchizatında şaxələnmə siyasətini uğurla davam etdirir. Belə ki, bir neçə gün öncə Fransanın da Azərbaycana hava hücumundan müdafiə sistemləri verəcəyi barədə məlumat yayılıb.
Bu arada isə Bakının ABŞ-la da hərbi-texniki sahədə əməkdaşlığı dərinləşdirməyə hazırlaşdığı məlum olub. Bu haqda müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan ABŞ müdafiə nazirinin müavininin müşaviri Laura Kuperin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü zamanı bildirib.
İki ölkə arasında hərbi əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan nazir Azərbaycanla ABŞ arasında hərbi əməkdaşlıq, o sırada hərbçilərimizin NATO proqramları çərçivəsində fəaliyyəti, sülhməramlılarımızın Alyansın Əfqanıstanda həyata keçirdiyi qeyri-döyüş missiyasında iştirakı haqqında ətraflı danışıb. Nazir bildirib ki, hər iki ölkə hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın daha da genişlənməsində maraqlıdır. Onu da qeyd edib ki, Amerikanın qabaqcıl hərbi təhsil müəssisələrində təhsil alan zabitlərimizin sayının artırılması qərara alınıb.
Regiondakı hərbi-siyasi vəziyyət barədə də qonağa məlumat verən müdafiə naziri Ermənistanın Cənubi Qafqazda sabitliyə təhlükə yaratdığını, beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymadan Azərbaycan torpaqlarını işğal altında saxladığını xüsusi vurğulayıb.
*****
Əlavə edək ki, az öncə Azərbaycanda və Ermənistanda səfərdə olan ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Bakı və İrəvanı “Rusiya silahlarından üstün olan ABŞ silahları almağa” çağırmışdı. İşğalçı Ermənistanın bahalı Amerika silahlarını almağa imkanı əlbəttə ki, yoxdur. Ermənistan, deyildiyi kimi, ən aşağı faiz kreditlə 100 milyon dollara Rusiyadan uzağı, 1-2 işlənmiş təlim təyyarəsi ala bilər...(müsavat)