Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Astanada toplanan liderləri KTMT-nin yeni baş katibinin təyinatı məsələsində razılığa gələ bilmədilər. Təşkilatın baş katibin müavini olan belaruslu Valeri Semerkov müvəqqəti baş katib vəzifəsini icra edəcək.
Yenixeber.org: Rusiya prezidentinin mətbuat katibi Dmitr Peskov bildirib ki, yeni baş katib dekabrın 6-da dövlət başçıları tərəfindən Sankt-Peterburqda müəyyən ediləcək. Bu, təşkilatın hazırkı sədri Ermənistana ağır zərbə sayıla bilər. Məsələ ondadır ki, noyabrın 2-də baş katib vəzifəsindən vaxtından əvvəl azad edilən erməni general Yuri Xaçaturov iki gün əvvəl Ermənistana qayıdıb.
Ermənistanda Nikol Paşinyan hakimiyyətə gələndən sonra “1 mart” işi üzrə açılan cinayət işinə Y. Xaçaturov da cəlb edilib. Xaçaturov 5 milyon dram girov qarşılığında azad ediləndən sonra vəzifəsini davam etdirmək üçün Moskvaya qayıdıb. Lakin İrəvan onun dəyişdirilməsini istəyib. Bundan sonra Xaçaturov vəzifəsindən azad edilib.
Publika.az xəbər verir ki, erməni siyasi şərhçi Sarkis Artsruni Astanada KTMT-nin baş katibi seçilməməsinin səbəbi kimi faktiki olaraq, təşkilat üzvləri arasında razılığın olmamasını göstərir.
Onun sözlərinə görə, təşkilatda ziddiyyətlərin çox olduğuna Qazaxıstan prezidenti Nursultan Nazarbayev də bəyanatında işarə vurmuş oldu.
“Ermənistan nümayəndəsi Xaçaturov bizdə baş katib idi, ancaq o, geri çağırıldı. Mən səbəbi barədə danışmaq istəmirəm, bu, Ermənistanın daxili işidir. Qaydaya görə, baş katiblik rotasiya qaydasında, əlifba sırası ilədir və Ermənistandan sonra Belarus gəlir. Əlbəttə, Ermənistan vaxtın uzadılmasını istədi. Ancaq bütün dövlət başçıları dedilər ki, cəmi bir il qalır (Ermənistanın KTMT-dəki baş katib yerinin başa çatması nəzərdə tutulur – red.), yeni nümayəndə hətta bu il ərzində ölkələri gəzib-görə bilməyəcək, ona görə də normal fəaliyyət göstərəcək baş katib Belarus tərəfdən olmalıdır”, - Artsruni Nazarbayevin fikirlərini qeyd edib.
Onun sözlərinə görə, Qazaxıstanın lideri diplomatik yolla çatdırır ki, yeni baş katib məhz Belarusu təmsil etməlidir və Ermənistanın yeni nümayəndəsinin seçimi məsələsi bağlanmışdır.
“Belə hadisələrin gedişatı tamamilə əvvəlcədən gözlənilən idi. Görünürdü ki, ən azı Qazaxıstan və Belarus Ermənistan tərəfindən təklif edilmiş istənilən namizədə qarşı çıxacaq. Hətta bu, Rusiyanın hərbi-siyasi dairələrində qəbul edilən keçmiş müdafiə naziri Vaqarşak Artünyan olsa belə. Ağlasığmaz hesab edilir ki, iki ay ərzində Minsk və Astana öz mövqeyini təkrar gözdən keçirəcək, hər halda, bunun üçün diplomatik ilkin şərtlər yoxdur. İrəvanın mövqeyi, yumşaq desək, Moskva tərəfindən dəstəklənmir”, - erməni şərhçi yazıb.
O qeyd edib ki, KTMT-nin yeni baş katibinin seçilməsi ətrafında yaranmış böhran Moskvaya imkan verir ki, Moskva yalnız KTMT üzvləri ilə deyil, hətta Azərbaycanla çoxsəviyyəli səhnəarxası danışıqlar aparsın.
“Yeri gəlmişkən, bir az əvvəl Rusiyanın “Kommersant” nəşri diqqətəlayiq informasiyanı yaydı. Nəşrin Astana sammitinin hazırlığında iştirak edən həmsöhbətləri bildirdilər ki, KTMT-də Azərbaycan Prezidenti İlham Əliyevi sammitə dəvət etmək fikri müzakirə edilirdi. Xüsusi halda, Qazaxıstan prezidenti Nursultan Nazarbayev belə ideya ilə çıxış etdi və bəzi liderlər, həmçinin Belarus prezidenti Aleksandr Lukaşenko onu dəstəklədi”, - deyə, erməni şərhçi KTMT-nin Astana sammitinin İrəvan üçün fiasko ilə nəticələndiyini vurğulayıb.(publika)