YAP 15 İLLİK ƏNƏNƏNƏNİ NİYƏ POZDU? -Fevralın 5-də AHİK də İlham Əliyevin namizədliyini irəli sürəcək
Yenixeber.org: Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini – icra katibi Əli Əhmədov 2018-ci il prezident seçkilərində partiyanın namizədinin indiki dövlət başçısı İlham Əliyev olacağını açıqlayıb. Ə.Əhmədov qeyd edib ki, 2018-ci il prezident seçkiləri ilidir və YAP gəncləri Prezident İlham Əliyevin seçkilərdə qələbə qazanmasına öz töhfələrini verəcəklər:
“Güman edirəm ki, ölkəmizin siyasi həyatının başlıca hadisəsinin Yeni Azərbaycan Partiyasının namizədi üçün, Prezident İlham Əliyev üçün uğurlu olmasına, cənab Prezidentin qələbəyə nail olmasına YAP gəncləri öz töhfələrini verə biləcəklər”.
Əlbəttə, YAP-ın 2018-ci il prezident seçkilərində yenidən İlham Əliyevin namizədliyini verəcəyi gözlənilən idi. Ancaq razılaşaq ki, bu qərarın Əli Əhmədov tərəfindən məhz indi elan edilməsi bir qədər gözlənilməz oldu. Çünki hər bir siyasi təşkilat kimi, YAP da öz namizədinin adını adətən partiya tərəfindən təşkil olunan önəmli və kütləvi tədbirlərdə (partiyanın qurultayında, konfranslarda və sair) açıqlayardı. Bunun ardınca isə güclü təbliğat kampaniyasına start verilərdi.
Bəzi müstəqil siyasi müşahidəçilər bu dəfə YAP icra katibinin önə düşməsini namizədin kim olacağı ilə bağlı hakimiyyət daxilindəki ziyanlı müzakirələrə, qeyri-müəyyənliyə son qoymaq, həm hakim komandaya, həm də Azərbaycanda maraqları olan xarici dairələrə mövcud siyasi xəttin İlham Əliyevlə davam etdiriləcəyi mesajını vermək zərurəti ilə bağlayırlar. Bu istiqamatdə növbəti addım isə fevralın 5-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) V qurultayında atılacaq.
“AzPolitika.info”ya verilən məlumata görə, AHİK-in qurultayında qarşıdan gələn prezident seçkilərində İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə qərar qəbul olunacaq. Yəni istənilən halda ən geci fevralın 5-də hakimiyyətin öz namizədini dəyişməyəcəyi, növbəti seçkilərə də İlham Əliyevlə qatılacağı elan olunacaqdı. Görünür ki, YAP-ın icra katibi 15 illik ənənənəni pozaraq, AHİK-in qurultayından əvvəl bu qərarı elan etməklə, indiki həssas dönəmdə YAP-ın önəmini nümayiş etdirmək, eyni zamanda bu məsələdə arxa planda qalmaq istəmədiklərini göstərmək istəyib. Ən əsası isə, bu bir mesajdır ki, namizədlik məsələsində məhz YAP-ın mövqeyi həlledici faktordur…
Qeyd edək ki, hakimiyyətin namizədinin ilk dəfə AHİK qurultaylarında elan olunması bir növ ənənəyə çevrilib. Həm 2003, həm 2008, həm də 2013-cü il prezident seçkilərində İlham Əliyevin prezidentliyə namizədliyi ilk olaraq AHİK-in fevralın 5-də keçirilən qurultaylarında irəli sürülmüşdü. AHİK sədri Səttar Mehbalıyev bununla bağlı 2013-cü il qurultayında deyirdi: “Biz 2003-cü ildə də, 2008-ci ildə də ölkədə İLK DƏFƏ OLARAQ bu addımı atmışdıq, indi də sözümüzün arxasındayıq!“.
YAP isə bundan xeyli sonra – 7 iyun 2013-cü ildə, partiyanın V Qurultayında prezident seçkilərində İlham Əliyevin namizədliyini rəsmən irəli sürdüyünü bəyan etmişdi. Görünür bu dəfə YAP heç kimdən geri qalmaq istəməyib və bu səbəbdən də Əli Əhmədov İlham Əliyevin namizədliyini AHİK qurultayından əvvəl elan etdi.
Murad Məmmədov