Azərbaycan 5 günlük hərbi təlimlərə başladı - əsas hədəf
Hərbi ekspert: “Azərbaycan bu təlimləri çox rahat bir şəkildə real döyüş əməliyyatlarına keçirə bilər”
Yenixeber.org: Sentyabrın 17-dən Azərbaycan ordusunun növbəti genişmiqyaslı təlimləri başlayıb. Sentyabrın 22-dək davam edəcək təlimlərə 20 mindən artıq şəxsi heyət, 200-dən çox tank və digər zirehli texnika, 120-dən çox müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 10-dək qırıcı və bombardumançı, 20-dək müxtəlif təyinatlı ordu aviasiyası cəlb edilib.
Bakının erməni-daşnak işğalından azad edilməsinin yüz illiyi münasibətilə 15 sentyabrda keçirilən möhtəşəm hərbi paradın ardından hərbi təlimlərə start verilməsi diqqət çəkir. Bunun müharibə hazırlığı olduğu haqda fikirlər var.
Hərbi ekspert Üzeyir Cəfərov “Yeni Müsavat”a bildirdi ki, belə təlimlər birdən-birə keçirilmir: “Bu təlimlər ötən ilin sonlarında planlaşdırılmışdı. Sadəcə, bu il ərzində keçirilən iki paraddan biri hərbi təlimlərlə üst-üstə düşdü. Bu qədər şəxsi heyəti, hərbi texnikanı qısa müddətdə bir araya gətirmək elə də asan məsələ deyil. Bu baxımdan belə təlimlər əvvəlcədən müəyyən edilir və hazırlıqlar görülür. Burada hansısa fors-major hadisədən danışmağa dəyməz. Amma sirr deyil ki, bu təlimlərin hər birinin məqsədi işğal altında olan ərazilərin düşməndən azad edilməsidir. Bunu Müdafiə Nazirliyi də açıq şəkildə etiraf edir. Əməliyyat-taktiki təlimlər əsasən bu məqsədlə keçirilir. Əvvəlki təlimlərdə konkret ad, istiqamət göstərmirdik. Amma bu dəfə Müdafiə Nazirliyi konkret olaraq göstərir ki, bu təlimlərdə əsas məqsəd düşmən müdafiəsinin tanklar vasitəsilə müxtəlif istiqamətlərdən yarılmasıdır, yəni sırf Qarabağla bağlı təlimlərdir. Demək olar, bu təlim ərazilərimizin azad edilməsi üçün son məşqlərdən biridir. Belə təlimlər indiyə qədər az keçirilməyib. Amma budəfəki təlimdə iştirak edən şəxsi heyət, texnikalar və digər vasitələr göstərir ki, bu, hərbi oyundur. Lakin istənilən halda heç kəs deyə bilməz ki, bu, real döyüş əməliyyatlarına keçməyəcək. Ola bilsin, beş günlük təlimlərin müəyyən mərhələsində konkret Ali Baş Komandan, yaxud müdafiə naziri tərəfindən qərar qəbul olunsun, yəni bu, təlimlər deyil, ərazilərimizin azad edilməsi əməliyyatı olsun. Subyektiv olsa da, mən bu məsələyə, açığı, bir qədər fərqli yanaşıram. Azərbaycan hələ ki danışıqlar prosesinə daha çox üstünlük verir. Bu danışıqlar prosesi də düşüncəmə görə, mənasızdır. ATƏT-in Minsk Qrupunun həmsədrləri Paşinyanın sonuncu dəfə Qarabağla bağlı səsləndirdiyi fikirlərə vicdansızcasına susqunluq nümayiş etdirdilər. Heç səsləri də çıxmadı. Əslində reaksiya vermək onların birbaşa vəzifə borcları idi. Amma bunu etmədilər. Azərbaycan bu təlimləri çox rahat bir şəkildə real döyüş əməliyyatlarına keçirə bilər. Bu zaman həmsədrlər hansısa bir narazılıqlarını bildirsələr, Azərbaycanın onlardan çəkinəcəyi bir şey ola bilməz. Çünki onların deməyə sözləri olmayacaq. Azərbaycan konkret olaraq beynəlxalq qurumlara bəyan edə bilər ki, ərazilərimizi işğal etmək arzusunda olan bir dövlətə qarşı necə davranmalıyıq? Bu nöqteyi-nəzərdən düşünürəm ki, indiki təlimlərin əhəmiyyəti olduqca böyükdür. Hər birimiz onu arzulayırıq ki, tez bir zamanda bu məsələ öz müsbət həllini tapsın. Biz bu məsələni beynəlxalq güclərin öhdəsinə buraxdıqca məsələnin həlli daha da uzanır”.
Ekspertə görə, belə təlimlərin siyasi əhəmiyyəti də olduqca böyükdür: “Əvvəla, bir ölkə il ərzində bir parad keçirir. Amma Azərbaycan iki möhtəşəm parad keçirdi və xüsusilə ikinci paradda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirakı düşmən ölkəyə və onun havadarlarına bir mesaj oldu. Nəzərə alsaq ki, Türkiyə və Rusiya prezidentləri Soçidə görüşdülər. Düşünmürəm ki, yaxın günlərdə aktiv döyüş əməliyyatlarına başlansın. Hərçənd düşmənin bir neçə təxribatı olub. Ermənistan-Azərbaycan sərhədində düşmənlərimiz təxribata əl atsalar da, hərbi qüvvələrimiz çox layiqli bir şəkildə onları cəzalandırıblar. Onlar ağır bir zərbə alıblar. Bu zərbənin içərisində düşmənin mövqe itkiləri var. Son baş verənlər düşmənə bir xəbərdarlıqdır ki, əgər bundan sonra təxribatlara davam etsələr, Azərbaycan tərəfinin başqa çıxış yolu qalmayacaq. Belə olan təqdirdə isə bütün Qarabağ istiqamətində əməliyyatlara başlama əmri verilə bilər”.