Təşkilat təmsilçiləri yaxın planlarını açıqladılar
Yenixeber.org: Payızın sonuncu ayıdır. Payızın ilk iki ayında Milli Şuranın keçirdiyi üç mitinqi və Müsavat Partiyasının ötən həftə keçirdiyi razılaşdırılmamış piketi çıxsaq ölkədə müxalif siyasi partiyaların hər hansı bir ciddi hərəkətliliyi müşahidə olunmayıb. Son bir neçə ildir yaşanan süstlük davam edir. İlin son iki ayında necə olacağı, partiyaların gündəmində, planında nələrin nəzərdə tutulduğunu araşdırdıq.
KXCP sədrinin müavini, Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin üzvü Xəzər Teyyublu bildirdi ki, KXCP keçən ayın 16-da özünün növbəti qurultayına getmək haqda qərar qəbul edib. Qurultaya Hazırlıq üzrə Təşkilat komitəsi yaranıb. Hazırda qurultaya hazırlıq işləri gedir: “Rayon təşkilatlarında konfransların keçirilməsi nəzərdə tutulur. Rayon şöbələrində hesabat seçki konfranslarının keçirilməsinə dair müvafiq sənədlər yerlərə göndərilib yekunlaşmaqdadır. Həm də partiya qərarı ilə 2018-ci il Xalq Cümhuriyyəti ili elan edilib. Bu istiqamətdə də bir çox tədbirlərin də keçirilməsi nəzərdə tutulur. Noyabrın 17-də Milli Dirçəliş Günü Elçibəyin məzarını ziyarət tədbirimiz olacaq”.
VİP sədri Əli Əliyev bildirdi ki, partiyadaxili işləri seçkilərə hesablanıb. Seçkiyə qədər olan dövrdə əsas vəzifə seçkidən törəyən işləri sistemləşdirmək, onlara hazırlaşmaqdır: “Təbii ki, cari məsələlər də diqqətimizdədir. Seçkini şərtləndirən amillər bizim iradəmizdən kənarda baş verir. Azərbaycan yeni və çox məsuliyyətli mərhələyə qədəm qoyub. Avropa Şurası ilə münasibətlərdə ciddi gərginlik yaşanır. Bu ay prezident Əliyevin Avropa Birliyi ilə əməkdaşlıq çərçivəsində Brüsselə səfəri baş tutacaq. Faktiki Azərbaycan-AB münasibətlərinin müqəddəratına aydınlıq gəlməlidir. Azərbaycan-Qərb münasibətlərində gərginlik var. Ölkə daxilində artan hərarət hər addımda nəzərə çarpır. Bu və digər bir sıra məqamlar ciddi faktorlardır. Azərbaycan Qərbin güzəştsiz mövqeyində əmin olsa, Moskva ilə geridönməz yaxınlaşma qərarı verə bilər. Ona görə də bu ehtimallar gündəlik siyasi fəaliyyətimizi proqnoz edilməyən hala gətirir. Bu səbəbdən cari fəaliyyət, planlı fəaliyyətdən az əhəmiyyət daşımır. Aksiyalar məsələsinə münasibətimiz bir qədər fərqlidir. Bizə görə aksiyalar lazım olsa da, biz hələ onları həlledici vüsətdə görmürük. Cəmiyyət siyasi gözləntilərdən xeyli geri qalır. Hakimiyyət bu fərqi böyütməyə çalışır. Bu yolda aqressivliyin artacağını hesablayırıq. Eyni zamanda hesab edirik ki, proseslərin təcil alması qaçılmazdır. Gücümüzün o dövrə qədər qorunmasını düzgün sayırıq. Əgər milli suverenliyimizə və dövlətə təhlükə mahiyyəti kəsb edən hadisələr ortaya çıxsa, təbii ki, dərhal aksiyalara qərar veriləcək”.
ADP sədrinin birinci müavini Həsrət Rüstəmov isə bildirdi ki, partiyanın İdarə Heyətinin hər həftə keçirilən iclasları qarşıdakı dövrdə də davam edəcək. Rayon təşkilatları ilə əlaqələrin artırılması və digər təşkilati işlərin həyata keçirilməsi işi davam etdiriləcək. Partiyanın ayrıca mitinq keçirmək qərarı isə yoxdur.
AMİP katibi Əli Orucov isə bildirdi ki, partiyanın hər ilin əvvəlində illik fəaliyyət proqramı və iş planı Siyasi Şuranın müzakirəsinə çıxarılır və təsdiq edilir. Eyni zamanda hər ay Partiyanın mərkəzi aparatının və katibliyin iş planı təsdiqlənir. İlin sonları üçün də əsas diqqət yerli strukturların daha da möhkəmləndirilməsi, qadınlar və gənclər təşkilatının fəaliyyətinin artırılması və təşkilatlanma məsələlərinə yönəldilib: “Bildiyiniz kimi, qarşıda prezident seçkiləri gəlir. Bununla paralel bir sıra tədbirlər keçirmək nəzərdə tutulub. AMİP-in qarşıdakı iki ay üçün gündəmində siyasi aksiyalar yoxdur və bununla bağlı partiyanın seçkili qurumlarında müzakirələr aparılmayıb”.
Ümid Partiyası sədrinin müavini Tamilla Qulami də bildirdi ki, ümumiyyətlə partiya olaraq əsas iş təşkilatlanmadan ibarətdir: “Sevindirici haldır ki, son zamanlarda sıralarımıza yeni gənclərin qatılması prosesi artıb. Həftəiçi müavinlərlə toplantılarımız baş tutur, yol xəritəmiz, fəaliyyət planımız müzakirə olunur, qurultaya hazırlıq işləri sürətləndirilir. Yeni qatılan gənclərlə işləyirik. Onların siyasi proseslərdə aktiv fəaliyyətləri, hər birində liderlik keyfiyyətlərinin formalaşdırılması, siyasi fəal olmaları üçün partiya sədri və müavinlərlə görüşlər təyin edir, mühazirələr keçirik. Gənclərimizi xərcləməmək əsas məqsədlərimizdən biridir. Partiyamızın bundan sonrakı fəaliyyətində də tutduğumuz siyasi xətti yürütməkdə davam etmək əsas məqsədlərimizdir. Ölkədəki ictimai-siyasi prosesləri hər gün dəyərləndiririk. İlin son iki ayı ərzində də istiqamətimiz qurultaya hazırlıq yönündədir. Partiyanın gündəmində mitinq keçirmək yoxdur”.
AĞ Partiyanın sədr müavini Əhəd Məmmədli isə qeyd etdi ki, AĞ Partiya təşkilatlanma, təbliğat işləri və gələn il keçiriləcək prezident seçkilərinə hazırlıq istiqamətində başlatdığı işləri qarşıdakı dönəmdə də davam etdirəcək: “AĞ Partiyanın 2018-ci ildə prezident seçkilərində öz namizədi olacaq və bu namizəd partiyanın başqanı Tural Abbaslı olacaq. Siyahılar hazırlanır. Üzvlər, rayonlar arasında imza toplamaq üçün bölgülər aparılır. Bundan əlavə AĞ Partiyanın elektoral bazası qurulmaqdadır. Bildiyiniz kimi AĞ Partiya ənənələrə söykənən bir ideoloji partiyadır. Və ölkəmizin əsas təbəqəsi olan mühafizəkar əhali arasında AĞ Partiyanın təbliğatı gedir. Bu prosesin prezident seçkilərinə qədər tamamlanmasını hədəfləmişik. Üstəlik AĞ Partiyanın xarici əlaqələri də qurulmaqdadır. AĞ Partiyanın rəhbər heyətinin xaricə səfəri də gözlənilir”.
Etibar SEYİDAĞA